“Ali və orta məktəblərdə ailə dəyərlərinin tədrisinə ehtiyac var”

“Etika, estetika, ailə dəyərləri və.s kimi  məsələlər bir fənn olaraq orta məktəblərimizdə tədris olunmalıdır”

“Bir çox universitetlərdə “Embrional pedoqogika” deyilən fənndə uşağın ana bətnində tərbiyəsindən söhbət gedir”



Rusiyanın orta məktəblər və digər təhsil müəssisələrində ailə dəyərləri fənninin tədrisi keçirilə bilər. Bu barədə Rusiyanın Uşaq hüquqları üzrə ombudsmanı Anna Kuznetsova məlumat verib:
“Gənclərimiz ailə həyatı qursa da, çoxları onu qoruyub saxlamağa müvəffəq ola bilmirlər. Məktəblərdə yeniyetmələrə ailə dəyərləri tədris olunmalıdır”.

A.Kuznetsova ailə dəyərlərinin yeniyetmələrə məktəbdən aşılanmalı olduğunu söyləyib və cəmiyyətdə böyük ailə dəbinin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, bəzi mütəxəssislərAzərbaycanda da bu fənnin tədrisinə ehtiyac duyulduğunu iddia edirlər. 



Məsələyə münasibət bildirən “Azad Müəllimlər Birliyi”nin sədri, təhsil eksperti Məlahət Mürşüdlü “Sherg.az”a söyləyib ki, orta məktəblərimizdə ailə dəyərləri fənninin keçirilməsi vacibdir. Onun sözlərinə görə, məktəblərimizdə tədris proqramı o qədər yüklüdür ki, əlavə fənlərin keçirilməsi çətindir:

“Etika, estetika və ailə dəyərlərinin tədrisinə ehtiyac var. Bunların hər biri çox vacibdir. Hazırkı dövrdə ailədə, cəmiyyətdə problemlər ondan qaynaqlanır ki, gənc nəsli aşağı siniflərdən həyata hazırlamırıq. Uşaqları həyata hazırlamağımızda, sanki, bir kəsr var. Amma bunların hər biri ayrıca fənn kimi tədris oluna bilməz. Çünki tədris proqramında ciddi sıxlıq əmələ gələr. Fikrimcə, etika, estetika, ailə dəyərləri və.s kimi  məsələlər bir fənn olaraq orta məktəblərimizdə tədris olunmalıdır. 8-ci sinifə qədər orta məktəblərdə “Həyat bilgisi” fənni keçirilir. Amma 8-ci sinifdən sonra belə fənnin davamı yoxdur. Düşünürəm ki, 9, 10, 11-ci siniflərdə dediyim mövzuları birləşdirən bir fənn olmalıdır. Uşaqları gələcəyə, ailə həyatına hazırlamaq üçün tədrisin olması çox vacibdir”.

Ekspert ali məktəblərdə də belə fənlərin tədrisinin vacib olduğunu  diqqətə çatdırıb:

“Təkcə orta məktəblərlə kifayətlənmək olmaz. Bir çox universitetlərdə “Embrional pedoqogika” deyilən fənndə uşağın ana bətnində tərbiyəsindən söhbət gedir. Müasir pedoqogika deyir ki, embrion bətnə düşəndən onun tərbiyəsi olmalıdır. Ona görə də bu fənlərin tədrisi çox vacibdir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu