"Təcili yardım həddən artıq yüklənib"

"Vətəndaşların ərazi üzrə poliklinikalara, indi isə ərazi tibb məntəqələrinə müraciəti artıq təmin ediləcək"



COVİD-19-la mübarizə məqsədilə Bakı Baş Səhiyyə İdarəsinin tabeliyindəki 87 tibb müəssisəsini əhatə edən 39 ərazi tibb məntəqəsi yaradılıb. Bu haqda məlumat verən BBSİ-nin rəisi Nelli Veysova bildirib ki, yaradılmış tibb məntəqələrinin əsas öhdəliyi COVID-19 virusuna yoluxmuş, lakin xəstəliyi simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müayinə və müalicəsini təmin etməkdir.

Baş Səhiyyə İdarəsinin rəisi qeyd edib ki, son həftə ərzində COVİD-19 virusunun müayinə və müalicəsi məqsədilə şəhər sakinlərinin poliklinikalara axınının çoxalması virusun yayılmasına səbəb ola bilər. Bu səbəbdən COVİD-19 virusuna yoluxma şübhəsi olan vətəndaşlara müraciət edilir ki, poliklinikalara getməkdən çəkinsinlər və ilkin məsləhət və müayinə üçün telefon zəngi vasitəsilə sahə poliklinikaları ilə əlaqə saxlasınlar.

Yeni yaradılmış tibb məntəqələrinin işi barədə “Şərq”ə danışan Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov qeyd etdi ki, 39 tibb məntəqəsinin fəaliyyətə başlaması vətəndaşların müayinəsini sürətləndirəcək, eyni zamanda təcili yardımın işini də yüngülləşdirəcək: 
- Son zamanlar vətəndaşların poliklinikalara müraciəti həqiqətən çoxalıb, bu da yoluxma riskini artırır. Məlumdur ki, koronavirusa yoluxmanı simptomsuz, yüngül keçirənlər də var. Virusla mübarizəni çətinləşdirən də budur. Bəzi insanlar virusa yoluxur, lakin heç bir simptom müşahidə edilmədiyindən xəstələndiklərinin fərqində belə olmurlar, amma kontaktda olduqları digər insanları yoluxdura bilirlər. Elə adam var, müxtəlif tibbi səbəblərdən xəstəliyi ağır keçirir və artıq bildiyimiz kimi, təəssüf ki, ölüm halları da olur. Ona görə də vətəndaşların müraciətinə tez və vaxtında cavab verilsin deyə, ərazilər üzrə tibb məntəqələri yaradılması qərara alındı.

Bu tibb məntəqələrində mini-laboratoriyalar fəaliyyət göstərir. Vətəndaşın hər hansı şübhəsi varsa, koronavirus aşkarlandığı şəxslə təmasda, ünsiyyətdə  olubsa, yaşadığı ərazi üzrə tibb məntəqəsinə müraciət edəcək, ondan analiz üçün yaxma götürüləcək, təxminən 3 günə də cavab veriləcək. Əgər cavab pozitiv çıxarsa, o zaman vətəndaş ərazi üzrə poliklinikaya müraciət edəcək, sahə həkimi tərəfindən ona müvafiq müalicə təyin ediləcək. Vətəndaşa cavab poliklinika tərəfindən və ya SMS vasitəsilə də verilə bilər. Vacib deyil ki, vətəndaş cavab almaq üçün poliklinikaya, yaxud tibb məntəqəsinə getsin.

Zatən tibb məntəqəsinə müraciət edən vətəndaş avtomatik olaraq poliklinikanın qeydiyyatına düşür, onun haqqında, analizinin nəticəsi barədə məlumat sahə üzrə poliklinikaya daxil olur. Əgər vətəndaşda xəstəliyin ağır forması müşahidə edilərsə, o zaman artıq hospitalizasiya vacib olacaq. Amma vətəndaşın əlavə hansısa xroniki xəstəliyi yoxdursa, xəstəliyi yüngül keçirirsə, sahə həkiminin təyinatına uyğun şəkildə evdə müalicəsini davam etdirəcək.

Bu ərazi tibb məntəqələrinin yaradılması təcili yardımın işini yüngülləşdirir, poliklinikaların işini artırır. Çünki təcili yardım həddindən artıq yüklənmişdi. Həkim briqadalarının çağırışlara getməsi fiziki baxımdan artıq mümkünsüz hal almışdı. Bu vəziyyət nəzərə alınaraq vətəndaşların ərazi üzrə poliklinikalara, indi isə ərazi tibb məntəqələrinə müraciəti artıq təmin ediləcək.

Vətəndaşlarımız da bunu anlayışla qarşılamalı və onsuz da gərgin iş şəraitində çalışan həkimlərimizin işini yüngülləşdirmək istəyirlərsə, əvvəlcə ərazi tibb məntəqələrinə müraciət etsinlər, analiz versinlər, inşallah, test cavabları neqativ çıxanlarımız çox olar, bu bəladan tezliklə qurtularıq.                                                                                       

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu