Qurban bayramı yaxınlaşır...

Vətəndaşların bilməli olduğu çox məqamlar var

Heyvan satışı və kəsimi ilə məşğul olanlar mütləq COVID-19 testindən keçməlidir


Koronavirus pandemiyası builki Qurban bayramına da təsir göstərəcək. Nazirlər Kabineti hələ mart ayında kütləvi dini mərasimlərin keçirilməməsini tövsiyə etmişdi. Sonra isə məlum karantin qaydalarına uyğun olaraq Ramazan bayramında kütləvi iftar süfrələrinin keçirilməsi qadağan edildi, bayram namazı məscidlərdə qılınmadı.

Din xadimləri də pandemiya dövründə Hazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl edilməsini vacib sayır. Eyni yanaşma qarşıdakı Qurban bayramına da aid ediləcək.

Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı tövsiyələrini artıq verib və Qurban bayramında kütləvi mərasimlərin keçirilməsinin, həmçinin bayram namazının məscidlərdə qılınmasının karantin dövründə məsləhət bilinmədiyini ölkə müsəlmanlarına elan edib.

Karantin  qaydaları qurbanlıq heyvanların kəsilməsinə də aiddir. Pandemiya dövrü olduğu nəzərə alınaraq qurbanlıq heyvanların sağlamlığının mütləq yoxlanması və əhaliyə sağlam heyvanların və ya sağlam ət məhsullarının satılması israrla tələb edilir.     

Kəsim yerlərində də gigiyenik qaydalara, sosial məsafə şərtinə əməl edilməsi vacibdir.  
Qida Təhlükəsizliyi Agentliyindən Qurban bayramı ilə bağlı açıqlama verilib. 

QTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib ki, bu il Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunmalı, heyvan satışı və kəsimi ilə məşğul olanlar COVID-19 testindən keçməlidirlər.

Q.Əbdüləliyev qeyd edib ki, kəsim və satış ilə məşğul olanlar maska taxmalı, ara məsafəsini gözləməlidirlər. Bu şəxslərə COVID-19 testini vermək isə mütləqdir. Çünki bayram günü agentlik tərəfindən mütəmadi reydlər təşkil olunacaq. Əgər kimdəsə testin cavabı olmasa, həmin şəxs müəssisədən kənarlaşdırılacaq.

Qalib Əbdüləliyevin sözlərinə görə, vətəndaşlar qurbanlıq ət və ya heyvanın alışını öncədən də sifariş edə bilərlər. Bunun üçün həm müxtəlif marketlərdə, həm də heyvan kəsimi müəssisələrində şərait yaradılıb.

Əti əvvəlcədən market və ya ət kəsimi məntəqələrindən sifariş edərək, müəyyən olunan vaxtlarda da ət kəsimi məntəqəsinə yaxınlaşaraq sifarişi təhvil almaq daha məqsədəuyğundur.

Bayramda ət kəsimi karantin şərtlərinə uyğun aparılmalıdır. Kütləvilik və anti-sanitar vəziyyətə şərait yaradılmamalıdır. Həmçinin heyvan kəsimində iştirak edən hər kəs həkim müayinəsindən keçməlidir. Sağlamlıq sənədi olmayan şəxslər bu işin icrasından uzaqlaşdırılacaqlar.
Qurbanı fərdi şəkildə kəsənlər şəxsi gigiyenaya diqqət yetirməklə ev şəraitində bunu həyata keçirə bilər.                                                                            

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu