Hakimlərin işinə nəzarət gücləndirilir

Qiymətləndirmənin 6 aydan sonra başlaması məntiqlidir


Prezident İlham Əliyev “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Qanuna dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədi ilə məhkəmələrin fəaliyyətinin monitorinqini nəzərdə tutur. İndiyədək qüvvədə olan qanuna görə, hakimin fəaliyyətində sadəcə peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilirdi.

Dəyişikliyə əsasən, bu sıraya məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar da daxil edilir. Qanuna edilən dəyişikliyi şərh edən hüquqşünasların fikrincə, əlavələr hakimlərin iş keyfiyyətinin yüksəlməsinə, eyni zamanda digər neqativ halların aradan qalxmasına səbəb olacaq. 



Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev “Şərq”ə bildirib ki, monitorinqlər bütün qurumların, vəzifəli şəxslərin fəaliyyətində şəffaflığın artırılmasına gətirib çıxarır. Hüquqşünasın sözlərinə görə, əslində Məhkəmə Hüquq Şurası tərəfindən monitorinqlər çoxdan aparılır və müəyyən nöqsanlar aşkar edilirdi:

“Nöqsanlar daha çox olursa və bəzi fəsadlar törədirsə, o halda qanunvericilikdə dəyişikliyə ehtiyac duyulur. Bir müddət əvvəl Prezident İlham Əliyev məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqda Fərman imzalamışdı. Fərmanda Ali Məhkəmə və Məhkəmə Hüquq Şurası qarşısında 40-a yaxın vəzifələr qoyulmuşdu. Eyni zamanda Ədliyyə Nazirliyinə konkret tapşırıqlar verilmişdi. Əsas məqsəd məhkəmələrin və hakimlərin nüfuzunun gücləndirilməsi, insanların məhkəmələrə etimadının artırılması idi. Ötən zaman ərzində Fərmanda nəzərdə tutulan məsələlərlə bağlı islahatlar aparıldı və qanunvericilikdə zəruri dəyişikliklər baş verdi”.

Ə.Nuriyev vurğulayıb ki, monitorinqlər məhkəmələrdə maddi və prosessual hüquq normalarına nə dərəcədə əməl edildiyini üzə çıxaracaq:

“Məhkəmə sistemində çatışmazlıqlar və tipik nöqsanlar bəlli olacaq. Bu amillər hakimlərin fəaliyyətinin düzgün qiymətləndirilməsində çox mühümdür. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin 6 aydan sonra başlaması da məntiqlidir. Hakim müəyyən müddət işləməlidir ki, onun potensialı, nəyə qadir olduğu məlum olsun. 2 illik maksimum müddət də yetərlidir ki, bütövlükdə hakimin işi qiymətləndirilsin və barəsində qərar verilsin. Ümumən, qanuna edilmiş dəyişiklik müsbətdir. Bu, hakimlərin işinin səmərəliliyinə təsir göstərəcək və məhkəmə sisteminin keyfiyyətini artıracaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu