“Türkiyə öz ordusu ilə Azərbaycan əsgərinin yanında olacaq”

“Qardaş ölkə həmişə olduğu kimi yenə də Azərbaycanın haqq işində onu dəstəkləyir”



Bu gün Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr fonunda müxtəlif ölkələrin tutduğu mövqelər mütəxəssislər tərəfindən araşdırılır. Xüsusilə münaqişə tərəfləri üçün qlobal və regional dövlətlərin mövqeləri olduqca əhəmiyyətlidir.
 İyul ayının 13-də iki ölkənin sərhədində baş verən döyüşlərə müxtəlif dövlətlərdən çağırışlar gəlməkdə davam edir. Bu çağırışlarda beynəlxalq təşkilatlar və nüfuzlu dövlətlər tərəfləri döyüşü dərhal dayandırmağı çağırırlar.

Cəbhədəki proseslərə dair “Sherg.az”a danışan BDU-nun professoru, politoloq Əlimusa İbrahimov bildirib ki, Türkiyə səssiz qala bilməzdi:

“Xarici İşlər Nazirliyi adından Azərbaycanın haqq işini müdafiə etdikləri haqqında bəyanat səsləndirildi və Mövlud Çavuşoğlu öz növbəsində Türkiyə xalqının ürəyindəkiləri ümumiləşdirib ifadə etdi: “ Can Azərbaycan həmişə olduğu kimi biz bu dəfə də sənin yanındayıq”.
Təbii ki, bu gözlənilən idi. Türkiyə münaqişədə həmişə Azərbaycanın yanında olub və dövlətin, beynəlxalq təşkilatların, yaranmış şəraitin və qanunların imkan verdiyi həddə Azərbaycana yardım edib. 
Bu gün vəziyyət əvvəlki illərdən fərqlidir. Bunu Ermənistan daha yaxşı başa düşür. Baş verən insidentdən daha çox Türkiyə Xarici İşlər Nazirliyinin və Mövlud Çavuşoğlunun bəyanatını manşetlərə daşıyır və narahat olduqlarını biruzə verirlər”.

Analitik vurğulayıb ki, Türkiyə həmişə olduğu kimi yenə də Azərbaycanın haqq işində onun yanındadır:

“Həmişə Türkiyə silah, hərbi sursat, texnika baxımdan yardım edirdisə, indi Türkiyə oz ordusu ilə Azərbaycan əsgərinin yanında olacaq. Onun qarşısını alacaq bir qüvvə artıq yoxdur. Türkiyə Liviyada Avropa və Ərəb ölkələrinin təhdidlərinə baxmayaraq geri çəkilmədi. Rusiyanın müasir silahları Türkiyədə istehsal olunmuş silahlar qarşısında aciz vəziyyətə düşdü. Fransa Prezidenti Makron nə qədər cəhd etsə də, Avropa Birliyini Türkiyənin Liviyadakı yardımının qarşısına almağa səfərbər edə bilmədi”.

Ə.İbrahimov qeyd edib ki, Misir Birləşmiş Ərəb Əmirliyi başda olmaqla digər Körfəz ölkələrini həmrəyliyə çağısa da, Türkiyəyə qarşı birləşmək təşəbbüsü nəticəsiz qaldı:

“Amerika Birləşmiş Ştatları Türkiyənin Rusiya ilə birgə həyata keçirdiyi silah sövdələşməsinə mane ola bilmədi. Türkiyə isə bütün təhdid və sanksiyalara rəğmən inamla öz siyasətini həyata keçirməkdə davam edir. Rusiya Suriyada Türkiyənin istəyi lə razılaşmaq məcburiyyətində qaldı və indi onların siyasəti bir-birini tamamlayır.

Regionun digər aktoru olan İran haqqında danışmaq üçün lüzum görmürəm. Sanksiyalar və pandemiya məngənəsində əzilən bu dövlətin Türkiyənin Azərbaycan siyasətinə qarşı çıxacağını təsəvvür etmək belə imkansızdır.

Bu gün Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün çox uğurlu bir şərait yaranıb. Ümid edirik ki, dövlət rəhbərimiz vəziyyəti layiqincə qiymətləndirib Azərbaycan xalqını qane edəcək uyğun qərarı tezliklə qəbul edəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu