Karantin olmasa yoluxma zəncirini qırmaq çətindir


Fazil Mustafa: "Əksinə, metro ilə yanaşı marşrut avtobuslarının da fəaliyyətinin dayandırılmasına ehtiyac duyulur"


Tibb elmləri doktoru, professor  Adil Qeybulla  karantin rejiminin birdəfəlik ləğv olunması təklifini irəli sürüb. Hazırkı mərhələdə karantin tədbirlərinin formal karakter daşıdığını vurğulayan professor əhalinin böyük  əksəriyyətinin artıq koronavirusa yoluxduğunu deyib.  Ekspert hesab edir ki, insanlara daha çox başa salmaq lazımdır ki, küçədə sosial məsafə gözləyərək, maska taxaraq bir-birini qorusunlar:

"Karantin elan olunur, bir yandan da avtobuslarda sıxlıqda gəzirlər, nə fərqi oldu? Ümumiyyətlə isə ilk dəfə tətbiq edilən karantinin yumşalmasından sonra yoluxma potensialı o qədər artıb ki, indiki halda qarşısını almaq mümkün deyil. Biz kollektiv immunitetə gedirik. Ona görə də karantin rejimini ləğv edib, insanlara  azadlıq verməliyik. Əhalinin 70 faizi günəmuzd işləyir. Onsuz da bir faydası olmayan karantin rejimini tətbiq edib, insanları işsiz qoyub, sosial durumlarını ağırlaşdırmaq doğru  yanaşma deyil". 

Tibb ekspertinin təklifini dəyərləndirən millət vəkili Fazil Mustafa isə mövcud situasiyada karantin rejiminin  ləğvinin ölkəmizdə Braziliya senarsinin təkrarlanmasına gətirib çıxaracağından narahatdır:   

"Koronavirusla bağlı rəy bildirən hər bir həkimin yanaşmasına hörmətlə yanaşıram. Tibb sahəsi  üzrə mütəxəssis olmadığım üçün irəli sürülən fikirlərin nə dərəcədə əsaslı olub-olmadığını ayırd etməkdə çətinlik çəkirəm. Amma şəxsi qənaətimə görə, karantin rejimi olmadan əhalinin  pandemiyaya qarşı mübarizə qaydalarına tam məsuliyyət və intizamla əməl edəcəklərini gözləmək sadəlövhlükdür. Əgər bizim insanlar vaxtında sosial məsafənin qorunması və maska taxılması ilə bağlı tövsiyələrə əməl etsəydilər, bu gün yoluxma bu həddə qədər yüksəlməzdi. Karantin rejimi olmadan bu məsələnin necə tənzimlənəcəyini təsəvvürümə belə gətirə bilmirəm. Əksinə, metro ilə yanaşı marşrut avtobuslarının da fəaliyyətinin dayandırılmasına ehtiyac duyulur. O cümlədən iş yerlərini açıb, insanların yalnız şəxsi maşınlarla iş yerlərinə getməsini təmin etmək lazımdır. Dediyim kimi, karantin rejimi olmadan  yoluxma zəncirini qırmaq çətindir. Karantin zamanı da əhalinin sosial tələbinin ödənməsi ilə bağlı müəyyən narazılıqlar  yaşanır. Karantin rejimi elan edən ölkələrin əksəriyyətində əhalinin sosial tələbatı qarşılandığı üçün  evdəqal çağırışları öz effektini verdi. Azərbaycanda isə iqtisadi problemi tam şəkildə həll etmək mümkün olmadı". 

Millət vəkili onu da deyib ki, ictimai nəqliyyatın fəaliyyətinin tamamilə dayandırılması fonunda şəxsi avtomobilləri olmayan vətəndaşlar xidməti servislər vasitəsilə iş yerlərinə aparılmalıdır:

"Müəssisə rəhbərliyi işçilərin şəxsi avtomobillər və ya taksi xidmətləri vasitəsilə daşınmasını həyata keçirə bilər. Avtobusdan təkcə işə gedənlər yox, şəhərə gəzməyə çıxanlar, sadəcə, vaxt öldürməyə çalışanlar da istifadə etdiyi üçün sıxlıq yaranır. Amma hər müəssisə öz işçilərinin xidməti avtomobillər və ta taksi vasitəsilə gediş-gəlişini təmin etsə, həm virusa yoluxma təhlükəsi aktuallaşmaz, həm də sosial durumla bağlı narazılıq yaranmaz". 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu