““Milli Şura” dönüklüyün simvoluna çevrilib”

“Milli Şura”nın daha bir virtual iclasının qalmaqallı videosu yayılıb. İclasda əvvəlki toplantılarda olduğu kimi lağlağı və zarafatlar bol olub. Lakin Rahim Hacıyevin “Əli Kərimli zəmanəmizin Rəsulzadəsidir” fikri ortalığı qatıb. Onun bu fikirləri sərt tənqid edilib. İlk olaraq “Milli Şura”nın sədri Cəmil Həsənli ona etirazını bildirib:“Təbliğat məsələsində çox diqqətli olmaq lazımdır və əlavə qıcıq doğuran şeylərə getmək lazım deyil. Bu gün iclasın tənqid hədəfi Rahim Hacıyevdir və mən də onu deyim ki, bu gün o yanlış bir ifadə işlədib. “Əli Kərimli zəmanəmizin Rəsulzadəsidir”. 

Əlbəttə bu cəmiyyətdə qıcıq doğurur”. Virtual iclasda Gültəkin Hacıbəyli də Cəmil Həsənliyə dəstək verib. Vidadi Mirkamal da həmin bənzətməyə kəskin reaksiya verib: “Bu formada danışıq artıq insanları iyrəndirir. Əli Kərimli özünü təsdiq etmiş liderdir. Amma onu təzədən bəzəmək ki, Rəsulzadədir, buna ehtiyac yoxdur. Bu çox adamda qıcıq yaradır”. 
Rahim Hacıyev isə öz fikrində israr edib: “Mənim fikrimin heç bir qüsuru zadı yoxdur. Vaxt gələcək hamınız bu fikirdən də artığında olacaqsınız”.



“Milli Şura”nın növbəti biabırçı toplantısını “Sherg.az”a şərh edən millət vəkili Elman Nəsirov deyib ki, onlar siyasi videoşou göstərirlər. 
Deputatın sözlərinə görə, oxşar komediyalara əvvəllər də şahid olmuşuq: 

“Onlar nə qədər savadsız, dar düşüncəyə və dünyagörüşünə malik olduqlarını göstərdilər. Sanki bir-birinə lətifə danışırdılar. Qənimət Zahid deyir ki, onun verilişinin başlanma vaxtıdır deyə konfransı tərk etməlidir. Ardınca söyləyir ki, “hökuməti şərləməlidir, onun işi budur”. 

Yəni əsaslandırır ki, onun işi hökuməti tənqid etmək yox, şərləməkdir. Bu dəfə əlavə olaraq Rahim Hacıyevin Əli Kərimlini “zəmanəmizin Rəsulzadəsi” adlandırması  kimi bir məsxərənin şahidi olduq. Rahim Hacıyev yaltaqlığın zirvə nöqtəsi hesab olunacaq bir davranış ortaya qoydu. 

Bu bənzətmə çox absurddur. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biridir. Bu gün Əli Kərimlini Məhəmməd Əmin Rəsulzadə səviyyəsinə qoymaq, ən böyük biabırçılıqdır, Rəsulzadəni aşağılamaqdır”. 

Parlament üzvü bildirib ki, AXCP sədri Azərbaycanda “5-ci kolon”un rəhbəridir: 

“Əli Kərimli antimilli ünsürləri Azərbaycanda formalaşdıran və onları idarə edə bir şəxsdir. Onu maliyyələşdirirlər, o da “əl əli yuyar, əl də qayıdıb üzü yuyar” prinsipi ilə çıxış edərək gecə-gündüz Azərbaycan əleyhinə fəaliyyət göstərir. Onlar Azərbaycan neftinin ucuzlaşmasını toy-bayram kimi qeyd edir, öz “silahdaşlarını” bu münasibətlə təbrik edirlər. Azərbaycan xalqının ona haqlı olaraq mənfi münasibəti var. “Milli Şura” dönüklüyün və xəyanətkarlığın simvoluna çevrilib. Belə bir insanı qurucu Şərqdə ilk demokratik Respublikanın qurucusu ilə müqayisə etmək biyabrçılıqdır. Bu səbəbdən “Milli Şura”nın digər üzvləri də hiss edirlər ki, Rahim Hacıyev çox böyük bir səhvə yol verib”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu