“Mövqeyimiz tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır”

“Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

“Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəklədiyini ifadə edib”


"Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur  və ola da bilməz. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir".
Bu sözləri dövlət başçısı İlham Əliyevin yerli telekanallara verdiyi müsahibəni 
"Sherg.az"a şərh edən politoloq İlyas Hüseynov deyib. 
Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı beynəlxalq tədbirlər çərçivəsində çoxlu açıqlamaları olduğunu xatırladan politoloq qeyd edib ki, mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır: 

"Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik mümkün deyil. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdır. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəklədiyini ifadə edib. Ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda açıq-aydın ifadələr işlədiblər, qərarlar, qətnamələr qəbul ediblər.  BMT, onun Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT,  İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti,  Avropa İttifaqı,  Avropa Şurası Parlament Assambleyası,  NATO və digər təşkilatlar qətnamələr qəbul ediblər. Yəni bu, hüquqi müstəvidir, bizim mövqeyimizi  tam möhkəmləndirən əsas amillər hesab olunur".

Cari ilin əvvəlində cənab Prezident İlham Əliyev tərəfindən Münhen Təhlükəsizlik Konfransında kifayət qədər açıqlamalar verildiyini  xatırladan politoloq vurğulayıb ki, həmin konfransda  Ermənistanın baş naziri Nikol Paşinyan tarix, siyasət və diplomatiya dərsi aldı: 

"Prezidentin bu çıxışından sonra Ermənistanda Kürəkçay sülh müqaviləsini təhlil edirlər. Halbuki Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur. Bu müqaviləni biz tərəfdən  İbrahim xan, digər tərəfdən isə Rusiya generalı imzalayıb. Ermənilər  tarixi həqiqətlərlə bağlı beynəlxalq aləmi o qədər aldadıb, yalan  danışıb ki, indi bu yalana özləri də inanır".

 Ermənistanın  baş nazirinin  hansısa yalanı beynəlxalq tədbirdə utanmadan danışmasının yolverilməz olduğunu vurğulayan İ. Hüseynov  diqqətə çatdırıb ki, ötən il Nikol Paşinyan “Qarabağ Ermənistandır” ifadəsini işlətməklə danışıqlar prosesinə kölgə saldı.  Bu ifadə Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini  alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir: 

"Ermənistan tərəfi 2018-ci ildən bəri danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaq arası liderləri ilə danışıqlar aparmalıdır. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Buna da ATƏT-in Minsk Qrupu adekvat cavab vermir. Azərbaycan tərəfi  ATƏT-in  Minsk  Qrupundan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Azərbaycan tərəfi danışıqlar formatına sadiqdir, danışıqların mahiyyətini də əsas götürür. Lakin qondarma Dağlıq Qarabağ Respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta “prezident" Şuşada andiçmə mərasimi keçirdi. Burada da ATƏT-in Minsk Qrupunun həmsədrləri susmağa üstünlük verdilər. Bu cür təxribatlar sülh müstəvisini alt-üst edir və bu təxribata görə Ermənistan cavabdehlik daşıyır".

Politoloq Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz  apardığı məskunlaşma siyasətinə də toxunub.  Onun sözlərinə görə, Azərbaycanın bütün beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvlərinə göstəriş verilib ki, bu məsələ onların gündəliyində bir nömrəli məsələ olmalıdır: 

"Lakin buna rəğmən Minsk qrupunun həmsədrləri bu məsələ ilə bağlı bir dəfə də  açıqlama vermirlər. ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub.  Bu 10 il ərzində isə  Ermənistana Yaxın Şərqdən və digər bölgələrdən erməniləri Qarabağa gətirirlər.  Bizim şəhərlərimizin tarixi adları dəyişdirilir, işğal edilmiş torpaqlarda kilsələr tikilir. Azərbaycan tərəfi bütün bu çətinliklərə baxmayaraq, dözümlülük göstərir və konstruktiv olmağa çalışır. Amma bu gün faktiki olaraq danışıqlar prosesi dalana dirənib. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfransları əhəmiyyətsiz görünür. Bu,  sadəcə olaraq, imitasiya xarakteri daşıyır və sanki, Minsk qrupunun fəaliyyətdə olmasını göstərir. Danışıqlar mahiyyət üzrə aparılmalıdır və substantiv xarakter daşımalıdır".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu