"Kim dialoqa qarşıdırsa, demək demokratiyaya qarşıdır"

Elşən Musayev: "Ədalət müəllimin söylədiyi kimi, iqtidarla müxalifət arasında indiyə qədər müşahidə edilməyən yaxınlaşma var"

"Həqiqətən çox şey yaxşı mənada dəyişib. Siyasi konfiqurasiyanın yenilənməsi prosesi isə gerçək əsaslar, icraatlar, addımlar üzərindən davam edir. Şübhə etmirəm ki, bu faydalı estafetin ardı gələcək"


İyulun 7-də parlamentdə təmsil olunan siyasi partiyalar arasında geniş müzakirələrin aparılması, növbəti iqtidar-müxalifət təmasının baş tutması ictimai-siyasi dairələrdə təqdir olunur. Münasibət bildirənlərin əksəriyyəti hesab edirlər ki, “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr olunmuş videokonfrans siyasi partiyalarla dialoq mühitini gücləndirəcək.

Həmçinin, vurğulanır ki, fərqli ideologiyalara sahib siyasi təşkilatların bir araya gəlməsi ölkədə çoxpartiyalı sistemin inkişaf etdirilməsinə, partiyalararası sağlam əməkdaşlıq mühitinin yaradılmasına müsbət təsir göstərəcək.

Videokonfransla bağlı düşüncələrini “Şərq”ə paylaşan görüş iştirakçısı, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, videokonfrans siyasi münasibətlərin koordinasiyası və inkişafı istiqamətində atılmış yeni addım kimi dəyərləndirilməlidir.

 - Elşən müəllim, siyasi partiyalarla görüşün formatını necə dəyərləndirirsiniz? 

 - Təklif və təşəbbüs Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, hörmətli Ədalət Vəliyev gəlmişdi. Eyni formatda ikinci dəfə idi ki, fikir mübadiləsi aparırdıq. 2 saat davam edən konfransda çox ciddi məsələlərə, mətləblərə toxunuldu. Hamı üçün geniş çıxış imkanı yaradıldı, reqlament təyin olunmadı, kimsəyə danışmaq limiti qoyulmadı. Yəqin bu səbəbdən idi ki, konfransın uzun müddət davam elədiyinin fərqinə varmamışdıq. Daha dəqiqi, müzakirələr məzmun və gedişat etibarilə o qədər böyük maraq kəsb etmişdi ki, zamanın necə keçdiyindən xəbərimiz olmamışdı.  

 - Konfransın mövzusu da çox aktualdır. Siyasi təşkilatlar həssas dönəmlərdə həmrəylik nümayiş etdirməyi bacarırmı? 

 - Dialoq siyasi münasibətlərin düzgün realizəsi və formalaşması prosesində aparıcı lokomotivlərdən biri kimi çıxış edir. Hətta deyərdim ki, dialoq formatı qaçılmaz zərurətdir. Ona görə də Azərbaycanda siyasi fəaliyyətlə məşğul olan bütün normal, sivil təfəkkür sahibləri məlum dialoq təklifinə adekvat reaksiya veriblər. Çünki düzgün olan budur. Kim dialoqa, masa arxasındakı sivil münasibətlərə qarşıdırsa, demək ki, bütün dünyanın qəbul etdiyi çərçivələrə, dəyərlərə, normativlərə, ümumilikdə isə demokratiyaya qarşıdır. Dialoqdan imtina edən yeganə partiya AXCP və və 3-4 nəfərdən ibarət “Milli Şura” olub. Bu kiçik və uğursuz platformada cəmlənənlər nəinki dialoqa, sivil münasibətlərə də meyilli deyillər. Hətta həmin dialoqa müsbət reaksiya verənləri ən ağır formada təhqir eləməkdən və ya elətdirməkdən belə çəkinmirlər. Belələri öz maraqları üçün xarici diplomatlarla, anti-Azərbaycan təşviqçiləri və hətta erməni lobbisinin havadarları ilə görüşməyi özlərinə rəva bilirlər. Amma yaşadıqları və fəaliyyət göstərdikləri dövlətin məmuru ilə görüşməyə ərinir, can çəkirlər. Yüz bəhanə ilə həmin görüşdən yayınmağa çalışırlar. Niyə? Çünki hardansa öhdəlik götürüblər. Onların dərdi-səri, arzusu-amalı demokratiya, sivil münasibətlər deyil, qaragüruhçuluqdur, xaosdur, əyri yollardır. 

 - Görüşdə təkliflər səsləndirildimi? Reaksiyalar necə oldu? 

 - Şəxsən, öncədən düşünürdüm ki, özüm üçün müəyyən elədiyim bəlli tezislər üzərindən danışım. Amma dəyərli həmkarlarım elə mövzulara toxundular, konfrans o qədər əhatəli, maraqlı, çeşidli xarakter aldı ki, məcburən həmin ruha köklənməli oldum. Fikirlərimin əhəmiyyətli hissəsi isə mətbuat, sosial şəbəkələr və ictimai məsuliyyətlə bağlı idi. Bu barədə düşündüklərimi söylədim, razılaşdığım və razılaşmadığım məqamları dilə gətirdim, təkliflərimi verdim. Eyni zamanda həm Ədalət müəllimə, həm hörmətli spiker Sahibə Qafarovaya dedim ki, uzun illərdir indiki prosesi müşahidə etmirdik. Həqiqətən çox şey yaxşı mənada dəyişib. Siyasi konfiqurasiyanın yenilənməsi prosesi isə gerçək əsaslar, icraatlar, addımlar üzərindən davam edir. Şübhə etmirəm ki, bu faydalı estafetin ardı gələcək. Çünki, dialoq vacibdir. Bütün siyasi qüvvələrin fikirləri daim, mütəmadi formada dinlənməlidir, davamlı şəkildə siyasi müzakirələr aparılmalıdır.

 - Belə konfranslar iqtidar-müxalifət münasibətlərinin inkişafına təsir göstərəcəkmi? Adətən, müxaliflər şikayət edir ki, hökumət onlarla müzakirələr aparmır... 

 - Hazırda mövcud iqtidar tərəfindən ortaya çox ciddi siyasi iradə qoyulub. Eynən, hörmətli Ədalət müəllimin söylədiyi kimi, iqtidarla müxalifət arasında indiyə qədər müşahidə edilməyən yaxınlaşma var. Son 3 ayda 7 siyasi partiya qeydiyyatdan keçib. Halbuki, buna qədər ən son qeydiyyat 2011-ci ildə reallaşmışdı. “Azərbaycan” qəzetində bütün siyasi partiya mənsublarına silsilə formada geniş məqalə ilə çıxış etmək imkanı yaradılıb. Bir neçə ay bundan əvvəl “ReAL” Partiyasının sədri İlqar Məmmədovla, daha dəqiqi onun məhkumluğu ilə bağlı Ali Məhkəmə müsbət qərar verdi. Pandemiya dövründə bütün siyasi qüvvələrin qurultaylarının keçirilməsi üçün dövlət alternativlər təklif edir. Qeydiyyatlı partiyaların qərargah məsələsinin həlli gündəmdədir. Yəni, məlum gedişatın dinamikası hansı rakursdan baxsaq müsbətdir, hiss olunandır və sevindiricidir. Ona görə də prosesi təqdir etmək, dəstəkləmək və gələcəyə nikbin baxmaq lazımdır. 

 - Digər siyasi təşkilatların da iştirakı ilə daha geniş tərkibli görüşlərin keçirilməsi barədə hansısa müzakirələr aparıldımı? 

 - Geniş formatlı müzakirələr planı haqda dəqiq məlumatım yoxdur. Əgər olarsa, hər zaman öz dəstəyimizi ifadə etməyə hazırıq.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu