"Son ana qədər gəmidə qalmağa çalışmalıyıq"


Pərvin: "İndi dünya mənim üçün oğlumdan ibarətdir"

"Mən bir gün nəsə oxumasam, yazmasam, nəyləsə məşğul olmasam elə bilirəm o günü yaşamamışam"


Həmsöhbətimiz bu dəfə gənc xanım oldu - yazıçı Pərvin. Karantin dövrü başlanandan ziyalılarımızın, ictimai xadimlərin fikirlərinə önəm vermişik. Çalışmışıq, cəmiyyətə ziyalı öyüd-nəsihətini çatdıraq. Çoxu da ağsaqqal, dünyanın yaxşı-pis üzünü görmüş insanlar olub. Gənclər niyə olmasın? Dünyanın hər “üzünü” görməsələr də, dünyanı gəzirlər axı. Məsələn, elə Pərvin!.. Səsi-sorağı başqa-başqa şəhərlərdən gəlir. Gah öz kitablarının təqdimatını keçirir, gah da təqdimatlara dəvət olunur. Qısası, gənc yazar Pərvinlə söhbət etdik, pandemiya dövrünü necə keçirdiyini soruşduq. Bizim üçün maraqlı idi ki, görəsən, gənc xanım qarşımızdakı təhlükəni necə hiss edir.      

-İnternetin, sosial şəbəkələrin gücü ilə dünya çox “balacalaşıb”. Istər yaxında, istər uzaqda baş verən hadisələrdən dərhal xəbər tuta bilirik. Bu virus Çində başlayanda onun fəsadları, o şəhərdə baş verənlər bizə də gəlib çatdı. Təbii ki, hamıda ehtiyat, qorxu hissi yarandı. Etiraf edək ki, ölkəmizdə bu narahatlıqlar çox gec başladı. Çünki qonşularımızda virus yayılanda bizdə yoluxma halları demək olar yox idi. Yoluxma sayı da bizdə gec artmağa başladı. Tədbirlər görüldü, sərhədlər bağlandı, karantin rejimi tətbiq edildi. Ağıllı savadlı adamlar başa düşür ki, qaydalara əməl etmək lazımdı. Hamı üçün çətindir. Amma yaradıcı insanlar üçün hansısa çərçivə daxilində hərəkət etmək xüsusilə çətin olur. Amma söhbət sağlamlığımızdan,  təkcə bizim də yox, doğmalarımızın, ailəmizin sağlamlığından gedisə, özümüzü, doğmalarımızı qorumaqdan savayı başqa bir yolumuz qalmır. Bu mənada insan özünü, ailəsini, ümumilikdə xalqını maksimum düşünməyə başlayır. Maska taxmaq, sosial məsafə saxlamaq... bunlar işin bir tərəfidi - gündəlik məişət tərəfi. Yaradıcılıq baxımından isə bu karantin rejimi yaradıcı adamlar üçün bir fürsət idi. Şəxsən mən uzun zaman oxumaq istədiyim kitabları oxumağa, baxmaq istədiyin filmləri izləməyə başladım, karantinin ilk günlərindən. Həmçinin də yazılarımla məşğul oldum. Amma təbii ki, insan nigaranlıq içində çox böyük həyəcan keçirir. Böyük Mirzə Cəlil yazırdı ki, “çox çətin işdi, yaman işdi nigaran lıq”. Bu nigaranlıq hələ də bizim içimizdə var. Nigaranlıq duyğusu hər işimizə də təsir edir. Amma mən inanmaq istəyirəm ki, tezlikllə bu mərhələni keçib gedəcəyik. Normal həyatımıza qayıdacağıq. 

-Şəxsən siz qorxursunuz?

-Əlbəttə, insan o zaman qorxu hissini itirir ki, itirməyə nəyisə qalmır artıq. Mənim ailəmdəsə 5 yaşlı oğlum böyüyür. Valideynlərim var, artıq yaşa dolublar. Təbii ki, söhbət özümdən gedirsə, riyakarlıq edib deməyəcəm ki, bəli, öz canımı çox sevirəm, özümü düşünürdüm. Qətiyyən. Özümə görə qorxu hissim yoxdur. Valideynlərimlə yanaşı yaşlı nənəm var. Bizimlə qonşudur. Ona baş çəkirdim, qulluğunda durmağa, kefini açmağa çalışırdım. Əzizlərimin zülm çəkməsini, əziyyət çəkməsini heç vaxt istəmərəm. Təbii ki, təhlükə varsa, qorxu hissi də var. İstəmərəm mənim məsuliyyətsizliyim ucbatından kimsə əziyyət çəksin.

-Neçə yaşınız var?

-35.

-Yaşınızı səbəbsiz soruşmadım. Mənimlə razılaşarsınız ki, uşaq yaşlarında insanda valideynlərini itirmək qorxusu olur. Çünki valideynlərinə möhtacdır. Bir az böyüdükcə, bu hiss azalır, çünki artıq insan özünə güvənməyə başlayır, yanlış da olsa. Siz gəncsiniz, qorxu hissi elə də çox olmalı deyil, məncə. 

-Qorxu hissini artıran amillər var. Öz övladına görə çoxalır bu hiss. Sən hələ danışa bilməyən, yeriyə bilməyən körpənin məsuliyyətini daşıyırsan. Onu böyütməlisən, ayağa qaldırmalısan. Müəyyən yaşdan sonra biz valideynlərimizlə yerimizi dəyişirik. Bu gün mən anama tez-tez “qızım” deyirəm, “balaca anam”, “balam” deyirəm, anama. Bu duyğu məndə erkən yaşlardan başlayıb. 17-18 yaşından işləməyə, çalışmağa başlamışam. Valideynlərimi qorumağa çalışmışam. Onları itirmək istəməmişəm. Həyat elədir ki, gücümüz yetməyəcək şeylər ola bilər. Gücsüzlükdən, gücüm yetməz deyə bir qorxu var...

-Bu aylar ərzində planlarınızda, iş qrafikinizdə hansı dəyişikliklər etmisiniz?

-Dostlarım mənə həmişə, “trudoqolik” deyirlər. Azərbaycan dilində qarşılığı bu ola bilər ki, “işinə aludə adam”. Necə ki, spirtli içkiyə aludəçisinə “alkoqolik” deyilir... “Trudoqolik” belədir ki, yəni, sən çalışmadan yaşaya bilmirsən. Mən bir gün nəsə oxumasam, yazmasam, nəyləsə məşğul olmasam elə bilirəm o günü yaşamamışam. Özümü qınayıram. İttiham edirəm ki, niyə bu günü boş keçirdim. Bilirsiz, bağça yoxdu, iş yoxdu. Mən  də evimdə çalışdım, ailəm bu sıxıntını hiss etməsin. Mən hər gün bişirdiyim gözəl yeməklərlə,  mən çox dadlı yeməklər bişirirəm, bunu çoxları bilir, açdığım süfrələrlə ailəmi sevindirməklə çalışdım ki, həyatları rəngarəng olsun. Onlar təlaşlı ovqat içində yaşamasınlar. Bununla yanaşı çox gərgin işləyirəm. Hazırda doktorluq dissertasiyası üzərində çalışıram. Ümid edirəm, ilin sonuna kimi tamamlayacam. Hekayələr kitabımı çapa hazırlayıram. Bunu da hər kəs bilir ki, mən hər il öz ad günümə - 9 oktyabra özümə bir hədiyyə edirəm. Ötən il mənim esselər kitabım çap olundu. Bu il isə istəyirəm ki, hekayələr kitabım həm Azərbaycan, həm də rus dilində çap olunsun. 3-4 hekayəm var ki, redaktə işi qalıb. Həmçinin İşərişəhər haqqında turistik kitabım hazırlanır. Bu, İçərişəhər Qoruq İdarəsinin sifarişidir. Bu baxımdan mən demək olar ki, karantin müddətində dayanmamışam. Amma əlbəttə ki, hər gün gedib auditoriyada tələbələrlə ünsiyyətdə olmaq, hər gün işə getmək, canlı çalışmaq tamam başqa duyğudur. Amma nə edək? Vəziyyət tələb edirsə, belə çalışmağa borcluyuq.

-Onlayn dərsləriniz olur?

-Birinci semestrdə 19-20-ci əsr Azərbaycan ədəbiyyatını tədris edirdim. İkinci semestrdə isə əcnəbi tələbələrə Azərbaycan ədəbiyyatından dərs deyirdim. Bilirsiz ki, semestr başlayandan az sonra karantin elan olundu, əcnəbi tələbələr öz ölkələrinə qayıtmalı oldular. Buna baxmayaraq onlayn dərslərimiz təşkil olundu, xüsusən də “zoom” proqramı vasitəsilə, dərslər keçilirdi.

-Dediz, doktorluq dissertasiyanızı ilin sonuna bitirmək istəyirsiniz, Bitirərsiniz, inşəllah, amma bu dissertasiyaya koronavirus damğa vuracaq. 2020 virusla xatırlanacaq daim...

-Azərbaycan Cümhuriyyəti 1920-də süqut etdi, sovet işğalı başladı. Ümumiyyətlə, tarixdə 20-ci illər fəlakətli, dağıdıcı olub. Mən 20-ci illəri araşdırdım, müəyyən nəticələr əldə etmişəm. Son aylarda tanıdığımız nə qədər insan, ictimai həyatda rolu olan adamlar həyatlarını itirdi. Sağalanların sonrakı həyatı necə olacaq, bununla bağlı da nikbin proqnozlar verilmir. Dünyada hər gün yalnız bədbin proqnozlar verilir. Bədbinliyin pik nöqtəsindəyik. Düşünürəm ki, insana güc verən ən əsas keyfiyyət onun mübarizliyidir. Biz son ana qədər gəmidə qalmağa çalışmalıyıq. Gəmi batmaq təhlükəsi ilə üzləşibsə, xilas yolu dənizə atılmaq deyil. Gəmidə qalıb onu xilas etməyə çalışmaqdır. Kapitanlar adətən belə deyir: “dənizə atılan adamın boğulmaq təhlükəsi daha böyükdür, halbuki, gəmi batmaya da bilər”. Gəmi batacaq deyə, özümüzü dənizə atıb intihar etməli deyilik. Deyirlər, yer üzündə virusa yoluxmamış adam qalmayacaq. Bu o demək deyil ki, onsuz da öləcəm, mübarizə aparmağa nə ehtiyac?! Bu, xaraktercə zəif insanların yanaşmasıdır. Son anadək mübarizə aparmaq, ruhu yüksəkdə tutmaq lazımdır. İnsan ruhunu nə qədər yüksəkdə tutarsa, bir o qədər qalib gələcək. Amma bütün səylərə rəğmən artıq çıxış yolu yoxdursa, deməli, yuxarıdan gözəgörünməz qüvvə istəyir ki, belə olsun. Ancaq istənilən halda son anadək gəmidə qalmağa çalışmaq lazımdır. 

-İnsanların böyük hissəsi həyat üçün çarpışır. Çox az sayda insan ola bilər ki, həyatdan bezsin və ölüm arzulasın. Demək olar hamı həyatdan möhkəm yapışır.  

-Məni narahat edən odur ki, bəzi adamlar neqativ ovqatı, pessimist enerjini ətrafdakılara ötürməyə çalışırlar. Bu durumu görəndə düşünürsən ki, belə olmamalıdır. İnsan yaxşını ötürməlidir, insanları ruhlandıracaq mesajlar verməlidir. 

-Xarici ölkələrdə çox olmusunuz?

-Saymamışam... Türkiyə, Rusiya, Ukrayna, Pribaltikada olmuşam.  

-Avropada olmamısınız?

-İtaliyada olmuşam. 

-Pandemiya sonrasında harasa səfər etmək planınız var? 

-İndi hər kəs özünü, ailəsini, əzizlərini qorumaq ovqatındadı. Əlbəttə, ümid edirəm ki, dünya öz məcrasına qayıdacaq. Ən son Türkiyədə olmuşam, kitabımın təqdimatında. Pandemiya söhbətləri yeni-yeni başlayanda, 2019-un sonu idi. İstanbul teatrı pyesimi səhnəyə qoymaq istəyir. Elmi işimlə bağlı elmi-konfranslara qatılmalıyam. Doktorluq müdafiə edənlər belə konfranslarda iştirak etməlidir... 

-Konfranslar gedəndə maddi məsrəfləri özünüz qarşılayırsınız?

-2 il öncə Bursada konfrans vardı. Sonra İstanbulda... Bu, daha çox təşkilatçılardan asılı olur. Bəzən özləri qarşılayırlar, təyyarə biletini, otel xərclərini ödəyirlər. Məsələn, Bursada belə olmuşdu. Türkiyədə, bilirsiz, universitetlərin maliyyə imkanları genişdir. Bəzən təklif ediblər ki, gəlin, xərcinizi ödəyəcəyik. Fərqli də olur. Xərclərin bir qismini özün qarşılayırsan, bir qismini dəvət edənlər. Önəmli olduğunu, mənim üçün əhəmiyyət kəsb etdiyini bildiyim konfranslara bu formada da qatılmışam. 

-Konfrans məsələsi araya düşdü, əsas sizin pandemiya sonrasına arzularınızı bilmək istəyirdim, çünki insanlar var, dostlarıyla adicə çay süfrəsi arxasında əyləşməyin xiffətini çəkir. Bu səpkili  arzularınızı bilmək istəyirdim.

-İndi yeganə arzum İstanbula getməkdir. Hər il yayda anamla getmişəm. Yoldaşımla getmişəm. Anamla İstanbula getməyi, anamı sevindirməyi alış-veriş etməyi çox istəyərəm. Bunu arzulayıram. Günüm teatrda keçirdi. Teatrın qoxusu üçün, iş yoldaşlarım üçün darıxıram. Düzdü, mən yoluxmamışam. Amma daşıyıcı ola bilərəm. Kimisə yoluxdura bilərəm. Ona görə də məsafə saxlamaq məcburiyyətindəyəm və dostlarımla görüşmürəm.  Hamı arzulayır ki, hər şey qaydasına düşsün. Əsas arzum ailəmin firavanlığıdı. Zamanla hər şey olacaq. İndi dünya mənim üçün oğlumdan ibarətdir. Allah mənim oğlumu qorusun. Allahdan başqa umacağım yoxdu. 

-Oğlunuzun adı nədi?

-Anar.

-Oğlunuza bu adı Xalq yazıçısı Anara olan hörmətinizə görə vermisiniz? 

-Bu tarixçəni çox danışmışam...

-Mən tanış deyiləm... Qısaca deyə bilərsiz.

-Siz mənim Xalq yazıçısı Anarın yaradıcılığını tədqiq etdiyimi bilirsiniz, yəqin. “Anar dünyası” kitabının müəllifiyəm. Mənim kitablarıma Anar müəllim ön söz yazıb, mən onun kitablarına ön söz yazmışam... Anar müəllimlə mənim yaradıcılıq bağlılığım çox əvvəllər başlayıb. Hələ ailə qurmamışdım, övladım yox idi, bizim evdə hər tərəf Anar müəllimin kitabları ilə doluydu. Ailə qurduqdan sonra həyat yoldaşımın valideynləri ilə birgə yaşayırdıq. Biləndə ki, oğlum olacaq, düşündük ki, yəqin qayınanam nəvəsinə şəhid qardaşının adının verilməsini istəyər. Çünki onun adını həmişə yanğı ilə çəkirdi. Ancaq o özü bizi çağırdı və dedi ki, uşağın adını Anar qoyun. Çünki Pərvin Anar müəllimi böyük bilir, Anar müəllim bizim də ailəmizin böyüyüdü. Təbii ki, bu, mənim də ürəyimcə idi və oğlumun adını Anar qoydum. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu