Özbaşınalıq ! - “Bahalı villalara sayğacsız su verilir !” - Qarşısı alınmalıdır !

“Belə obyektlər ağlagəlməz miqdarda su israf edir və bunun üçün çox az pul ödəyirlər”

“Azərbaycan içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Dünyada su böhranı başlasa, ağır vəziyyətə düşəcəyik”



Son zamanlar iqlim dəyişmələri ilə bağlı bütün dünyada, eləcə də Azərbaycanda yağıntıların miqdarının azalması su qıtlığına səbəb olub. Mingəçevir su anbarında suyun səviyyəsi yarıbayarı azalıb. Hazırda, Bakının Əhmədli, Günəşli qəsəbələrində, Xırdalan, Sumqayıt şəhərlərində və s. bu kimi ərazilərdə ciddi su qıtlığı yaşanır və əhali əziyyət çəkir. Sadəcə içməli suyun deyil, suvarma sularının da azalması müşahidə edilir. Ekspertlər isə vurğulayırlar ki, Azərbaycanın su ehtiyatlarının 70 faizi xarici mənbələrdən formalaşır.

Su ehtiyatlarının cəmi 30 faizi Azərbaycanın özündədir. Onların firkincə, əvvəllər ölkədə su qıtlığı müşahidə edilməyib, belə problemlər son illər üzə çıxıb. Problemi ortaya çıxaran başlıca amil qlobal istiləşmə olsa da, insanların çoxalması və sudan səmərəli istifadə edilməməsi su qıtlığının əsas səbəbləri sırasındadır. Su israfının aradan qaldırılması ilə yanaşı, alternativ su mənbələrinin tapılması zərurəti yaranır.

Alternativ su mənbələri ilə bağlı ekspertlər müxtəlif versiyalar səsləndirirlər. Xəzərin duzlu suyunun təmizlənməsi, suya qənaət edən müasir texnologiyaların tətbiqi, yeraltı suların məişətdə istifadəsi və s. variantlar gündəmə gətirilir. Əlavə olaraq şirin sulu Volqa çayının Xəzərə tökülən hissəsindən istifadə olunması təklif olunur. 

Ciddi su problemini “Sherg.az”a təhlil edən “Ekoloq Jurnalistlər” Birliyinin sədr müavini Elçin Bayramlı düşünür ki, su qıtlığı problemi əhalinin su israfı ilə bağlı deyil. Onun fikrincə, içməli suyu israf edənlər müəssisələr və yaşıllıq təsərrüfatlarıdır:



 “Əhali lazım olan qədər su işlərdir. Heç kim böyük məbləğdə su pulu ödəmək istəməz. Problem içməli su mənbələrinin effektiv idarə olunmaması və alternativ mənbələrin tapılmamasıdır. Əlbəttə, Kür çayının quruması problemin əsas səbəblərindən biridir. Buna səbəb Türkiyənin Kürün mənbəyində su anbarı tikərək çayın suyunu ora yönəltməsi ilə bağlıdır.

Lakin, Kürdə suyun kəskin azalmasının tək səbəbi bu deyil. Digər problem Kürə axan kiçik çayların quruması və çay yatağına yaxın təsərrüfatlar və müəssisələr tərəfindən amansızcasına istismarı ilə bağlıdır. Problemdən çıxış yollarını dəfələrlə göstərmişik. Volqadan su gətirtrmək kimi utopik layihələr əvəzinə, real tədbirlər görülsə, daha yaxşı olar”. 

E.Bayramlı vurğulayıb ki, xüsusi şirkətlərə, müəssiələrə, iri təsərrüfatlara, bahalı villalara çox vaxt sayğacsız verilən limitsiz su biabırçılığının qarşısı alınmalıdır: 

“Belə obyektlər ağlagəlməz miqdarda su israf edir və bunun üçün çox az pul ödəyirlər. Xəzər sahilində su şirinləşdirici zavodlar tikilməli və onların duzsuzlaşdırılmış suları yaşıllıqların suvarılmasına, dəhşətli su israf edən broyler fabriklərinin texniki istifadəsinə yönəldilməlidir. Bütün mümkün zonalarda xeyli sayda artezian quyuları qazılmalıdır.

Bu yolla həm əhali, həm də təsərrüfatlar daimi su əldə edər, aqrar sektor inkişaf edər. Ölkədə ekoloji terrorun qarşısı alınmalı, quruyan kiçik çayların, göllərin, bulaqların quruma səbəbləri araşdırılmalıdır.

Ümumiyyətlə, başa düşməliyik ki, Azərbaycan əhaliyə nisbətdə içməli su ehtiyatının çox az olduğu ölkələrdəndir. Əgər dünyada su böhranı başlasa, çox ağır vəziyyətə düşəcəyik. Su strateji təhlükəsizlik problemidir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu