Abituriyentlər virus və imtahan stressi yaşayır

Kamran Əsədov: "Şagirdlər qısa vaxt ərzində ard-arda imtahan verməli olacaqlar"



Gürcüstanda sabahdan etibarən Vahid Milli İmtahanlara start verilib. İmtahanlar ölkə üzrə 24 imtahan mərkəzində həyata keçiriləcək.
Milli İmtahanlar Mərkəzinin məlumatına əsasən, koronavirus səbəbi ilə hər bir abituriyent imtahan mərkəzinə maska ilə gəlməlidir. Qeydiyyatdan keçərək masada əyləşdikdən sonra isə abituriyentlərin maskanı çıxarmaq imkanları olacaq.

İmtahan mərkəzində hərarət 30 dərəcədən yuxarı olarsa, kondisionerlərin işləməsinə icazə veriləcək. Kondisionerlər işlədiyi təqdirdə isə, abituriyentlər maska taxmalı olacaqlar. Hər bir abituriyent imtahan mərkəzinə imtahan vərəqi və şəxsiyyət vəsiqəsi ilə gəlməlidir.
Azərbaycanda isə hələ də imtahan prosesinin nə vaxt və necə keçiriləcəyi məlum deyil. Operativ Qərargah tərəfindən  vaxtaşırı tətbiq edilən sərt karantin rejimi imtahanlarla bağlı yekun qərara mane olur. 

Təhsil eksperti  Kamran Əsədov da o fikirdədir ki, pandemiya ilə əlaqədar mart ayında dərslərin bağlanmasından sonra tədris sisteminin növbəti mərhələsində  atılacaq addımlarla bağlı  qərarsızlıq müşahidə olunur: "Koronaviusa qarşı mübarizə çərçivəsində mart və aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları təxirə salındı. Daha sonra karantin rejiminin yumşalması ilə bağlı məlum qərardan sonra imtahanların vaxtı iyun ayına təyin olundu.  Bu zaman isə imtahanda iştirak edən şagirdlərin sayı azlıq təşkil edirdi. İyun ayının 10-dan bu günə qədər keçirilən imtahanlarda 133338 nəfər şagird  iştirak edib". 



Hər dəfə pandemiya səbəbindən imtahanların təxirə salındığını qeyd edən K.Əsədov deyib ki, bu hal şagirdlər arasında ciddi psixoloji gərginlik  yaradır. Bu proses onların növbəti imtahana hazırlaşmasına əngəldir:

"Təsəvvür edin Bakı şəhəri üzrə Nərimanov, Xətai və  Qaradağ rayonlarında təhsil alan şagirdlər imtahanların birinci mərhələsini verib, rahat şəkildə ikinci mərhələyə hazırlaşırlar. Digər rayonlarda təhsil alan şagirdlər isə həm birinci, həm ikinci mərhələyə hazırlaşırlar. Bu artıq abituriyentlər arasında ayrıseçkilik və imtahandan kənarda qalan şagirdlərin hüquqlarının pozulması kimi dəyərləndirilməlidir.  Rus bölməsinin abituriyentləri üçün vəziyyət daha gərgindir. Karantin müddəti başa çatandan sonra şagirdlər qısa vaxt ərzində ard-arda imtahan verməli olacaqlar". 

Ekspertin fikrincə, qaydaları müəyyən qədər  yumşaldıb şagirdlərin imtahanda iştirakına şərait yaradılmalıdır:

"Onsuz da pandemiya dövründə imtahanların keçirilməsi müəyyən epidemioloji qaydalara riayət etməklə həyata keçirilir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu