Heç olmasa pəncərədən üzünə günəş dəyməlidir


Valideynlər uşaqların təmiz hava almasına şərait yaratmalıdır

Havasızlıq anemiyaya gətirib çıxarır. Ruhsal olaraq darıxmaq da immunitetin zəifləməsinə gətirə bilir


Dünyada və Azərbaycanda koronavirusa yoluxma dinamikası artan sürətlə davam edir. Dövlət qurumları insanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün hər gün yeni qadağalar tətbiq edirlər. Aylardır, bağçalar, məktəblər, universitetlər, ictimai iaşə yerləri, əyləncə, istirahət mərkəzləri bağlanıb. İnsanlara çölə çıxmaq qadağası qoyulub. İnsanlara "evdə qalın" çağırışı edən qurumlar günlük iki saatlıq icazə sistemi ilə insanların ərzaq və digər gündəlik tələbat mallarını almasına imkan yaradıb. 

Bütün bunlar isə cəmiyyətdə ciddi psixoloji gərginliyə səbəb olub. Koronavirus qorxusu, özünü təcridin yaratdığı fəsadlar bir yana, ələ-ovuca sığmayan uşaqlarla baş edə bilməyən valideynlər çaş-baş qalıblar.

Bir yandan da karantin səbəbindən uşaqları təmiz havaya çıxara, günəş vannası qəbul etdirə bilmirlər deyə narahatdılar. Haqsız da sayılmazlar. Axı 2 saatlıq SMS icazəsi ilə həm evin ehtiyaclarını ödəyib, həm də körpə uşağı təmiz havada gəzdirmək mümkün deyil. 

Maraqlıdır, mütəxəssislər nə düşünür? Postpandemiya dövründə bunun hansısa fəsadları olacaqmı?  Uşağın açıq havaya çıxarılmasını çox vacib hesab edən pediatr Günay Rəsulova günəş şüasınının uşağın sümük və toxuma inkişafı üçün lazımlı olduğunu  deyib. Onun sözlərinə görə, sümük inkişafı üçün lazımlı olan D vitamini günəş şüalarının köməyi ilə orqanizmdə sintez edilir:

"D vitamini eyni zamanda immunitet sistemi üçün də lazımlı vitamindir. Bu vitamin, xüsusilə, həyatın ilk illərində sağlam inkişaf və immun sistemlərinin möhkəmlənməsi  üçün açıq hava çox  vacibdir. Evdə qalmaq uşaqlarda aqressivlik yaradır. Ancaq hazırda virusla əlaqədar olaraq bunu etmək mümkün olmasa da bina evində yaşayanlar eyvanlarda, həyət evində qalanlar isə həyətdə hava qəbul edə bilərlər. Çünki qapalı mühitdə qalmaq özü də immuniteti zəiflədir. Havasızlıq anemiyaya gətirib çıxarır. Ruhsal olaraq darıxmaq da immunitetin zəifləməsinə gətirə bilir.

Yay aylarında uşaqları havaya çıxarmağın  mütləq olduğunu təkrar vurğulayan həkim deyib ki, payız və qış aylarında uşaqların   qripə, mövsümi viruslara  yoluxmaması üçün yayda vitamin bazası toplamaq lazımdır. Bir həkim olaraq uşaqların karantin səbəbindən günəş şüasından, təmiz havadan məhrum olması məni də çox narahat  edir. Valideynlər mövcud reallığa rəğmən mümkün qədər uşaqların təmiz hava almasına şərait yaratmalıdır. Uşaqları  açıq havaya çıxartmaq imkanları məhduddursa, evin havasını tez-tez dəyişsinlər. Günəş şüasının pəncərədən də olsa uşağın üstünə  düşməsinə çalışsınlar, eyvanda oynamasına imkan versinlər". 

Pediatrın sözlərinə görə, günəş şüası ala bilməyən uşaqların vitamin D ehtiyacının qarşılanmasını dərmanlar vasitəsilə kompensasiya etməyə çalışmaq lazımdır: "Vitamin D günəş şüasının təsiri nəticəsində dəridə sintez  olunur.

Qış aylarında günəş şüası olmadığı üçün biz uşqlara profilaktik dozada vitamin D  damcıları təyin edirik. D vitamininin immun sisteminin gücləndirilməsində rolu birmənalı şəkildə sübut olunduğu üçün  valideynlərə uşaqlarına normal profilaktik dozada D vitamini verməyi tövsiyə edirəm.

Uşaqlarını havaya çıxara bilməyən valideynlər uşaqların həkimləri ilə məsləhətləşib uyğun dozada vitamin verə bilərlər". 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu