“Gözləmə mövqeyindən çəkilib, həmsədrlərə tələblər qoymalıyıq” - Sərt ritorika ! 

“Əhəmiyyətsiz danışıqlarda iştirak etmək fikrimiz yoxdur”

“Odur ki, Minsk Qrupunun bizə qarşı münasibətinin dəyişməsi labüddür”


Dünən dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Prezident nitqində bir sıra vacib məsələlərə toxunmaqla yanaşı, həm də ATƏT Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən danışıb. Ölkə rəhbəri bildirib ki, Azərbaycan ATƏT-in Minsk Qrupundan başqa, daha konkret addımlar gözləyir

Prezident Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır”  iddiasının əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst etdiyini, əhəmiyyətsizləşdirdiyini vurğulayıb. ATƏT Minsk Qrupunun bu ifadəyə səssiz qalması isə haqsızlıqdır. 

 Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili  Səməd Seyidov bununla bağlı “Sherg.az”a danışarkən söyləyib ki,  Minsk qrupunun bizə qarşı münasibətinin dəyişməsi labüddür:

“Dövlət başçısı çıxışında çox vacib məqamlara toxundu, əhəmiyyətli mesajlar verdi. Eyni zamanda dünyada gedən proseslərdən və onların ölkəmizə təsirindən  söz açdı. Bu çıxışı səciyyələndirən əsas məqam isə tamamilə yeni yanaşmaydı. Düzdür, cənab İlham Əliyevin də dediyi kimi, biz konstruktiv mövqeyimizdən əl çəkmirik. Amma eyni zamanda əhəmiyyətsiz danışıqlarda daha iştirak etmək fikrimiz yoxdur. Odur ki, Minsk Qrupu hər hansı bir reaksiya göstərməlidir. Onun mövqeyi mövqesizliyindən irəli gəlir. Lakin vəziyyət dəyişməlidir. Ya sözügedən qurum iş prinsipini, formatını dəyişməli, ya da daxilində ciddi islahatlar aparılmalıdır”. 
 S. Seyidovun fikrincə, münasibətlərin dəyişilməsi artıq şərtdir: 
“Dağlıq Qarabağ 30 ildir, işğal altındadır. Bu səbəbdən də orada və ətrafdakı yeddi rayonda erməniləşmə prosesi gedir. Biz buna imkan verməməliyik. Yəni gözləmə mövqeyindən çəkilməli və Minsk qrupu qarşısında obyektiv, beynəlxalq tələblərə söykənən tələblər qoymalıyıq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu