Uşaq əməyinin istismarı davam edir - Psixoloji travma, yoxsa uğura aparan yol...?!

Fərqanə Mehmanqızı: “Həyat meydanındakı qələbənin sirri məhz zəhmətdədir” 

“Kənd yerlərində böyüyənlərin gələcəkdə böyük nailiyyətlər əldə etmələri heç də təsadüfi deyil”


Kiçik yaşlı, məktəbdə oxumalı olan uşaqların müxtəlif işlərdə çalışdıqlarını, sözün əsl mənasında tər tökdüklərini tez-tez görürük. Kimisi həyatını təhlükəyə ataraq, yollarda hərəkət edən maşınlara yaxınlaşıb salfetka satır, kimisi restoranda, kafedə xidmət edir, kimisi də avtobuslarda sərnişinlərin gedişhaqqlarını yığır, sürücüyə kömək edir.

Bəs onların əvəzinə kim dərs oxuyacaq? Axı belə uşaq və yeniyetmələr bu yaşlarında təhsil almalıdırlar ki, gələcək üçün layiqli kadr kimi yetişsinlər.  Hələ bir də məsələnin psixoloji tərəfi var. Allah bilir, bu işlərdə çalışanlar nə qədər psixoloji travma alırlar…



Məsələ barədə “Sherg.az”a danışan psixoloq Fərqanə Mehmanqızının fikrincə, sözügedən kateqoriyadan olanların psixoloji zərbə alıb-almaması müəyyən məqamlardan asılıdır:

“Qanunla müəyyən yaşadək olanların əməyə cəlb edilməsi qadağandır. Bu, məsələnin bir tərəfidir. Amma əgər həmin işdə uşağa fiziki və mənəvi təzyiq göstərilmirsə, o, təhqir edilmirsə, bu zaman optimist düşünmək də olar. Kiçikyaşlarından əməyə alışanlar gələcəkdə daha uğurlu olurlar”. 

 F.Mehmanqızının sözlərinə görə, həyat meydanındakı qələbənin sirri məhz zəhmətdədir: 

“Kənd yerlərində böyüyənlərin gələcəkdə böyük nailiyyətlər əldə etmələri heç də təsadüfi deyil. Sovet vaxtında yaşayan adamların əksəriyyəti indi yaxşı yaşayır, rifahlarını təmin edə bilirlər. Çünki zəhmət çəkməyə alışıblar. Ona görə də üzümü valideynlərə tutub deyirəm ki, uşaqlarına heç olmasa, adi ev işləri gördürsünlər. Xaricdə, o cümlədən Türkiyədə ailədaxili biznes var.

Yəni övladlar da ailənin kiçik kafelərində, yeməkxanalarında işləyir, gətir-götür işlərinə baxırlar.

Dediyim kimi, bunun qanuna uyğun olub-olmadığını dəqiq bilmirəm. Amma uşaqların şəxsiyyət kimi yetişməsində vacib faktor kimi rol oynadığından əminəm. Zəhmət kiçikyaşlıları gələcəyə hazırlayır. Öz tökdüyünü yığışdırmayan uşaq iradəsiz və məsuliyyətsiz olur.

Bu səbəbdən də övladlarımızı düzgün yetişdirmək məqsədilə onları ev işlərinə cəlb etmək şərtdir. Əlbəttə, işin ağırlıq dərəcəsini nəzərə almaq şərtilə”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu