“...Azərbaycan ordusu genişmiqyaslı müharibəyə başlaya bilər”

Azərbaycan və Ermənistan qoşunları arasında münasibətlər son dərəcə kəskinləşib. Dövlət sərhədinin Tovuz istiqamətində  intensiv  döyüşlər gedir. Üstünlüyü ələ alan ordumuz düşmənin xeyli sayda canlı və hərbi- texniki qüvvəsini məhv edib, çoxsaylı müdafiə istehkamlarını dağıdıb. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.  Buna rəğmən itkilərimiz də yox deyil. Dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə ordumuz 11 şəhid verib. 

 Döyüş zamanı ön xətdə olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev  də qəhrəmancasına şəhid olublar. Bu hal Azərbaycan Ordusunda generallarla əsgərlərin bir çərgədə, ön sırada düşmənə qarşı vuruşduğunu əyani şəkildə təsdiq edir.

Bir daha sübut  olundu ki, Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək, dogma torpağını müdafiə etmək üçün öz canını hər  an qurban verməyə hazırdır.
Məhz Ermənistan ordusunun generallarıdır ki, sıravi əsgərlərin arxasında gizlənərək öz canlarını qorumaqla məşğuldurlar.

Azərbaycan xalqı belə qəhrəman generalları, zabitləri olan milli ordumuzla fəxr edir.

Ermənilərin hər hansı istiqamətdə təxribat törədəcəyi haqqında Azərbaycan Ordusunun əvvəlcədən məlumatlı olduğunu vurğulayan  hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bu barədə ordu rəhbərliyinə müxtəlif mənbələrdən məlumat verildiyini deyib. 

Görünür bütün diqqət düşmənlə təmas xəttinə, işğal zonalarına yönəldiyi üçün düşmən digər istiqamətlərdə təxribatlar törətməyə cəhdlər edib. Ancaq Azərbaycan Ordusunun bölmələri qabaqlayıcı tədbirlər görərək ermənilərin bu cəhdlərinin də  qarşısını alıb: 

"Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da irimiqyaslı təlimlərdən sonra şəxsi heyətin qarşısına tapşırıq qoyarkən bu məsələyə diqqət yetirib ki, erməni tərəfi hər an təxribat törədə bilər. Bu təxribata biz hazır olmalıyıq. Ondan sonra bilirsiniz ki, Müdafiə naziri dəfələrlə cəbhə bölgəsinə gedib və orada vəziyyətlə yerində tanış olaraq lazımi göstərişlər verib. Əslində may ayında Şuşada keçirilən andiçmədən sonra cəbhə xəttindəki gərginliyin artması fonunda praktiki hərəkətlərin olacağı istisna deyildi. Hətta düşmən ölkənin rəhbərliyi dəfələrlə Bakını belə vuracağıq, infrastrukturu elə dağıdacağıq kimi pafoslu açıqlamar da verirdi. Lakin biz təxribatların daha çox orduların təmas xəttində törədiləcəyini gözlədiyimiz üçün Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində  təxribat törətməyə cəhd göstərdiyini ehtimal etmirdik. Sözügedən bölgədə nisbətən sakitlik olurdu.  
Ermənistan silahlı qüvvələrinin bölmələri isə Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Yəni Azərbaycanın dövlət sərhədini pozaraq irəliləmək fikrində olub. Lakin düşmənin bu təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən alınıb, düşmən itkilər verərək geri çəkilib".

  Dövlət sərhəddində  törədilən bu təxribatın təsadüfi olmadığını vurğulayan Ş. Ramaldanovun sözlərinə görə, ermənilərin ümidlərini doğrulda bilməyən Paşinyan hakimiyyəti xalqla ciddi qarşıdurma həddindədir. Artıq Paşinyanın populist çıxışları heç kimə maraqlı deyil: 

" Eyni zamanda pandemiya dövründə də Ermənistanda sosial vəziyyət daha gərginləşib. Bu vəziyyətdə daxili problemlərdən cəmiyyətini yayındırmaq üçün həmişəki kimi belə üsullardan istifadə edir. Yəni, düşmənin məqsədi dövlət sərhədində müəyyən gərginlik törətmək və diqqəti oraya yönəltməkdir. Artıq Dağlıq Qarabağ cəbhəsində törədilən təxribatlar Ermənistan cəmiyyətini o qədər də narahat etmir. Bu məsələ bilavasitə separatçı rejimlə əlaqələndirilir və sadəcə orada xidmət edən erməni əsgərlərinin valideynləri  narahatlıq keçirir. Yerdə qalanlar isə Qarabağdakı döyüşlərə, atəşkəs pozuntularına vərdiş  edib. Dövlət sərhədində belə bir təxribatın törədilməsi isə  bütünlükdə erməni cəmiyyətinin və ictimaiyyətinin diqqətini cəlb edir". 

Ekspertin sözlərinə görə, ermənilərin bir məqsədi də  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin diqqətini problemə cəlb etməkdir: 

“Rəsmi İrəvan xeyli müddətdir KTMT-ni  Dağlıq Qarabağla bağlı münaqişəyə cəlb etməyə çalışır. Bu təşkilat isə münaqişənin onlara aidiyyartı olmadığını, ona hansısa formada müdaxilə etməyə səalhiyyətlərinin çatmadığını bildirir. KTMT-nin əsasnaməsinə görə, üzv ölkələrdən birinə hücum bütövlükdə hamıya hücum sayılır. Ona görə Ermənistan dövlət sərhəddində təxribatlar törədib üzv dövlətlərin sanksiyasına məruz qoymaq üçün ciddi cəhdlə bu məsələdə Azərbaycan tərəfi günahkar çıxarmağa çalışır. Onların məqsədi “Azərbaycan Ermənistana hücum edib” fikrini təbliğ edərək sərhəd məsələsinə təşkilatı da cəlb etməkdir". 

Ş.Ramaldanovun sözlərinə görə, Ermənistanın  dövlət sərhəddinin Tovuz istiqaətində sabitliyi pozmasının digər bir səbəbi də  Azərbaycanın  Ermənistanla sərhədə Dövlət Sərhəd Xidmətinin bölmələrini yerləşdirməsi ilə bağlı atdığı addımlardır:

"Bu istiqamətdə ölkəmizdə xeyli işlər görülüb. Artıq Qazax rayonu istiqamətində mövqelər sərhəd xidmətinin bölmələrinə təhvil verilib. Bu prosesin davamı Tovuz ərazisi idi. Ermənistan Tovuz istiqamətindəki vəziyyəti qəsdən gərginləşdirir ki, Azərbaycan Ordusu Müdafiə Nazirliyinə tabe olan hərbi bölmə və hissələri oradan çıxarmasın. Bu, sərhəd xidmətinin təşkilini gecikdirmək məqsədi daşıyır. Onların fikrincə, orada azad olunan və boşalan Müdafiə Nazirliyinin hərbi hissələri ehtiyat kimi Dağlıq Qarabağda antiterror əməliyyatlarında istifadə edilə bilər. Bunun qarşısını müəyyən qədər almaq üçün Tovuz istiqamətində bu təxribatın həyata keçirilməsi reallaşdı".

Müdafiə naziri Zakir Həsənovun münaqişə ilə bağlı çıxışını xatırladan Ş.Ramaldanov vurğulayıb ki, cənab general- polkovnik ermənilərin  hər hansı təxribata əl atacağı halda Azərbaycan ordusunun adekvat cavab verəcəyini bildirib: 

"Ola bilsin Ermənistan nazirin bu açıqlamasından ehtiyat edərək dövlət sərhədinin Tovuz istiqamətində qarşıdurma yaradıb ki, Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yoxdur və heç bir halda Ermənistanın dövlət sərhəddini keçməyəcək. Bu təxribat cəbhə bölgəsində törədiləcəyi halda Dağlıq Qarabağda  antiterror əməliyyatları adı altında Azərbaycan ordusu genişmiqyaslı müharibəyə başlaya bilər. 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu