“BMT-nin sənədi ölkəmizin iqtisadi modelinin səmərəliliyini sübut edir"

“Bu reytinq göstəricisi Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının bariz nümunəsidir”


"Azərbaycanın BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması ölkəmizin iqtisadi modelinin səmərəliliyini sübut edir".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.
Deputat bildirib ki, reytinq göstəricisi Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının bariz nümunəsidir:




"Bunun nəticəsidir ki, Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb. Bu göstəricilərə görə Azərbaycan regional liderdir və 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.

Ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişə nail olub.

Davamlı inkişaf üzrə 17 məqsəddən yalnız birində - təhsilin keyfiyyətində geriləmə qeydə alınıb. Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Müqayisə üçün demək olar ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur".

Parlament üzvü qeyd edib ki, Azərbaycanın son 5 ildə əldə etdiyi bu uğurların əsas səbəbi 2003-cü ildən bu günə qədər keçən dövrdə əldə edilən nəticələrdir: 

"Ötən dövrə nəzər yetirsək görərik ki, Azərbaycanda hər bir iş ardıcıllıqla aparılır. Bütün layihələr bir-birini tamamlayır, ümumi, yüksək templi davamlı inkişafı təmin etmək üçün möhkəm zəruri təməl yaradılır. Reallıqdır ki, heç bir başqa ölkədə son on yeddi il ərzində sosial - iqtisadi sahədə bu qədər artım olmayıb.

Təbii ki, bu tərəqqinin başlıca səbəbi aparılan islahatlar, ölkəmizdə hökm sürən sabitlik, ictimai asayişin, etibar və etimadın təminidir. Sabitlik və düşünülmüş siyasət sosial-iqtisadi sahədə inkişafa da gözəl şərait yaradıb.

Azərbaycanda aparılan iqtisadi islahatlar siyasi islahatlarla tamamlanır və beynəlxalq praktikaya və şəraitə əsaslanmaqla reallaşır. Bu amillər arasında uzlaşma yaradılır. Artıq təsdiq olunan reallıqdır ki, bu irəliləyişin tempi dünya miqyasında analoqu olmayan göstəricidir"

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu