Deputatdan MÜHÜM ÇAĞIRIŞ: “Düşmənin informasiya “tələ”sinə düşməyin !” 

“Düşmən təxribatının media məkanımızı və ictimai rəyimizi manipuliyasiya etməsinə izin verməməliyik" 


Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və  Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. 


Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınıb. Azərbaycan Ordusunun həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.

Dövlət sərhəddində baş verən gərginliyi "Sherg.az"a  şərh edən millət vəkili Hikmət Babaoğlu növbəti uğursuzluqdan sonra  işğalçı Ermənistan müxtəlif istiqamətlərdə yeni siyasi - diplomatik və informativ təxribatlara əl atmağa başladığını deyib. Onun sözlərinə görə, Ermənistan  müxtəlif regional və beynəlxalq təşkilatlara yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etməyə başlayıb: 

"Lakin heç bir dövlət və beynəlxalq təşkilatdan arzu etdiyi münasibəti görə bilmədi. Hətta ən çox ümid etdiyi və elə ən çox da münaqişəyə tərəf kimi cəlb etmək istədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə Ermənistanın çağırışı ilə bağlı heç formal toplantı belə keçirmədi. İndi isə Ermənistan informasiya təxribatı etməklə Azərbaycanın informasiya məkanına müdaxilə etməyə çalışır, ölkəmizdə olan ictimai həmrəyliyi pozmağa cəhd gösərir. Müxtəlif vasitələrlə sosial media platformasına guya Azərbaycanın öz itkilərini gizlətdiyi ilə bağlı dezinformasiyalar ötürür . Bu düşmənin informasiya təxribatıdır . Əsla və əsla bu təxribata inanmaq, onu ciddiyə almaq olmaz. Əslində itkiləri gizlədən Ermənistandır və işğalçı ölkənin sosial mediası bu cür xəbərlərlə doludur".

H.Babaoğlu qeyd edib ki, sosial media iştirakçıları çoxsaylı erməni hərbçilərinin şanlı ordumuz tərəfindən öldürülməsilə bağlı arqumentləşdirilmiş xəbərlər yaysa da, işğalçı ölkənin rəsmi qurumları hələ də bunu etiraf etmək istəmirlər: 

"Ancaq operativ əməliyyatla bağlı Azərbaycanın rəsmi qurumlarının yaydığı videogörüntülərdən də aydın olur ki , düşmən canlı qüvvə baxımından da çoxsaylı itki verib. Hazırda erməni tərəfi bu görüntülərin işğalçı ölkədə də izlənildiyini bilir və bunu ört-basdır etmək üçün kimi vəziyyəti bir növ balanslaşdırmaq istəyir. Ona görə də bizim sosial məkanımıza yalan informasiyalar ötürməklə öz etdiyini , yəni itkiləri gizlətdiyini guya Azərbaycan edirmiş kimi bir rəy formalaşdırmağa çalışır.

Bu reallığı əks etdirmir və sosial şəbəkə iştirakçlarımızın heç biri düşmənin bu informasiya təxribatı tələsinə düşməməlidir.  Erməni təxribatı başlayandan bəri Müdafiə Nazirliyinin müvafiq qurumları heç bir halda hadisəylə bağlı informasiya qıtlığının yaranmasına yol vermədilər və real informasiyanı Azərbaycan mediası və ictimaiyyətlə bölüşdülər. Biz buna inanmalıyıq və əsla düşmən təxribatının media məkanımızı və nəticə etibarilə ictimai rəyimizi manipuliyasiya etməsinə izin verməməliyik".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu