Minsk qrupu, yoxsa “xristian klubu” ? – AKTUAL ŞƏRH

“Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi Minsk qrupuna olan ümidləri də heçə endirir”

“Həmsədrlər yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət ərazilərin qanunsuz işğalı və etnik təmizləmənin nəticələrini tanıyacaq”


“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bütün dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. Ermənistan isə qeyri-konstruktiv yanaşmasından hələ də əl çəkə bilmir”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.
Parlament üzvü bildirib ki, Dağlıq Qarabağ problemi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir:

“Münaqişə yaranan vaxtdan bir sıra nüfuzlu beynəlxalq təşkilatlar problemin aradan qaldırılmasında Azərbaycanın mövqeyini dəstəkləyib. 
Söz yox ki, bəzi beynəlxalq qurumlar hələ də bu məsələdə ikili standartlardan əl çəkmək istəmirlər. 
Lakin Azərbaycanın yeritdiyi məntiqli xarici siyasət sayəsində həmin qurumlar beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsini hiss etdikcə əsl həqiqəti etiraf etmək məcburiyyətində qalırlar. Cənab Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar keçirdiyi bütün görüşlərdə problemin yalnız ölkələrin ərazi bütövlüyünün bərpası çərçivəsində həllini mümkün hesab edir”. 



İyulun 6-da Prezident İlham Əliyev Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak edib. Ölkə başçısı açılış zamanı ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün lazımi addımların atılmadığını və problemin indiyə kimi həll olunmamasını diqqətə çatdırıb. Cənab Prezidentin sözlərinə istinad olaraq təəssüflə qeyd etmək istəyirəm ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib”.

Millət vəkili vurğulayıb ki, ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa rəhbərlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımayıb. Bu dövlətlər təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində də olmayıblar:

“Münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, qəbul edilən sənədlərdə  bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirir. Görünür ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir.

Bunun əsas səbəblərindən biri yəqin ki, hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Deyəsən bəziləri bu qurumu sırf “xristian klubu” kimi görmək istəyindədirlər. “Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək mümkündür”.

A.Məmmədov bildirib ki, istər Ermənistan tərəfi, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri anlamalı və yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət ərazilərin qanunsuz işğalı və etnik təmizləmənin nəticələrini tanıyacaq:

“Buna görə də Minsk qrupu hər il nümayiş etdirdiyi kimi passiv fəaliyyət göstərməməli, əksinə, işğalçı ölkə olan Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu