“Çin-Hindistan savaşı dünya üçün son müharibə ola bilər” - Nüvə silahları “danışacaq” !

Hindistan hakimiyyəti yaxın vaxtlarda Rusiyadan 800 milyon dollar dəyərində silah alacaq. Hindistan tərəfinin Rusiyadan növbəti dəfə iri həcmdə silah almasına səbəb kimi Çinlə münasibətlərdə gərginlik göstərilib.
Hindistanın Rusiyadan tanklar, təyyarələr, hərbi gəmi və sualtı qayıqlar üçün döyüş sursatları, həmçinin, ehtiyat hissələri alması gözlənilir. Bununla yanaşı, sifarişə artilleriya qurğuları, atıcı silahlar, minaatanlar, minalar və ağıllı bombalar da daxil olacaq.

Hindistanın atdığı addıma dair fikirlərini “Sherg.az”la bölüşən politoloq Natiq Miri bildirib ki, Hindistanın Rusiyadan silah almağa hazırlaşması yeni hadisə deyil. 
Analitikin sözlərinə görə, Türkiyədən sonra Hindistan da Rusiyadan hava müdafiə sistemləri almağa çalışır. Bununla bağlı maliyyə məsələsi də razılaşdırılıb:



“Amma bu məsələ hələ reallaşmayıb. Çünki bu gün ABŞ Rusiyadan silah alan bütün ölkələri müəyyən sanksiyalarla təhdid edir. Türkiyə də bütün mənalarda hərbi-siyasi və iqtisadi yöndə təzyiqlərlə məruz qaldı. Amma Türkiyə Rusiyadan kompleksləri aldı. Hindistanın sözünün üstündə durub-durmayacağı hələlik bəlli deyil. Hindistan bu gün təkcə Çinlə deyil, eyni zamanda Pakistanla da münaqişə vəziyyətindədir. Məsələ konkret ərazilərlə bağlıdır”. 

Politoloq vurğulayıb ki, Hindistan hər zaman müharibə vəziyyətində olan bir ölkədir. Ona görə də digər ölkələrə çaşdırıcı olsun deyə müasir silahları almaqda maraqlıdır:

“Hazırda əksər ölkədə-ABŞ, Rusiya, Çin, Hindistan və Pakistanda nüvə silahları var. Bu nüvə silahları hansısa ölkəni vurmaq üçün hazırlanmayıb. Nüvə silahları daha çox digər ölkələri çaşdırmaq üçün təhlükəsizlik obyekti olaraq düşünülür. Rusiyadan alınan silahlar da  təkcə müharibə üçün deyil, Çin, Pakistan və  Hindistanın özünə düşmən saydığı digər ölkələr üçün bir növ təhlükəli dövlət görüntüsü yaratmaq xatirinə edilir”. 

N.Mirinin qənaətincı, indiki vəziyyətdə Rusiyadan alınan silahlardan sonra Hindistanın hərbi cəhətdən güclənərək Çin kimi qüdrətli bir ölkə ilə müharibə aparacağı inandırıcı deyil:

“Çünki bu cür nüvə silahına malik olan ölkələr arasında baş verə biləcək müharibə iki dövlət arasında deyil, həm də dünya üçün son müharibə ola bilər. Çin və Hindistan nüvə silahına malikdir. Bu ölkələrin malik olduğu nüvə silahı yer kürəsini tamamilə öz  oxundan çıxara biləcək səviyyədədir. Ona görə də Rusiyadan hətta ən müasir hava müdafiə və yaxud hücum xarakterli raket sistemləri alınacaqsa, bunlar yalnız digər ölkələr üçün çaşdırıcı məqsəd daşıyacaq. Yaxın perspektivdə ciddi mənada iki nüvə ölkəsi arasında hansısa müharibəni gözləmirəm. Bu təkcə  həmin ölkələrin iradəsindən asılı olan məsələ deyil. Digər böyük nüvə silahına malik qlobal ölkələr də müharibəyə imkan verməz. Çünki yer kürəsinin gələcək taleyi ilə bağlı yalnız Çin və Hindistan qərar verə bilməz. Bunun üçün böyük qlobal güc mərkəzləri var. Bu baxımdan Hindistan Çini qorxutmaq və çaşdırmaq üçün belə addım atır. Təbii ki, Hindistan Çindən hərbi cəhətdən daha güclü və qüdrətli olmaq xatirinə də bunu edir. Yoxsa düşünmürəm ki, Hindistan milyonlarla pulu havayı yerə Rusiyaya xərcləsin”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu