Kifayət qədər valyuta ehtiyatı var

Qarşıdakı aylarda da yardımlar veriləcək


Sərt karantin rejiminin uzadılması ilə bağlı müxtəlif təkliflər var. Koronavirusa yoluxma sayının sıfıra enməsi üçün  60 gün müddətinə ölkədə hərəkətin məhdudlaşdırılması belə gözlənilir. Ekspertlər isə deyir ki, karantin uzadılacaqsa, vətəndaşlara sosial yardım ödənilməlidir. Ödənilmirsə, karantin tam götürülməlidir.

Belə ki, karantinlə bağlı ölkədə çox ciddi sosial böhran yaranıb. Əhalinin əksər hissəsi işini itirib və ya işinə gedə bilmir. Nəticədə milyonlarla insan gündəlik və ya aylıq gəlirindən məhrum olub. İşsizlərə ödənilən sosial yardımın isə həm məbləği çox az idi, həm də işsizlərin çoxu bu yardımdan faydalana bilmədi.

Maraqlıdır, növbəti karantin günlərində hökumət sosial güzəştlərlə bağlı hansı addımları ata bilər?  

Dövlət İqtisad Universitetinin rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə "Şərq"ə açıqlamasında hazırda cəmiyyət olaraq böyük bir sınaqla qarşı-qarşıya olduğumuzu deyib. Onun sözlərinə görə, bu sınaq cəmiyyət həyatının bütün sahələrini, o cümlədən də iqtisadiyyatı əhatə edir:

"Dünyada və ölkəmizdə tətbiq edilən karantin rejimləri Azərbaycan iqtisadiyyatını çətin vəziyyətə salıb. Cari ilin növbəti aylarında da bu proseslərin davam edəcəyi gözlənilir. Bu isə elə bir böhrandır ki, həm Azərbaycanda, həm də Azərbaycandan kənarda işləyən azərbaycanlıları əhatə edir və bu baxımdan digər böhranların çoxundan fərqlənir. Təqribi hesablamalara görə, hər il Azərbaycandan kənarda çalışan vətəndaşlarımız ölkəmizə 1-1,5 milyard dollar məbləğində valyuta göndərirdilər, pandemiya həmin valyuta axınını da minimum həddə çatdırıb. Rusiyada, Ukraynada, Türkiyədə və soydaşlarımızın çalışdığı digər ölkələrdə də iqtisadi fəallıq əhəmiyyətli dərəcədə aşağı düşüb".

Pandemiyadan ziyan çəkən ailələrin sosial problemlərinin həlli istiqamətində dövlətin ötən aylar üzrə müəyyən yardımlar etdiyini xatırladan E.Bağırzadə hesab edir ki, vəziyyət bu şəkildə davam edərsə, yardımların gələn aylarda da davam etdirilməsi qaçılmaz olacaq:

"Lakin hökuməti də anlamaq lazımdır. Qarşıdakı yolu açıq-aydın görə bilmir və buna görə də dəqiq maliyyə planlaşdırması aparması çətindir. Hazırda dünya tanımadığı, bilmədiyi bir "düşmən"lə mübarizə aparır. Bu, Azərbaycan hökuməti üçün də xarakterikdir.

Buna görə prosesin nə qədər davam edəcəyini, əldəki resursların hansı qrafik üzrə xərclənməsinin doğru olacağını müəyyən etmək çətindir.
Ona görə də çox güclü iqtisadiyyata malik olmayan bütün ölkələrdə hökumətlər mümkün qədər qənaətlə davranmağa çalışırlar. Amma bütün bunlara baxmayaraq, ortada bir həqiqət var ki, millət dövləti onu qoruyub, inkişaf etdirmək üçün qurur.

Dövlətlərin əsas vəzifəsi mənsubu olduğu milləti qorumaq və inkişaf etdirməkdir.

Bu gün dövlətlərdən aid olduqları millətləri qorumaq tələb olunur. Nə yolla olursa olsun, dövlətlər bunu etməlidir. Azərbaycan dövləti də bu baxımdan istisna deyil. Hazırda Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir. Neftin qiyməti də əvvəlki aylarla müqayisədə o qədər də aşağı deyil. Düşünürəm ki, qarşıdakı aylarda da Azərbaycan hökuməti bu yardımları edə biləcək vəziyyətdədir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu