“Ermənistan generaliteti belə qüvvətli əks-zərbə gözləmirdi”

“Ermənistan-Azərbaycan sərhədində baş verən təxribat Paşinyan hakimiyyətinin xarici düşmən mövzusunu qabartmasına və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri bu yolla gündəmdən çıxarmasına hesablanıb”.

Bunu “Sherg.az”a Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, Paşinyan xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmağın mümkün olacağını düşünür: 

“Amma bu tamamilə yanlış yanaşmadır, kökündən səhv proqnozdur. Paşinyana bu məsləhəti verən, belə bir avantürist fəaliyyət planını təqdim edən ekspertlər, müşavirlər əslində ciddi şəkildə yanılıblar. Çünki hazırda Ermənistanda hakimiyyətə qarşı həm xalqın, həm də müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir.

Artıq Paşinyanın hakimiyyətinin süqutu prosesi geridönməz xarakter alır. Odur ki, Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdləri boş bir xülyadır. Bu cəhdlər hər hansı bir müsbət nəticə verə bilməz. Nəticə yalnız mənfi nəticə ola bilər və oldu da. Milli Ordumuz tərəfindən görülən adekvat cavab tədbirləri düşmənə həqiqətən də layiqli cavab oldu.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzduruldu. Onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi şəkildə zərər yetirildi və beləliklə, Ermənistanın təxribatna növbəti dəfə qətiyyətli cavab verilmiş oldu. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib”.

Analitik bildirib ki, Ermənistan rəhbərliyi və generaliteti belə bir adekvat və qüvvətli əks-zərbəni gözləmirdi: “

“Düşmən ciddi şəkildə məğlubiyyətə uğradıldı. Ona görə də, növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyətinin məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti aldatmağa çalışması tamamilə təbiidir. Azərbaycan Ordusunun güclü cavab zərbəsindən pərt olan və diskomfort vəziyyətinə düşən Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi başa düşüləndir.

Lakin Paşinyan hökumətinin bu cür riyakar davranışı, xüsusən də Müdafiə naziri David Tonoyanın dünənki insident nəticəsində baş verən ölüm faktlarını gizlətməyə çalışması Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub.

Düşmən ölkədə etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu