Hər kəs görüntü üçün çalışır

Xəzər dənizi otuz kilometr çay yatağına daxil olub, xəbərləri olmayıb. Yalnız mətbuat hay-küy salandan sonra necə deyərlər, təcili hadisə yerinə gediblər

Əsas məsələ birinci növbədə əhalini içməli su ilə təmin etməkdir. Dövlətin ayrıca bir neçə rayonda insanları içməli su ilə təmin etməsi çətin deyil

Bir anlıq qonşu ölkələrdən suların daxil olmamasını təsəvvür edin. Əsil vahimə onda yaranar. Biz öz ərazimizdəki su mənbələrinin qorunmasını düşünməliyik



"Araz aşığımızdan, Kür topuğumuzdan" deyə-deyə coşub-çağlayan Kürü, yatağına sığmayan Arazı da qurutduq. İlin-günün bu vaxtında pandemiya ilə mübarizə azmış kimi çaylarda suyun səviyyəsinin kəskin azalması da bir yandan dərd oldu bizə...

Məsələ sadəcə suyun səviyyəsinin aşağı düşməsi də deyil.  Çayda şirin su azaldıqca Xəzərdən çaya axan duzlu su bir neçə rayonda içməli su problemi yaradıb. Xəzərin suyunun Kürün suyuna qarışması isə təkcə ölkəni deyil, regionu ciddi ekoloji böhranla üz-üzə qoyub. Çayda suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Hətta həyətlərdə qazılmış su quyuları da quruyub. Su çatışmazlığı xüsusilə  Aran rayonlarında özünü kəskin şəkildə büruzə verir. Mütəxəssislərin fikrincə, Mingəçevir su anbarında suyun tənzimlənməsi problemi həll olunmayınca vəziyyət kritik olaraq qalacaq. Bu səbəbdən Kürdə suyun səviyyəsinin azalması ölkəmiz üçün ən az koronavirus qədər ciddi problem hesab edilir.  

Ekoloq Qorxmaz İbrahimli isə "Şərq"ə açıqlamasında tamamilə fərqli məqamlara toxunub. Onun sözlərinə görə, koronavirus bir pandemiyadır. Kürdə suyun azalması isə lokal adlandırıla biləcək bir problemdir:

"Məncə, nə pandemiya, nə Kür çayının hazırkı vəziyyəti təhlükə deyil. Ən təhlükəli olanı biganəlik və məmur məsuliyyətsizliyidir. Koronavirus cin şüşədən çıxan kimi Çindən üzü qərb istiqamətinə yola çıxanda bizim məmurlar və strateqlərimiz heç nə eləmədilər (Bizsə, vaxtında təkliflərimizi vermişdik). Eləcə də Kür çayındakı vəziyyət. Ölkənin ekoloji vəziyyətinə, kənd təsərrüfatına, su təsərrüfatına məsul bir çox nazirlik və institutlar var. Onlar Kür çayı daxil olmaqla ölkəmizin öz sahələrinə aid hər bir nöqtəsində vaxtaşırı araşdırmalar aparmalı, hesabatlar təqdim etməlidirlər. Ölkədə işləyən məmur demək olar çox azdır. Hər kəs görüntü üçün çalışır. Yaltaqlıq, korrupsiya və yalana başları elə qarışıb ki, Xəzər dənizi otuz kilometr çay yatağına daxil olub, xəbərləri olmayıb. Yalnız mətbuat hay-küy salandan sonra necə deyərlər, təcili hadisə yerinə gediblər. Bu dövləti heç saymırlar belə. Halbuki, qışdan Kür çayının mənbəyi və axarı boyu qar yağışının və yağıntıların azlığını bilməli, ön tədbirli olmalı idilər. Məlum ərazi Kür çayının mənsəbi olduğundan və dəniz səviyyəsindən aşağı olduğundan dəniz suyunun daxil olması normaldır. Hazırda Kür çayında sezona uyğun da azalmanı göz önünə alsaq, qorxulu bir şey yoxdur. Əsas məsələ birinci növbədə əhalini içməli su ilə təmin etməkdir. Dövlətin ayrıca bir neçə rayonda insanları içməli su ilə təmin etməsi çətin deyil və böyük bir əndişə yaratmaz.

- Kürdə suyun səviyyəsinin azalması ilə bağlı müxtəlif iddialar var. Sizin arqumentiniz nədir?

- İndi gursululuq dönəmi yox, suyun azalma çağıdır. Biz yay fəslindəyik. Hələ bir az da azalma müşahidə oluna bilər. Bundan başqa çay boyu yaşayış məntəqələrinin, - o cümlədən Bakı və Abşeron yarımadasının da bu sudan istifadə etdiyindən mənsəbdə azalma normaldır. Həlli yoluna gəldikdə isə Mingəçevir su anbarından istifadə olunaraq, çaya əlavə su buraxıla bilər. Ancaq son vaxtlar Türkiyə tərəfindən Kür çayı bizim ərazimizdən başlayır, istiqamətini istədiyimiz səmtə dəyişərik kimi bir bəyanatın daxil olduğunu dedilər. Buna ciddi baxmıram. Kür çayı axarı boyu yüzlərlə qaynaq və onlarla böyük çaylardan qidalanır. Kürdə suyun səviyyəsi payız yağışları ilə artacaq, narahat olmayın. Bir neçə il əvvəlki daşqınlarda necə olmuşdusa, indi də elə olacaq. Xüsusən də su qıtlığı yaşayan vətəndaşlarımız səbirli və bundan sonra  daha qənaətcil olsunlar.
Çünki  bizim israfçılığın qarşısını almaq kimi böyük bir dərdimiz var. Bu da mədəniyyət və ibtidai təhsillə bağlı bir problemdir. Hər yerdə bu məsələni qabardıram, amma nə fayda...  Tanrının bizə bəxş etdiyi Xəzərin belə  dəyərini bilmirik. Bir hissəsini məmur oliqarxlar hasarlayıb, qalan hissəsinə də kanalizasiya tullantılarını axıtmaq yeri kimi baxılır. Halbuki şəxsən özümdə olan xərçəng və ürək xəstəliyinin müalicəsində bu Tanrı hədiyyəsinin necə önəmi olduğunu bilirəm. 

- Problemin qarşısını almaq üçün çıxış yolu varmı? 

- Bir az gec qalmışıq. Ölkəmizin ərazisinə su daxil olması 31 kub kilometrdir. Bunun 10 kub kilometri daxili, 21 kub kilometri isə xaricdən daxil olan çaylar hesabınadır. Bir anlıq qonşu ölkələrdən suların daxil olmamasını təsəvvür edin. Əsil vahimə onda yaranar. Biz öz ərazimizdəki su mənbələrinin qorunmasını düşünməliyik. Meşələr qırılır, kömür, mebel, tikinti materialı kimi istifadə olunur. Yerində istirahət mərkəzləri, əyləncə yerləri düzəldilir. Nəticədə təbiət dəyişir, flora və fauna məhv olur. Quraqlıq güclənir, səhralaşma genişlənir və su mənbələri qurumağa başlayır. Bir yandan da qlobal istiləşmə sayəsində dağlarda buzlaqlar əriyir, yağıntıların miqdarı azalır. Quraqlığa, çayların qurumasına təkan verir. Biz isə gələcək nəsilləri düşünmədən korrupsioner məmurların əli ilə gəlirləri dağıtdıq. Su sahəsində də eyni durumdayıq. Meşələri məhv edirik. Alp çəmənliklərini sürülərimizlə otarıb axırına çıxırıq. Yeri gəlmişkən, məmurların hər birinin dağlarda minlərlə baş heyvanları var. 

 Çıxış yolu olaraq onu deyim ki, ibtidai təhsil haqqında yeni qanun qəbul edərək beşinci sinfə qədər övladlarımıza düzgün təhsil verməliyik. O dərslikləri öyrənən şagirdlər biz valideynlərini də təbiətə ziyan vurmağa qoymayacaqlar. Xüsusən su qıtlığı yarana biləcək aran bölgələrimizdə normal su barajları yaratmaq, selləmə suvarmasını qəti qadağan edib, fermerlərə çiləmə və damcı üsulunu tətbiq etmələri üçün vergi və kredit güzəştləri vermək lazımdır. Torpaqların şoranlaşmasının qarşısını almaq üçün kollektorları yeniləmək, kollektor sularını isə dənizə axıtmaq yerinə əhaliyə hamam, paltaryuma, maşınyuma, kiçikbaşlı heyvanları yuma kimi istifadəyə vermək olar. Nəticədə içməli şirin suya da tələbat azalacaq. Yəni bütün problemlərin açarı mədəniyyət, mədəniyyət, mədəniyyətdir! 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu