Xüsusi sessiya tez zamanda təşkil olunacaq

Dünya ictimaiyyəti Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu


Rusiya BMT Baş Assambleyasının “COVID-19” mövzusuna dair xüsusi sessiyasının çağırılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib. Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva MDB üzrə tərəfdaşının bu təşəbbüsünü yüksək qiymətləndirir: “Ümid edirik, xüsusi sessiya konstruktiv məcrada keçəcək və sessiya hər hansı substantiv qərarların qəbul edilməsi ilə yekunlaşacaq.

Biz bu kontekstdə maraqlı diskussiyaların olacağını da gözləyirik. Xatırladaq ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının koronavirus pandemiyası ilə əlaqədar xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Təşəbbüs dünyanın 130 ölkəsi tərəfindən dəstəklənib. Sadəcə işğalçı Ermənistan bu humanist təklifə qarşı çıxıb. 

Dövlət başçısının olduqca mühüm təşəbbüsünün ciddi dəstək görməsini “Şərq”ə təhlil edən millət vəkili Cavid Osmanov deyib ki, Prezident İlham Əliyev bu təklifi Qoşulamama Hərəkatının əvvəlki Zirvə görüşündə səsləndirib. Parlament üzvü bildirib ki, nizamnaməyə əsasən, qurumun Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər:

“Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya təşkilata üzv ölkələrin çox hissəsinin müraciəti əsasında baş katib tərəfindən çağrılmalıdır. Qeyd edək ki, BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Prezidentimizin təklifi Nyu-Yorkda Qoşulamama Hərəkatının 120 üzv ölkəsi arasında yekdilliklə razılaşdırılıb. Bunun ardınca ölkə rəhbəri İlham Əliyev Qoşulmama Hərəkatı sədri kimi BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb.

130-a qədər ölkənin cənab Prezidentin təşəbbüsünə dəstək ifadə etməsi Azərbaycan liderinə yüksək etimadın göstəricisidir. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər var. Beynəlxalq ictimaiyyətin pandemiya dövründə həmrəylik çağırışına müsbət qarşılıq verməsi normal yanaşmadır. Çünki pandemiya sadəcə Azərbaycanın deyil, bütün dünyanı təhdid edən ümumi bir bəladır. Ona görə də koronavirusla mübarizə birlikdə aparılmalıdır”. 

C.Osmanovun fikrincə, anormal olan bu təşəbbüsə mənfi reaksiya vermək idi ki, bunu da gözlənildiyi kimi təcavüzkar Ermənistan etdi:

“İrəvan xoş niyyətə qarşı çıxaraq öz davranışı ilə insanlığa və qlobal təhlükəsizliyə verdiyi dəyəri də sərgiləmiş oldu, özünü bir daha rüsvay etdi. Dünya ictimaiyyəti Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Ümid edirik ki, xüsusi sessiya mümkün qədər tez zamanda təşkil olunacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu