Trampın xarici tələbələrə viza məhdudiyyəti iki məqsədə xidmət edir - Politoloq izah edir


  Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın xarici tələbələrə vizaların verilməsinə məhdudiyyətlər qoyulması haqqında qərarı mütəxəssislər geniş müzakirə edirlər. Politoloqlar, təhsil üzrə ekspertlər bu qərarın həyata keçirilməsindən irəli gələn mənfi nəticələri qabaqcadan hesablayır, Tramp və ABŞ dövlətinin nüfuzunun xarici ölkələr arasında düşəcəyini birmənalı proqnozlaşdırırlar.

Trampın bu qərarını “Sherg.az”a şərh edən BDU-nun professoru, politoloq Əlimusa İbrahimovun fikrincə, xarici tələbələr fərqli ölkələr üçün həmişə maraqlı olublar:

“Bildiyimiz kimi, xarici ölkələr üçün mütəxəssis hazırlamaq istənilən ölkənin xarici siyasətində mühüm yer tutan məsələsidir. Bütün ölkələr xarici tələbələrdən “yumşaq güc” kimi yararlanırlar. Onlar fərqli ölkələrin nüfuzunun qaldırılmasında və elmi potensialının genişləndirilməsində istifadə olunurlar. Bu sahədə müxtəlif zamanlarda bir sıra dövlətlər aparıcı rol oynayıblar.  Mövcud olduğu illərdə SSRİ bu sahədə çox böyük uğurlar əldə etmişdi. Öz nüfuzunu qaldırmaq üçün Afrika, Asiya, Şimali Amerikadan on minlərlə əcnəbi SSRİ-nin ali məktəblərində yüksək hazırlıq keçmişlər. Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti SSRİ-nin süqutuna qədər minlərlə xarici vətəndaşa ali məktəb diplomu vermişdir. Bu gün Rusiya Federasiyası SSRİ-ni xarici təhsil sahəsində siyasətini davam etdirir. Xalqlar Dostluğu Universiteti Rusiyanın aparıcı ali təhsil mərkəzidir. Müxtəlif fakültələrin əhatə etdiyi çoxsaylı ixtisaslar tədris olunur. 170 xarici ölkədən 77 mindən çox əcnəbi buranı bitirərək yüksək ixtisaslı mütəxəssis kimi yetişiblər. Onların sırasında 5500 nəfər Fəlsəfə doktoru və elmlər doktoru mövcuddur”.

Politoloqun sözlərinə görə, bütün dünyanı əhatə edən pandemiya tələbələr üçün əlavə çətinliklər yaradıb:

“Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Türkiyə xarici vətəndaşların müraciət etdiyi təhsil mərkəzləri hesab olunur. Bu ölkələr hər il xarici tələbə kontingentini artırmaqda davam edirlər. Bu mənada Trampın xarici tələbələrin vizalarına məhdudiyyət qoymaq haqqında qərarı həm ölkə daxilində, həm də xaricdə birmənalı qarşılanmayıb. Pandemiyanın Amerika təhsil sisteminə vurduğu ziyandan necə çıxacaqları barədə fikirləşdikləri zaman universitetlər üçün ABŞ administrasiyasının bu qərarı növbəti zərbə effekti yaradır. Universitetlər öz haqlı narazılıqlarını açıq şəkildə biruzə verirlər. Onlar üçün ayaqüstə və fəaliyyətlərini davam etdirmək olduqca çətinləşib. Amma xaricidən olan tələbələrə viza məhdudiyyətlərinin tətbiq olunmasına  pandemiyadan qabaq start verilmişdi. Bir müddət əvvəl universitetlərə birdən artıq onlayn kurs götürən tələbələrə viza vermək qadağan olunmuşdu. Pandemiya bu məsələni bir qədər də ciddiləşdirdi və Amerikada təhsil almaq istəyən xarici tələbələrə yeni məhdudiyyətlər gətirdi”.
   O, bu qərarın təsadüfi olmadığı qənaətindədir:

“Növbəti viza məhdudiyyətləri iki məqsədə xidmət edir: Xaricilərin ölkəyə girişinin minimuma endirilməsi və koronavirusun yayılmasının qarşısının alınması. Administrasiya artıq bu məqsədlə Çindən olan tələbələrə məhdudiyyətləri işə salıb. Artıq Çin vətəndaşları əvvəlki qaydada ABŞ-a gələ bilmirlər. Təbii ki, bunun da bir səbəbi Çinlə ABŞ arasında olan ticarət müharibəsidir. Tədbirlər artıq nəticəsini göstərir. ABŞ kolleclərində təhsil alan xarici vətəndaşların sayı 2015-16-cı tədris ilinə nisbətən 3 faiz azalıb. Yeni qəbul olunanların sayında azalma daha çoxdur: 10 faiz”. 
Professor, həmçinin vurğulayıb ki, bu qərar ABŞ-ın xeyrinə olmayacaq. Əksinə, ölkə ciddi təhlükələrlə üz-üzə qalacaq:

“ABŞ-da təhsil almaq istəyən xarici vətəndaşların sayında azalma ilk növbədə bu ölkə üçün ciddi maliyyə itkilərinə gətirib çıxaracaq. Təkcə bir faktı qeyd edək: Bu sfera 2018-ci ildə iqtisadiyyata 45 milyard dollar gəlir gətirmişdi. Bu məbləğin əhəmiyyətli hissəsindən məhrum olmağön indiki ABŞ iqtisadiyyatına necə böyük ziyan gətirəcəyini proqnozlaşdırmaq üçün heç də güclü iqtisadiyyatçı olmaq lazım deyil. İşsizlər ordusuna çoxsaylı universitet professorlarının da əlavə olunması Amerika hökumətinə yeni problemlər gətirəcək və ölkənin elmi potensialının son nəticədə zəifləməsi ilə nəticələnəcək. Xarici ölkələr də Amerikanın bu qərarında heç də razı qalmayacaqlar. Onlar öz vətəndaşlarını digər ölkələrin universitetlərinə göndərəcəklər. Çin, Rusiya və Böyük Britaniya yenə də yaranan boşluğu doldurmaq üçün bu sahədə öz xidmətlərini təqdim edəcək. Son nəticədə Amerika Birləşmiş Ştatlarının təhsil sisteminə uzun müddət düzəlməsi mümkün olmayan ziyan dəyəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu