Tarix İnstitutunda “Sahilyanı dövlətlərin xarici siyasətində Xəzər problemi” kitabı çap edilib

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi-tədqiqat planına uyğun olaraq, bu günlərdə tarix üzrə fəlsəfə doktoru Mahir İbrahimovun “Sahilyanı dövlətlərin xarici siyasətində Xəzər problemi (XX əsrin sonu – XXI əsrin əvvəlləri)” adlı kitabı çap olunub.
Tarix İnstitutundan "Sherg.az"a bildirilib ki, kitabın ön sözünün müəllifi Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Yaqub Mahmudov, elmi redaktorları isə tarixçi alimlər Pərvin Darabadi və Cəbi Bəhramovdur.

Monoqrafiya Azərbaycanın beynəlxalq münasibətlər tarixinin aktual məsələlərindən birinə çevrilən Xəzər problemi və onun ətrafında cərəyan edən proseslərin tədqiqinə həsr edilib.

Tədqiqatın başlıca məqsədi Xəzəryanı ölkələrin mövcud problem üzrə yürütdükləri xarici siyasət kursunda əlaqələrin müasir vəziyyətini qiymətləndirmək, Xəzəryanı dövlətlər üçün bu məsələnin tarixi əhəmiyyətini müəyyənləşdirmək, onun həllində Azərbaycan və digər Xəzəryanı dövlətlərin ortaya qoyduqları mövqelərin obyektiv təhlilini vermək, habelə mövcud siyasi, iqtisadi, elmi-mədəni münasibətləri qarşılıqlı və kompleks şəkildə araşdırmaqdır.



Əsərdə bölgənin təhlükəsizliyində Xəzər probleminin həllinin vacibliyi konkret faktlarla göstərilir və bu prosesdə ulu öndər Heydər Əliyevin digər dövlətlərlə apardığı danışıqların, çevik siyasi manevrlərin mahiyyəti açılır.

Müəllif bildirir ki, təməli Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Xəzər diplomatiyası Azərbaycanın bugünkü rifah və firavanlığının əsas təminatlarından biridir.

Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan monoqrafiya beynəlxalq münasibətlər tarixi və siyasi elmlərlə məşğul olan mütəxəssislər, elmi işçilər, doktorantlar, tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu