Düşmən hər dəfə cavabını alacaq

Mövqeyimizdən bir addım geri çəkilməmişik


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Prezident öz çıxışında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın növbəti hərbi təxribatına toxunub. 
Prezident  həmçinin Azərbaycanın əldə etdiyi beynəlxalq uğurların Ermənistanı və ermənipərəst dairələri çox narahat etdiyini qeyd edib:  “Azərbaycanın son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar ermənilərdə paxıllıq hissini daha da gücləndirib. Mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar onların təbliğatını alt-üst edir".

Dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatların mütəmadi xarakter aldığını qeyd edən ölkə başçısı deyib ki,  son bir neçə ay ərzində törədilən hərbi təxribatlar nəticəsində hərbçilərimiz və  mülki şəxslərimiz həlak olub. 



Azərbaycan ordusunun  bütün təxribatlara adekvat cavab verdiyini vurğulayan Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi,  politoloq İlyas Hüseynov "Şərq"ə açıqlamasında deyib ki, Ermənistan bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. 

  Ermənistan tərəfinin bütün cəhdlərinin iflasa uğradığını vurğulayan politoloq hesab edir ki, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilmədi:

"Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənə adekvat cavab verilib. Son dövrlər bu istiqamətdə intensivliyin artması bizə belə deməyə əsas verir ki, bu təxribat uzun müddət ərzində düşünülmüş planın tərkib hissəsi idi. Bütün məsuliyyəti isə  Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir.

Təxribat üçün Tovuz istiqamətinin seçilməsi heç də təsadüfi deyil. Bunun ardınca, ermənilərin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə və KTMT-nin Baş katibinə müraciət etməsi məsələnin əsl mahiyyətindən xəbər verir. Bildirmək istəyirəm ki, bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma sürükləyir".

Azərbaycan ordusunun  ölkəmizin ərazi bütövlüyünü bundan sonra da qoruyacağını və  sərhədlərinin keşiyində cəsarətlə dayanacağını vurğulayan politoloq deyib ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq:

"Dövlət başçısının da  öz çıxışında  dediyi kimi Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının işğalı ilə  barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik ki, onlar öz gözləri ilə vəziyyəti görsünlər".

İ.Hüseynov həmçinin Ermənistanda daxili vəziyyətin artıq böhranlı həddə çatması və daxili çaxnaşmaların geniş vüsət alması faktoruna da diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycanın son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar erməniləri çox narahat edir:

"Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurub. Digər tərəfdən, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar onların təbliğatını alt-üst edir.

Xüsusilə vurğulamaq lazımdır ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu yaxınlarda qondarma Dağlıq Qarabağ respublikasında keçirilmiş qondarma seçkilər nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edir.

Bu təxribatın digər səbəbi kimi son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atmasını göstərə bilərik. Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq təşkilatların Zirvə görüşləri keçirilib, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü 130-dan çox ölkə dəstəkləyib, Ermənistan isə bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü bütün dünyadan təcrid edib.

Əminliklə demək olar ki, beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Ermənistanda daxili vəziyyət kifayət qədər gərgindir. İki gün öncə baş verən hadisə təxribatdır və heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib.

Azərbaycan bütün imkanlardan istifadə edib özümüzü qoruyacaq və düşmənə yenidən onun öz yerini göstərəcək. Ölkəmizin keşiyində duran və dövlət sərhəddini qoruyan hərbçilərimizin vətənpərvərlik hissi ən yüksək səviyyədədir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu