“Dövlət üzərinə düşəni edir, vətəndaşlar da...” - Baş yazar

“...Müəyyənləşdirilmiş qaydalara tam riayət etməlidir”

“Özümüzü, sevdiklərimizi qorumaq üçün karantin qaydalarına uymalıyıq”



Dünən dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Prezident çıxışında bir sıra vacib məsələlərə toxunub. Həmçinin  mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən  qaydaların hər kəs üçün əsas olduğu vurğulayıb.

Ölkə lideri bildirib ki, pandemiyanın ilk dövrlərindən indiyə qədər dövlət bütün lazımi addımları atıb: “Statistikanın artan temp üzrə davam etməsinin əsas səbəbi və təqsirkarı isə məsuliyyətsiz vətəndaşlardır. Ona görə də bəzi hallarda karantin qaydalarını sərtləşdirmək zəruri olur”. 

 Məsələ ilə bağlı “Sherg.az”a danışan “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova qanunun aliliyinin hər kəs üçün keçərli olduğunu söyləyib:

“Bu gün Azərbaycan dövləti koronavirus təhlükəsinin qarşısının alınması üçün üzərinə düşən bütün vəzifələri icra edir. Dövlətin, demək olar, bütün resursları məhz bu işə cəlb edilib.  Ölkədə sərt karantin rejimi hökm sürür. Dövlət başçısı səviyyəsində dəfələrlə bütün vətəndaşların bu qaydalara əməl etməsinin vacibliyi vurğulanıb və ən ali səviyyədə çağırışlar edilib. Lakin bəzi hallarda müəyyən vətəndaşlar tərəfindən biz bunun əksinin şahidi oluruq. İnsanlar özlərinin, yaxınlarının və ətrafındakı vətəndaşların sağlamlıqlarını risk altında qoyaraq ən adi qaydalara belə riayət etmirlər.

Belə halların qarşısının alınması üçün ən sərt cəza tədbirləri qəbul edilib. İctimaiyyət arasında tanınmış, sosial əhatəsi geniş olan şəxslərin bu qaydaları pozması hallarına da rast gəlinir. O zaman ictimai qınaq daha böyük olur. Lakin qaydaları pozanlar bir məqamı unudurlar ki, qanunlar və qadağalar hamı üçün eynidir. Heç kim qanundan üstün deyil”.

S.Seyidova insanları dövlət başçısından nümunə götürməyə çağırdı:

“Prezident özü belə,  maskadan istifadə edərək digər vətəndaşlara örnək olur. Belə vəziyyətdə hər bir vətəndaş müəyyənləşdirilmiş qaydalara tam riayət etməlidir. Hətta son həftələrdə onlarca jurnalist həmkarımızın koranavirus pandemiyasına yoluxduğunun şahidi olduq. Artıq cəmiyyətimizin bütün təbəqələrindən pandemiyanın yoluxma əhatəsinə düşən insanlara rast gəlirik.  Bu, heç kimin xəstəlikdən sığortalanmadığı deməkdir. Unutmamalıyıq ki, koronavirus pandemiyası tək Azərbaycanda yox, bütün dünyada yayılıb. Sərt karantin rejimləri hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə tətbiq edilir. Ona görə də, bu məsələdə vətəndaş məsuliyyəti anlayışı ortaya çıxır. Özümüzü, sevdiklərimizi qorumaq üçün karantin qaydalarına əməl etməliyik. Qapalı məkanlarda, ictimai nəqliyyatda maska taxmalı, sosial məsafə gözləməli, dezinfeksiyaedici vasitələrdən istifadə etməliyik.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu