“Azərbaycan döyüşləri antiterror əməliyyatı ilə başa vurmalıdır”

Ermənistanın Tovuzda törətdiyi təxribat təkcə hərbçiləri yox, jurnalistləri, siyasətçiləri də hərəkətə gətirib. Politoloqlar çıxış yolu axtarır, mövcud vəziyyəti təhlil edirlər. Fikirlər müxtəlif olsa da, ümumi nəticə eynidir: düşmən layiqli cavabını almalıdır. 
 
Sosial tədqiqatlar mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu hərbi əməliyyatların nəticələri barədə “Sherg.az”a proqnoz verib: 

“Son otuz ilin ən ideal şəraiti yetişib. Heç bir regional və qlobal güc Azərbaycana buna görə irad tutmayacaq. Paşinyanın müharibədən sonra devriləcəyini düşünürəm. Döyüşlərin şiddətlənməsi onun son şansı, Bakının isə imkanlarının genişlənməsidir. Həmçinin pandemiya cəbhəsini Qarabağa keçirməklə onun gətirdiyi problemlərin də ağırlığını müharibəyə yükləməklə Azərbaycan cəmiyyəti daha üstün mövqe qazana bilər. Üstəlik, nəzərə almaq lazımdır ki, Rusiya Paşinyana nifrət edir, KTMT iclasını təxirə salır. Ukrayna, Türkiyə bizi müdafiə edir. İranla Gürcüstan isə məsələyə loyal yanaşır. Ermənistan son şansını aprel müharibəsində - Putinin Əliyevə zəngi ilə itirdi, indi zəng edib, nə deyəcək? Həm də Azərbaycan ilə ən yaxşı münasibəti olduğu zamanda”. 

Ə.Əlibəyli bildirib ki, diqqətli olmalı, təkcə cəbhədə yox, informasiya məkanında da ehtiyatı əldən verməməliyik:

 “Azərbaycan döyüşü genişləndirib əməliyyat sahəsini Dağlıq Qarabağa və işğal edilmiş rayonlara yaymalı, antiterror aksiyası ilə prosesi başa vurmalıdır. ABŞ zatən sərhəd xidmətini gücləndirir, formalaşdırır və möhtəşəm bir güc inşa edir.  Azərbaycan ordusu isə öz gücü hesabına Dağlıq Qarabağ xaric, digər işğal olunmuş rayonları çox rahat şəkildə azad edə bilər.  Bundan sonra bütün danışıqlar prosesi Ermənistan və birbaşa himayəçiləri ilə aparmaq mümkündür. Onu da deyim ki, Azərbaycanda erməni dilinin tədrisi xüsusi təyinatlı təhsil müəssisələrində məcburi olmalıdır. O cümlədən, sərhəd rayonlarında. Müdafiə Nazirliyinin mətbuat xidməti adekvat, operativ olmaqla və ictimai rəyi idarə etməklə cəmiyyəti də arxasınca apararsa,  şayiələrə meydan qalmaz.  Beynəlxalq hüquq heç bir rol oynamasa da,  istifadə edilməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu