"Ermənistan tarixin ən böyük məğlubiyyətini yaşayacaq" - Firdovsi Umudov 

"Beynəlxalq hüquq və tarixi həqiqət Azərbaycanın yanındadır"

"Dünya onu da çox gözəl dərk edir ki, Azərbaycan erməni tapdağındakı əzəli torpaqlarını işğaldan azad etmək haqqını özündə saxlayır" 



"İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozublar. Düşmən bölmələri artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. İşğlaçıların hücumunun qarşısını alarkən döyüşdə böyük rəşadətlər göstərən Ordumuzun hərbi qulluqçuları - baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhidlik zirvəsinə ucalıblar". 
"Sherg.az" xəbər verir ki, bu barədə  Azərbaycan Güləş Federasiyasının vitse -Prezidenti Firdovsi Umudov bildirib. Şəhidlərimizin  ailələrinə, yaxınlarına başsağlığı verən F.Umudov onlara Allahdan səbir diləyib:

"Allah rəhmət eləsin! Yerləri behişt, məqamları uca olsun ! Xəsarət alan digər əsgərlərimizə də Allahdan şəfa diləyirəm. Sözsüz ki, ölkəmizin, ərəzilərimizin bütövlüyü uğurunda canından, qanından keçən şəhidərimiz bu vətənin şah əsərləridirlər. Bu torpaq məhz belə qəhrəman oğullarmızın sayəsində VƏTƏN olub. Bu məqamda “Torpaq əgər uğurunda ölən varsa, VƏTƏNDİR” misrası tam yerinə düşür. Bütün xalqımızı birliyə, həmrəyliyə səsləyirəm. Cəbhədə döyüşən, düşmən həmləsinin qarşısını alan bütün əsgər və zabitlərimizə güc, qüvvət diləyirəm.

Tanrı onlara yar olsun! Bu gün bütün Azərbaycan xalqı orduya dəstəkdi, 7-dən 70-ə hər kəs ordumuzun yanındadır. Ordumuzda və əhalidə çox yüksək döyüş əhval-ruhiyyəsi var. Qeyd edim ki, belə həssas və kövrək məqamlarda əsas məsələlərdən biri də rəsmi mənbəyə istinadən xəbər paylaşmaqdır. Rəsmi təsdiqini tapmayan, dezinformasiyaların paylaşılması yalnız düşmənin işinə yarayar. Bu mənada bir daha çağırış edirəm ki, döyüş təkcə səngərdə getmir, savaş həm də sosial platforma və media üzərində davam edir.

Buna informasiya savaşı deyirlər. İnformasiya savaşında da diqqətli olmalıyıq. Hər gördüyümüzü, eşitdiyimizi paylaşmalı deyilik. Cəmiyyətin, ordunun psixoloji üstünlüyünü qoruyub saxlamalıyıq. Doğrudur, şəhid vermişik, gözümüz qan yaşlıdır. Bununla yanaşı, ölkəmizdə bu cür vətənpərvər, milli şüurda, milli əqidə və məfkurədə yetişən gənclərin olması,hətta çox olması olduqca arzuolunan haldır. Tovuzda şəhidlərimizin qarşılanma mərasiminə diqqət yetirmək bəs edir ki, ölkəmizdə milli-vətənpərvər ruhun yüksək olmasına şahidlik edəsən. 

Bu gün həm bir vətəndaş, həm bir idman ustası və zabit olaraq istənilən an hərbi mundiri geyinib torpaqlarımızın qorunması yolunda əmrə müntəzir müsəlləh əsgərəm kimi döyüşə hazıram. Nəinki mən tutduğu vəzifədən asılı olmayaraq hər kəs bu vətən üçün bir əsgərdir. Hər birimiz bu vətənin müdafiəsi yolunda canımızdan, qanımızdan keçməyə hazır olmalıyıq və hazırıq ! Himnimizdə səsləndirilən

Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu.

misraları şəhidlərimizin nə qədər böyük məharət və cəsarətə malik olmasından, ucalığından xəbər verir. Baxın, insanın ən doğal haqqı yaşamaq hüququdur. Azərbaycanın qüdrətli oğulları isə bu vətən, torpaq uğurunda ən doğal haqları olan yaşamaq hüquqlarından keçirlər. Şəhidlik ən əlçatmaz igidlik, qəhrəmanlıq nümunəsidir. Heç şübhəsiz ki, ölkədə milli-vətənpərvər ruhun bu qədər yüksək olması bu yöndə illərdir, aparılan uğurlu siyasətin nəticəsidir".

Vitse-prezident diqqətə çatdırıb ki, bu gün hər kəs cənab Ali Baş Komandan İlham Əliyevin “irəli” əmrinə hazırdır:

"Azərbaycanın müzəffər ordusu və müsəlləh əsgərləri var. Ordumuzun bu təxribatları da böyük şücaətlə dəff edəcəyinə inanıram. Çünki 2016-cı ilin aprelində də düşmən bu sayaq təxribatlara əl atdı, cəbhənin müxtəlif istiqamətlərindən hücuma keçdi. Lakin ordumuzun ayıq-sayıqlığı nəticəsində tutarlı cavab alıb, ağır itkilər verərək geri otuzduruldu.

Aprel döyüşlərindən sonra nəinki işğalçı Ermənistan, hətta ona havadarlıq edən ölkələr də ordumuzun gücünü, qüdrətini gördü. Və bununla da həm Ermənistan cəmiyyətində, həm də beynəlxalq ictimaiyyətdə “Güclü Ermənistan ordusu” mifi darmadağın oldu. Amma fikir verin, bu gün Azərbaycan ordusu dünya ölkələrinin orduları sırasında 50 –ci yerdə qərarlaşıb.

Bütün bunlar Azərbaycan ordusunun hər ötən gün gücləndiyini göstərir. Bundan başqa, Naxçıvanda 2018-cı ilin mayın 20-dən 27-nə qədər davam edən uğurlu Günnüt əməliyyatını da qeyd etmək zəruridir. Bu əməliyyat nəticəsində ordumuz böyük qəhrəmanlıq nümunəsi göstərərək bir neçə yüksəkliyi ələ keçirdi.

Aprel savaşı və Günnüt əməliyyatının şokundan ayılmayan Ermənistan cəmiyyəti və ordusu bu dəfə tarixin ən böyük fiaskosunu, məğlubiyyətini yaşayacaq. Beynəlxalq hüquq və tarixi həqiqət Azərbaycanın yanındadır.

Bunu bütün dünya bilir. Dünya onu da çox gözəl dərk edir ki, Azərbaycan erməni tapdağındakı əzəli torpaqlarını işğaldan azad etmək haqqını özündə saxlayır. Gün gələcək Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun qüdrəti və xalqımızın həmrəyliyi sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik. 
Yaşasın, Azərbaycan ordusu, yaşasın Azərbaycan əsgəri və yaşasın cənab Ali Baş Komandan !
Şəhidlər ölməzdi, Vətən bölünməz !"

Paylaş

Bizi Facebookda izləyin
menu
menu