Karantində ictimai qınaq niyə işləmir?

Sosioloq Əhməd Qəşəmoğlu 3 təklif irəli sürür

"Mobil təşviqat qrupu yaradılmalı, şəhərə meyvə-tərəvəz daşıyanlarla müqavilə bağlanmalı, din xadimləri prosesə cəlb olunmalıdır"


“Heç kim qanundan üstün deyil – istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq”. Bu sərt ifadələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur. Prezidentin belə sərt ifadələr işlətməsinə nə səbəb oldu? 

Ölkəmiz koronavirus pandemiyası ilə mübarizə aparır. Bütün resurslar bu mübarizəyə səfərbər edilib. Qanunverici və icraedici orqanlar, səhiyyə sistemi, hüquq-mühafizə orqanları, maliyyə-bank, ticarət sektoru, iqtisadi resurslar, vətəndaş cəmiyyəti institutları... Bütün strukturlardan qanunlara, karantin qaydalarına ciddi riayət edilməsi tələb olunur. Çünki hər hansı səhv, yanlış qərar, pozuntu hallarının görməzdən gəlinməsi, səhlənkarlıq böyük fəsadlara yol aça bilər. Aylardır dövlət başçısının rəhbərliyi ilə gərgin iş rejimində çalışan hökumətin gördüyü işlər, yoluxmanın daha geniş yayılmaması üçün atılan addımlar, çəkilən bu qədər əziyyətlər bir-iki nəfərin məsuliyyətsiz davranışları, yüngül əyləncəsinə qurban getməməlidir. İndiki zamanda səhvlər bağışlanmazdır. Ancaq ciddiyyət və qaydalara sözsüz əməl etmək! 

“Bütün pozuntulara adekvat reaksiya verilməlidir”

Belə vəziyyətdə kiminsə qaydaları nümayişkaranə pozması, təbii ki, ən yüksək səviyyədə qınanmalıydı və belə də oldu. Prezident İlham Əliyev “Fairmont” otelində baş verənlərə kəskin münasibət bildirdi və kimsənin qanunun üstündə olmadığını sərt bir şəkildə ifadə etdi, bununla da qanunun aliliyinin hər şeydən üstün olduğunu, ictimai və dövlət maraqlarını təhlükəyə atacaq hər bir addımın qarşısının alınacağını aydın və tutarlı bir şəkildə ifadə etdi: 

- Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətlərini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların da sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən (05 iyul, 2020-ci il -red.) məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilib ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil... 

Prezident daha sonra əlavə edib ki, eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır: 
- Ona görə də biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik! 
Prezident bu qədər açıq və aydın mesajlar verir, hər kəsin vəzifəsini dəqiq göstərir. Vətəndaş da çalışmalıdır ki, görülən tədbirlərdə hökumətə dəstək olsun, bununla da həm dövlət, həm də ictimai maraqların qorunmasına xidmət etsin. Vətəndaşlar bu vəzifənin öhdəsindən gəlirmi? 

İctimai qınağa necə nail olaq?

Koronavirus infeksiyasına məsuliyyətsiz yanaşan insanlara qarşı ictimai qınağın formalaşmasının vacibliyi vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə bu günlərdə keçirilmiş video-konfransda vurğulanıb. Qeyd edilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə, xüsusilə də qoruyucu maskalardan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə kimi vacib şərtlərə əməl edilməsi üçün qeyri-hökumət təşkilatları məlumatlandırma və maarifləndirmə tədbirlərinə öz töhfələrini verməlidir. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sistemli tədbirlərə dəstək məqsədilə dövlət-vətəndaş cəmiyyəti platforması çərçivəsində birgə layihələr həyata keçirilməsi, maarifləndirmə işlərinin görülməsi, ictimai aksiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb və birgə layihələrin icrası barədə razılıq əldə edilib. Əsas məqsəd ictimai institutların dövlətə dəstək verməsi, ictimaiyyətlə əlaqələrin qurulmasıdır. Əlbəttə, həyata keçiriləcək tədbirlərə ictimai və dövlət maraqları prizmasından yanaşılmalıdır. 

Mövzuya keçid edərkən bunu da mütləq vurğulamalıyıq ki, pandemiyanın ilk günlərindən Azərbaycan hökuməti tərəfindən atılan addımlarda ictimai və dövlət maraqları öndə olub. Xaricdə təhsil alan, işləyən soydaşlarımızın mərhələ-mərhələ ölkəyə gətirilməsi prosesi buna sübutdur. Son günlərdə isə Rusiyanın Dağıstan Respublikası ərazisində qalan daha 250 Azərbaycan vətəndaşının ölkəyə qayıtması təmin edildi. Soydaşlarımız avtobuslarla Rusiya ilə "Samur" sərhəd-keçid məntəqəsindən ölkəyə gətirildi. Onlar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası ilə sərhəddə - Qusar rayonunun ərazisində yerləşən "Samur" sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilmişdi və müvafiq tibbi yoxlamadan keçirilirdi. Qəbul-çeşidləmə məntəqəsində eyni vaxtda 1200 nəfərin yerləşdirilməsi üçün şərait yaradılmışdı, sanitar-gigiyenik tələblər tam təmin olunmuşdu, qidalanma, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilirdi.

Sərhəd-keçid məntəqəsində ilkin tibbi müayinədən keçən şəxslərin FHN-in qəbul-çeşidləmə məntəqəsində fəaliyyət göstərən və müvafiq tibbi avadanlıqlarla təchiz edilmiş tibbi briqadaları tərəfindən təkrar müayinəsi və burada karantin rejimində müvəqqəti qalması təmin edilmişdi. Həmçinin hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyəsi nəzərdə tutulur. Hər sahədə belə vacib, zəruri tədbirlər görüldüyü vaxtda kimlərinsə məsuliyyətsiz davranışının ümumi işə kölgə salması, təbii ki, qəbuledilməzdir.         

Məsələ ilə bağlı fikirlərini “Şərq”lə bölüşən sosioloq Əhməd Qəşəmoğlu qeyd etdi ki, konkret 3 təklif irəli sürür: 

- Birinci təklif, icra strukturları yanında mobil təşviqat qruplarının yaradılmasıdır. Bu nə üçün vacibdir; 150 ildir Avropada formalaşmış elm sahələri var. Sosial psixologiya da onlardan biridir. Biz mütləq əhalinin davranışlarına nəyin səbəb olduğunu müəyyənləşdirməliyik. Əhalini qınamaqla iş bitmir. “Biz beləyik, maska taxmırlar, toy edir, yasa gedir, virusa inanmır...”. Bəli, bunlar var, amma niyə, hansı səbəbdən, bunu öyrənməliyik, çünki səbəbi bilməyincə, onu aradan qaldırmaq mümkün olmayacaq. Ayrı yolumuz yoxdur. Ya əlimizin arxasını yerə qoyub təslim olmalıyıq, ya da mübarizəni davam etdirməliyik. İcra strukturları hazırda ölkədə ən güclü şəbəkədir. Hər rayonun icra hakimiyyətinin də o rayonun hər kəndində, qəsəbəsində nümayəndəsi var. Bu icra nümayəndələri yerlərə təhkim olunmalı, əvvəlcə kəndin rəy liderlərini toplayıb onlarla söhbət aparmalı, sonra da bu rəy liderləri – kənd camaatının sözünü eşitdiyi, sözünə inandığı, yeri gələndə çəkindiyi bu şəxslər əhali ilə, kənd camaatı ilə söhbətlər aparıb onları inandırmalıdır. Çünki bəzi hallarda vətəndaşlar millət vəkilinə, məmura deyil, kəndin adamına inanır. Belə adamlardan istifadə edilməlidir. Mən evlərinə qayıtmış, hazırda müxtəlif bölgələrdə olan tələbələrimlə əlaqə saxlayıram, vəziyyəti soruşuram, deyirlər, müəllim, ictimai qınaq tərsinə “işləyir”: yas yerinə getməyənləri qınayırlar, əl verib görüşməyənlərin ardınca “bu da köhnə kəndə təzə nırx qoyur” deyirlər. Bir çoxları evdə oturub 190 manatı gözləyir. Bəlkə elə bu, düşmən texnologiyasıdır, camaatın zəif nöqtəsini tutub?! Dediyim kimi, bu mobil təşviqat qrupları fəaliyyətə keçsə, ictimai rəy 2 günün içində lazım olan istiqamətə dəyişər. Bölgələrdəki əhali inandığı şəxsin sözünü eşidib maska da taxar, kütləvi tədbirlərdən də imtina edər. İkinci təklifim, yay mövsümünün ortasında paytaxtı meyvə-tərəvəzlə təmin edəcək adamları səfərbər etməkdir. Bölgələrdən şəhərə meyvə-tərəvəz daşıyan şəxslərlə müqavilə bağlamaq və paytaxta sərbəst gəlib-getmələrini qarşılıqsız təmin etmək lazımdır. Çünki meyvə-tərəvəzin hazırkı qiymətləri ilə vətəndaşların immunsistemini gücləndirməsi mümkün olmayacaq və xəstəliyə yoluxmanın qarşısını almaq da çətinləşəcək. Üçüncü təklif din xadimləri ilə bağlıdır. İslam dinində haram nədir, murdar nədir, hər birinin öz fəlsəfəsi var. Murdar, xəstəlik yayana deyilir. O şey ki, xəstəliyin yayılmasına səbəb olur, məsələn, çirkli su, o murdardır. Həmçinin, müəyyən qidalar. Haram buyurulansa təhlükə törədən şeylərdir. Əgər bu gün koronavirus təhlükəlidirsə, müsəlman qaydalara riayət etməməklə həm özü, həm də başqalarının sağlamlığı, həyatı üçün təhlükə yaranmasına səbəb olursa, deməli, haram işlə məşğuldur. Bunlarla bağlı din xadimləri fətva verməlidir. Elə vətəndaşlarımız var, məhz din xadimlərinə inanır. Yəni, cəmiyyətin bütün təbəqələri ilə işləmək lazımdır. Alimə inanana alim başa salsın, müctəhidə inanana ruhani, din xadimi. 

İctimai rəyi çaşdıranlar məsuliyyətə cəlb edilməlidir
 
Ə.Qəşəmoğlu qeyd etdi ki, “Fairmont” otelində baş vermiş hadisə isə ictimai fikrin çaşqınlığa uğraması baxımından çox ziyanlı bir iş idi: 
- Təbii ki, hazırda tətbiq edilən karantin rejimi məcburiyyət qarşısında tətbiq edilib. Xəstəlik sürətlə yayılırsa, maarifləndirmə işləri əlbəttə vaxt aparan işdir, sonu effektli olsa da. Fövqəladə vəziyyətlər təcili tədbirlərin görülməsini vacib edir. Yoluxucu xəstəliklər zamanı da ən vacib və effektiv tədbir karantin rejiminin tətbiqidir. Bu, dünyada qəbul olunmuş qaydadır. Amma vətəndaş görəndə ki, hansısa məmur, iş adamı karantin qaydasını pozur, deyir, “o edirsə, mən niyə etməyim?!”.

Bu da insan psixologiyasıdır. İnsan daim nümunə gəzir. Müsbət nümunədən müsbət örnəklər, mənfidən mənfi örnəklər alır. Karantin rejimi müddətində kiminsə qaydaları pozması, həm də belə nümayişkaranə formada, cəmiyyətə meydan oxuyacaq tərzdə, bu, əlbəttə kütləyə mənfi təsir edir və görülən tədbirlərin effektini də sarsıdır. Məmur maska taxmırsa, əhalidə şübhə yaranır ki, xəstəlik varsa, bu məmur niyə maska taxmır, niyə tanınmış adamlar hər cür qadağalara rəğmən istirahətə gedirlər, şəkillər, videolar paylaşırlar?!

Bu baxımdan həmin oteldə baş verənlər dövlətimizin gördüyü işlərə, virusla mübarizə məqsədilə atılan addımlara zərbə idi. Ona görə də Prezident o hadisəyə belə sərt reaksiya verdi. Burda söhbət karantin qaydaları haqqında rəyə mənfi təsir göstərməkdən, virus haqqında ictimaiyyətdə formalaşmış həqiqi rəyin şübhə altına salınmasından gedir. Bu, həm də düşünülmüş texnologiya təsiri bağışlayır. Bunları nəzərə alsaq, Prezidentin iradı tamamilə haqlıdır və o insanlar qanun çərçivəsində məsuliyyətə cəlb edilməlidirlər.                     

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu