Sən ağlama, Vətən!

4 şəhidimiz izdihamla dəfn olundu


İyulun 12-də Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin  Tovuz istiqamətində törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımız dünən doğulduqları torpaqlarda böyük izdihamla dəfn olunub.
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədovun cənazəsi  doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nüməyəndələri iştirak edib.
Şəhid ailəli olub, 6 aylıq oğlu var.

Ağstafadan olan 1987-cı il təvəllüdlü çavuş Vüqar Lətif oğlu Sadıqovun  dəfn mərasimi isə rayonun Yuxarı Göycəli kəndində keçirilib.  Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin rayon sakinləri iştirak ediblər. Qeyd edək ki, şəhid V.Sadıqov ailəli olub və 3 övladı var.



28 yaşlı şəhid baş leytenant Mahmudov Rəşad Rəşid oğlu üçün keçirilən  vida mərasimi isə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində baş tutub.  Şəhidin dəfn mərasimi keçirilib, dəfn mərasimində yerli sakinlər və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib. Xidmət aparan polis əməkdaşları ərazidə vətəndaşlara su və tibbi maska paylayıb.

Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgəri Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.
Şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə doğulduğu evə gətirilib. Vida mərasimindən sonra X.Daşdəmirovun cənazəsi qəbiristanlığa aparılıb. Kənd sakinləri şəhidin cənazəsini Azərbaycanın Dövlət Himni ilə yola salıblar. Dəfn mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri iştirak edib.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində  mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub, yaralılarımız var. 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu