Əlində daha təsir rıçaqları qalmayıb

İvanişvilinin seçkiyə qatılması vəziyyəti dəyişməyəcək

Oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərində hakim “Gürcü Arzusu”nun sədri, sabiq baş nazir, milyarder Bidzina İvanişvili iştirak edə bilər. Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxariya məlumat verib. Onun sözlərinə görə, partiyanın seçki siyahısında Bidzina İvanişvilinin də adı olacaq. Xatırladaq ki, 2016-cı ildə keçirilən parlament seçkilərində Bidzina İvanişvili iştirak etməyib. Partiyanın siyahısına həmin dövrdə baş nazir olmuş Giorgi Kvirikaşvili rəhbərlik edib.

Onu da bildirək ki, Gürcüstanda bu il parlament seçkiləri yeni sistem üzrə keçiriləcək. Konstitusiyaya edilən dəyişikliklər parlament seçkilərinin qarışıq sistem üzrə keçirilməsi ilə bağlıdır. Qanunverici orqana 120 deputat proporsional, 30 nəfər isə majoritar sistem üzrə seçiləcək. Qonşu ölkədə seçki öncəsi yaşanan prosesləri şərh edən ekspertlərə görə, bir zamanlar siyasətdən əl-ətəyini çəkdiyini iddia edən milyarder Bidzina İvanişvili yenidən aktiv siyasətə geri dönmək və proseslərə nəzarəti əldə saxlamaq niyyətindədir. Ancaq milyarderin istəkləri reallaşmaya da bilər, çünki hazırda ölkə ictimaiyyətinin “Gürcü Arzusu”na münasibəti heç də yaxşı deyil. 

Qonşu ölkədə cərəyan edən prosesləri “Şərq”ə analiz edən politoloq Qabil Hüseynli bildirib ki, Bidzina İvanişvili parlament seçkilərinə 75 namizədi proporsional qaydada təklif etməyi vəd etsə də, bundan vaz keçərək, sadəcə, 50 deputat irəli sürüb. Q.Hüseynlinin sözlərinə görə, bunun səbəbi Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının əhali arasında böyük reytinqə malik olmasıdır:

“Əgər seçki saxtalaşdırılmasa Saakaşvilinin partiyasının qalib gələcəyi şübhəsizdir. İvanişvilinin parlament səviyyəsində təkrar seçkiyə qayıtmaq istəməsi Saakaşvili qorxusundan irəli gəlir. Milyarder öz namizədliyini irəli sürməklə həm seçki prosesinə nəzarət etmək, həm də meydanı boş buraxmamaq istəyir”. 

Siyasi şərhçi hesab edir ki, qarşıdan gələn seçkidə “Gürcü Arzusu”nun qalib gəlmək şansı yox dərəcəsindədir:

“İvanişvilinin seçkiyə qatılması vəziyyəti dəyişməyəcək. Ola bilər, reallığın fərqində olan milyarder indidən müəyyən seçki hiylələri üzərində düşünür. Ən pis halda çalışır ki, seçkilərdə azlıqda qalsa belə deputatlıq toxunulmazlığı sayəsində öz mövqeyini və biznesini qorusun. Keçən seçkidə sabiq baş nazir əhalinin banklara olan borclarını ödəmək vədi ilə qələbə qazanmışdı. Ancaq indi əlində təsir rıçaqları qalmayıb. Ümumiyyətlə, bu şəxs qonşu ölkə üçün xeyirli adam sayılmır. Əgər seçki öncəsi Saakaşvili Gürcüstana geri dönə bilərsə, onun partiyası çox asanlıqla qutudan birinci çıxa bilər”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu