Karantinə əməl etməyən 1200-dən çox hərəkət iştirakçısı cəzalandırıldı

Baş Dövlət Yol Polisi İdarəsi ötən gün karantin rejimi ilə əlaqədar görülmüş işlər barədə məlumat yayıb.
İdarədən "Sherg.az"a daxil olan xəbərə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə, dünən nəqliyyat vasitələri ilə hərəkətdə olan 1081 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, cərimələnib.

Sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 213 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 1295 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 20-i rayon, 35-i paytaxt istiqamətinə olmaqla 55, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 25-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 90, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 115-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 180 avtomobil geri qaytarılıb, ümumilikdə 325 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu