“Düşmənin texnikası və canlı qüvvəsi məhv edilib”

“Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması bu sahədə görülən işlərin nəticəsidir. Ordumuz işğal altında olan torpaqlarımızı azad etmək qüdrətindədir”.
 
Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a açıqlamasında deyib.

V.Rəhimzadə qeyd edib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub: 



“Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmləsi nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib. Nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Cənab Prezident Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında da bu reallığı diqqətə çatdırdı ki, Ermənistan Tovuz rayonu istiqamətində hərbi təxribatı ilk hadisə deyil.

2016-cı ilin aprelində Ermənistan təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi. Onların sırasında bir uşaq da var idi. 26 mülki şəxs yaralandı. Yüzlərlə ev dağıdıldı. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi, bayrağımız azad edilmiş ərazilərdə qaldırıldı”. 

Baş redaktor vurğulayıb ki, düşmən mütəmadi olaraq atəşkəsi pozur, təxribatlara əl atır: 

“Ermənistan bu təxribatlarla beynəlxalq təşkilatların diqqətini Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətindən yayındırmağa çalışır. Azərbaycana qarşı həyata keçirdiyi işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir. Ermənistanın təxribatla məşğul olması birmənalı qarşılana bilməz.

Ermənistan Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməkdən imtina etdi. Baxmayaraq ki, bu ölkədə koronavirus daha çox yayılıb, ən əsası hakimiyyət bu xəstəliyin qarşısını almaqda acizdir. Reallıq budur ki, Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır.

Gün gələcək işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu