Amerika üçün ən böyük təhlükənin adı çəkildi

“ABŞ Federal Kəşfiyyat Bürosunun rəhbəri Kristofer Rey son açıqlamasında ölkəsi üçün ən böyük təhlükənin adını açıqladı- bu, Çindir”. 
Bu fikirləri “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.
Analitik bildirib ki, Kristofer Rey Çini Amerika üçün ən uzunmüddətli təhlükə olaraq qiymətləndirib:

“Onun sözlərinə görə, Çin əvvəlki kimi Amerikanın dövlət sirlərini oğurlamağa çalışır. Çin illərdir bu siyasətindən əl çəkmir. Çinin iqtisadi qüdrətinin arxasında məhz başqa ölkələrdən, o cümlədən ABŞ-dan müxtəlif yollarla ələ keçirdiyi texnologiyalar dayanır. Çin özgə texnologilayalardan istifadə edərək istehsal qüdrətini artırıb. Vaşinqtonda bunu Amerika iqtisadiyyatı üçün ən təhlükəli gedişat kimi qiymətləndirirlər. Bu intellektual mülkiyyətin oğrulanmasıdır”.

Politoloq vurğulayıb ki, ABŞ Federal Kəşfiyyat Bürosunun rəhbəri Çinin Amerika ərazisində başqa təhlükəli fəaliyyətindən də bəhs edib:

“Çin Amerikada yaşayan çinliləri təqib edir, onları Çinə geri qayıtmağa vadar etməyə çalışır. Kristofer Reyin sözlərinə görə, Çin Amerikadakı çinli mütəxəssislərin oğurlanması əməliyyatını “minlərlə istedad” adlandırıb. Çin bu əməliyyat çərçivəsində Amerikada müxtəlif sahələrdə, o cümlədən texnoloji müəssisələrdə çalışan çinliləri Çinə aparmağa çalışır. Bu sırada Çin hakerlərin əməyindən də istifadə edir. Hədəf bəllidir. Oğurlanan texnologiyalar sonradan geri qaytarılan çinlilərin əməyindən yararlanılaraq Çinin texnoloji imkanlarını artırılması üçün istifadə edilir. Kristofer Rey Amerikada hər 10 saat içərisində Çin kəşfiyyatının əməlinə dair bir iş açıldığını bildirib. Amerikada başqa dövlətlərin kəşfiyyat əməllərinin tən yarısı Çinlə bağlıdır: “Çin hökuməti texnologiyaların oğurlanması üçün genişmiqyaslı proqram hazırlayıb. Onlar hədəflərinə çatmaq üçün bütün vasitələrdən istifadə edirlər”- bu Kristofer Reyin açıqlamasındandır”.

Politoloq bildirib ki, Pekin Çini nə zamansa tərk edən siyasi dissidentləri də “unutmur”. Çin kəşfiyyatı müxtəlif ölkələrdəki dissidentləri susdurmaq üçün “tülkü ovu” proqramını həyata keçirir:

“Kristofer Reyin sözlərinə görə, bəzən Amerikada yaşayan çinlilərə elə hədələyici mesaj göndərirlər ki, onların iki yolu qalır: ya Çinə qayıtmalı, ya da özlərinin həyatlarına qəsd etməlidirlər.

Bu arada, ABŞ dövlət katibi Mayk Pompeo açıqlama verərək Vaşiqntonun çinli məmurlara qarşı növbəti sanksiya qərarını elan edib. Bəllidir ki, Çin xarici vətəndaşların Tibeti ziyarət etmələrinə məhdudiyyətlər qoyub.

Vaşinqton da bunun qarşılığında çinli məmurlara qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Bundan əvvəl isə Amerika Çinin aqressiv Honkonq siyasətinə görə Pekinə qarşı sanksiya tətbiq edib. Amerikanın Çinə qarşı üçüncü sanksiya qərarı isə Pekinin uyğur türklərinə qarşı təqibləriylə bağlıdır. 

Beləliklə, Amerika özü üçün əsas təhlükəni beynəlxalq terrorçuların əməllərindən, Rusiyanın siyasətindən və ya koronavirus pandemiyasından yayılmasından deyil, Çində görür. Bu yalnız Vaşinqtonun gəldiyi qənaət deyil”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu