"Daha Allahın adını çəkmək də istəmirəm"

Bu xəstəliklə bağlı belə tanınmağımıza bir az pərt oldum"

Mövlud Süleymanlı: "Bütün canlılar təhlükəni, vahiməni duyur və bir-birini səsləyir. Biz də elə. Amma bizə hikkə mane oldu"

Daha Allahın adını çəkmək də istəmirəm. Görün Haqq nə günə düşüb?! Görün, yol gələ-gələ nələri salıb itirmişik?!



Mövlud Süleymanlıya telefon etdim. Dedi, “yoldayam, bağa gedirəm, çatım, danışaq”. Saat 15:00 radələri idi. Fikirləşdim, bu vaxt nə bağ?! Günün qızmarıdı ki!.. Söhbətimizə başlayanda da çəkinmədim (bilirəm, Mövlud müəllim mehriban, xoşxasiyyətdir, yəni, onu tanıyanlar, həmsöhbət olanlar belə deyir), soruşdum ki, günorta vaxtı niyə gedirdiniz bağa, adətən səhər saatlarında gedirlər. Maraqlı söhbət elədik. Dağdan-arandan... Sözün həqiqi mənasında. 

Beləliklə, həmsöhbətimiz Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Mövlud Süleymanlıdır.

- ...Şəhərdə bir az işim vardı, ona görə günortaya gəlib çıxdım bağa. Mənim Şamaxı tərəfdə, Pirqulu, Alpout dağları tərəfdə yerim var. Bico kəndi var burda, çox adam elə bilir, bu gürcü adıdı, gedib gürcülərə çıxırlar. Amma əslində kəndin adı Peçodur. Bu da türklərdən - peçeneqlərdən gələn addı. 

-İndi Şamaxıdasız?

-Yox, Novxanıdayam. O vaxt bizim camaatı indiki Ermənistan ərazisindən köçürəndə, biz bütöv kəndi Şamaxıdakı yurd yeri ilə dəyişdik. 2000 min ev köçdü. Düzdü, bir neçə nəfər ayrılıb gəldi, Bakıya. Amma kənd camaatının çoxu bir yerə yığışdı. Biz də anamın yaşadığı evi kənddəki bir evə dəyişdik. Şamaxıda məskunlaşdığımız kəndin adı Kərgənddir. Ərəb dilindən tərcümədə “şahin” deməkdir. Mən də burda bir ev tikmişəm... Orda da qalıram, Novxanıda da qalıram... 

-Harda özünüzü daha yaxşı, daha rahat hiss edirsiniz?

-Fərqi yoxdu. Yaşımın elə vaxtıdı ki, yer seçmək vaxtı deyil. Oranın da havası yaxşıdı, buranın da. Şamaxı qədim diyardı, maraqlı tarixi var. Ziyarətgahlar da çoxdu. Üzü Şamaxıya tərəf gedəndə solda Alpout dağları görünür. Dağ havasıdı. Dağları görürük, Allahı da görürük...

-Mövlud müəllim, bunları söhbətə giriş üçün soruşdum.

-Bilirəm, qızım...

-Əsas mövzu, virusdu, ölkəmizin, xalqımızın başının üstünü kəsdirmiş bu xəstəlikdi. Nə düşünürsünüz?..

-Mən bunu hiss elədim ki, biz bir-birimizi səsləməyə başladıq. Bu, bütün canlılara xasdır. Bütün canlılar təhlükəni, vahiməni duyur və bir-birini səsləyir. Biz də elə. Amma bizə hikkə mane oldu. 

-Nə mənada?

-Yazıçı kimi belə anladım: Biz təhlükənin dərinliyinə enmədik, dərinə getmədik. Bu da mənə çox ayıb gəldi. Mənim 80-nə yaxın yaşım var. Mən millətimi millət kimi görmüşəm. Hər millət öz obrazını yaradır və o obrazla tanınır. Bizim də özümüzü millət kimi tanıtdığımız zamanlar olub. Amma bu xəstəlilklə bağlı belə tanınmağımıza mən pərt oldum, bir az. Anlamadıq, niyə bizə deyirlər evdə qalın, anlamadıq niyə tələb edirlər, maska taxın. Bir zamanlar imperiyalar yaradan güc, hikkəyə çevrildi. Bir vaxtların adlı-sanlı bir nəsli dönüb oldu hikkəli bir tayfa. Bunu düşündüm və pərt oldum. Niyə biz bir-birimizi lağa qoyuruq?! Bu xalq ərəb istilalarından üzü bəri nələrə sinə gəlib. Amma indi bacarmadıq. Ciddi təhlükə olduğu halda, biz ona ciddi baxmadıq. Yekəxanalığımızdan! Elə xalqlar oldu, anladı və qalib gəlirlər. Biz isə... Yenə də şükür!..

-Mövlud müəllim, siz dediyiniz kimi, xalqımız hər cür fəlakətlərlə, müsibətlərlə üzləşib. Əslində, belədə təhlükələrə hazır olmalıyıq axı...

-Bu xəstəlik, bu virus, bizsiz, bizim iştirakımız olmadan yaranan bir şeydi. Bizim gücümüz çatası şey deyil. İnsanların indiki, lap götürək son dövrlərdəki düşüncəsi, buna hardasa hazır olmalıydı. Başını bir qarış yuxarı qaldıranlar bilirdi bunu. Ölkələrin qeybəti gedirdi, sonra da insanların başında çatlayırdı. Bu gəlməliydi də başımıza. Daha Allahın adını çəkmək də istəmirəm. Görün Haqq nə günə düşüb?! Görün, yol gələ-gələ nələri salıb itirmişik?! Bu şəkildə tərbiyəsizliyin, oğruluğun sonu belə olmalıydı. Korrupsiya virusdan da betərdi. Heç siçovul belə oğurluq eləmir. Bu, elə xəstəhallıqdı. Söz bilən, söz anlayan olsaydıq, bunlar gəlməzdi başımıza. Bu, həm də psixoloji durumdu. Bir vaxtlar anladığımızı indi anlamadıq. Anlamaq istəmədik. Bizi çaşdırdılar. 

-Mövlud müəllim, uzun illər Azərbaycan Dövlət Televiziyasında rəhbər vəzifələrdə çalışmısınız, müxtəlif redaksiyalarda yaddaqalan, maraqlı verilişlər hazırlamısınız. İndi baxırsız televiziyaya? Rəyiniz necədi?

-Qızım, rəy üçün baxası olsam, gərək heç baxmayım. Hərdən elə-belə baxıram. Savadsızlıq, səviyyəsizlik peşəkarlığa mane olur. Vəzifəyə qoyulanda çapıb-talayan adamların əlindəyik indi də. 

-Özünüz necəsiz? Səhhətiniz, maddi vəziyyətiniz?

-Yaxşıyam. Hikkəni heç vaxt özümə yaxın qoymamışam. Yazılan bir cümlədə istedad görəndə sevinmişəm. Dünya 1000 dəfə dəyişə, mən dəyişmərəm. Ürəyimi təmiz saxlamışam. Prezident təqaüdü alıram, yaşa görə pensiya alıram. Çatır. Mən aza qane olan adamam. 

-Yəqin bağda təsərrüfatla məşğul olursunuz, ağaclarla, güllərlə...

-Novxanıdakı evi 1995-ci ildə tikmişəm. 200-ə yaxın ağac var, onun 150-sini öz əllərimlə əkmişəm. Hara getsəm, zəhmət mənlədi həmişə. Biz də hamı kimi, qorunuruq, gözləyirik özümüzü. Məsəl var, bazara girdim gözü qıpıq, sən də ol gözü qıpıq. Ana babam deyərdi, şair təbiətli adam idi. 

-Nəyə görə çəkirdi bu məsəli?

-Yəni, hamı necə edir, sən də elə etməlisən. Qaydalar hamı üçündü. Ana babam Saraclı Mahmud, Borçalının Saraclı kəndindən idi. Uşaqlar yığışardı başına, bir bağlama deyərdi; 

"Ay ağalar, mən gedirəm, 
Qapısı açıq xan kimi, 
Altından dərya keçə,
Üstündən duman kimi,
Ağır yatar, yüngül qalxar
Şiri-aslan kimi.
Aləmə ruzi verər, 
Əhli-sübhan kimi”... 

Bu, şair Nəbinin sözüdü. Sonra da qayıdıb soruşardı, “deyin, görüm hara gedirəm”. Biz də nə bilək, hara gedir. Sonra bildim ki, dəyirmana gedirmiş. Dünya da bir dəyirmandı... 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu