Bakının nəqliyyat dərdi ! – Nə idarəetmə düzəlir, nə də sürücülər...!

“Vəziyyətin qaydaya düşməsi üçün “resept” vermək qeyri-mümkündür”

“Bu haqda danışmaq asandır, fəqət qüsurları həll etmək üçün xeyli vaxt lazımdır”




Bakı metropoliteninin öz fəaliyyətini dayandırması ilə əlaqədər xüsusi təyinatlı avtobuslar xətdə buraxılıb. Onlar metrostansiyaların trayektoriyasına uyğun olaraq hərəkət edirlər. Belə təyinatlı avtobuslar sırasında “M-2” xətti ilə hərəkət edənlərə tələbat daha çoxdur. Bəlkə də, bu səbəbdəndir ki, nisbətən köhnə avtobuslar da şüşələrinin üzərinə “M-2” yazısını vuraraq konkret marşrut üzrə sərnişin daşıyırlar.

Məlum avtobuslarla bağlı bu gün “Sherg.az” saytının əməkdaşı məyusedici faktla rastlaşıb.  Yuxarıda qeyd etdiyimiz köhnə avtobusların birindən istifadə edən müxbirimiz sürücü ilə salonda gediş haqqlarını yığan adamın tez-tez yerlərini dəyişdiklərinin şahidi olub. Avtobus hərəkətdə ola-ola bu əməli törətmək, onlarca sərnişinin həyatını təhlükəyə atmaq nə qədər doğrudur?! Hələ onların hər ikisinin sürücülük vəsiqəsinin olub-olmaması da sual altındadır. 



Məsələ barədə “Sherg.az”a fikrini bildirən nəqliyyat eksperti, Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov düşünür ki, sürücüləri də qınamaq olmaz: 

“Davam etməkdə olan pandemiya, əlbəttə, bütün sahələr kimi nəqliyyata da təsir göstərdi. İndiki vəziyyət heç kim üçün arzuolunan deyil. Avtobus çatışmazlığının yaranmaması məqsədilə xəttə əlavə avtobuslar buraxılıb. Lakin kart sistemi olmayan avtobuslarda gediş haqqının yığılması üçün, yəqin, sürücülər belə bir vasitədən istifadə edərək, köməkləşirlər. Həm də nəzərə almaq lazımdır ki, indi sürücüləri hansısa təlimlərə cəlb etmək, onlara xüsusi kurslar keçmək qeyri-mümkündür”. 

 Ekspertin sözlərinə görə, vətəndaşlar mövcud vəziyyəti nəzərə alaraq sürücüləri də başa düşməlidirlər:

“Çox istərdik ki, avtobusların xidmət keyfiyyətləri artırılsın. Amma pandemiya buna imkan vermədi. Odur ki, bir müddət səbr etməliyik. Başa düşürəm, ictimai nəqliyyatda ciddi problemlər var. Bir tərəfdən idarəetmə sistemini təşkil etmək, digər tərəfdən isə insanların sağlamlığını qorumaq çətindir. Yəni konkret bir “resept” vermək qeyri-mümkündür. Şübhəsiz, bu haqda danışmaq asandır, fəqət qeyd etdiyimiz qüsurları praktik cəhətdən həll etmək üçün xeyli vaxt lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu