KTMT-dən Ermənistana xəbərdarlıq:“...Bu təşkilatın yardımına ümid etmə!”

Dünən Prezident İlham Əliyevin sədrliyi ilə Təhlüksəzlik Şurasının  növbəti iclası keçirilib. Dövlət başçısı iclasda çıxış edib, sonra isə toplantı qapalı davam edib. Prezident İlham Əliyev çıxışında bir sıra vacib məsələlərə toxunub və Tovuzda baş verən təxribatın bütün məsuliyyətini Ermənistan hərbi-siyasi hakimiyyətinin daşıdığını deyib. 
Görüşü “Sherg.az”a təhlil edən BDU-nun professor, politoloq Əlimusa İbrahimovun fikrincə, düşmən tərəfinin təxribatı müəyyən məqsədlərə xidmət edir: 

“Sərhəddə baş verən döyüşlərlə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasının növbədənkənar  iclasının çağırılması haqqında qərar qəbul etməsi Ermənistan hakimiyyətini nə qədər sevindirmişdisə, iclasın qeyri müəyyən vaxta qədər təxirə salınması onu bir o qədər məyus etdi. Axı bu işğalçı dövlət öz əməllərini ört-basdır etmək və eləcə də üzvü olduğu təşkilatı öz arxasında görmək üçün var qüvvəsi ilə çalışırdı.

Ermənistan rəhbərliyi düşünürdü ki, başda Rusiya olmaqla bir qrup dövlət onun işğalçılıq siyasətini dəstəkləyəcək və mütəmadi törətdiyi təxribatlara haqq qazandıracaq.

Buna görə də növbəti təxribatı məhz Ermənistan-Azərbaycan sərhəddində törətdi. Ermənistanın bu təxribata başlamasının digər müxtəlif səbəbləri də mövcuddur: ölkədə iqtisad vəziyyətin son dərəcə pisləşməsi, pandemiyanın yaratdığı çətinliklərin daha da ciddiləşməsi, Paşinyan hakimiyyətini kütlə qarşısında verdiyi vədlərə əməl edə bilməməsi və sair. Lakin KTMT-nin münaqişəyə cəlb etmək işğalçı dövlətin çoxdankı arzusu idi”. 

Ə.İbrahimov təşkilatın Ermənistanın növbədənkənar iclas çağırmaq təşəbbüsünü cavabsız qoymasını təsadüfi hesab etmir:

“Bunun bir sıra səbəbləri var. Birincisi, KTMT-nin7 üzvündən hər biri ayrı-ayrılıqda Azərbaycanla çox yaxın münasibətlərə malik olan ölkələrdir. Onlardan hər biri Ermənistanın işğalçı dövlət olduğunu yaxşı bilir və yeri gəldikcə onu işğalçı siyasət yeritdiyinə görə ifşa edirlər. İkincisi, bu dövlətlərin hər birində həll olunmamış münaqişələr mövcuddur və onlar da nə zamansa eyni duruma düşə bilərlər. Bu gün Ermənistanın tələbi ilə iclas çağırmaqla onlar işğalçını dəstəkləmiş ola bilərdilər. Ona görə onlar işğalçının yanında durmaqdan imtina etdilər və ona başa salmağa çalışdılar ki, bir təşkilatda yer tutmağımıza baxmayaraq biz haqqın tərəfindəyik.

Üçüncü, səbəb Ermənistanın müxtəlif problemlərlə bu təşkilatı təngə gətirməsidir. KTMT Ermənistanın yardım üçün mütəmadi  müraciət etdiyi təşkilatdır.

Xüsusilə, Paşinyan hakimiyyətə gəldikdən sonra həll edə bilmədiyi iqtisadi məsələləri bu təşkilatın əli ilə həll etməyə çalışır. Pandemiya ilə mübarizədə yardım, Rusiyada alınan qazın qiymətlərinin aşağı salınması, Rusiya ilə dəmiryolu xəttinin açılması-bütün bunlar Ermənistanın son bir ildə bu təşkilatın köməyi ilə həll etməyə çalışdığı məsələlərdir. Dördüncü, bu təşkilatda başa düşürlər ki, Ermənistanın xahişi ilə bu gün fövqəladə iclasın çağırılması sabah onun iştahını daha da artıracaq.

O, sabah Azərbaycanla müharibədə qoşun, hərbi sursat tələb edəcək. Türk dövlətlərinin böyük nüfuz sahibi olduğu təşkilatın belə addım atacağı sadəcə mümkün deyil.Həmçinin Ermənistan son iki ildə KTMT-ni amorf bir qurum kimi müxtəlif beynəlxalq tribunalardan səsləndirib. Bu da ona təşkilatı aşağıladığına görə verilən layiqli cavab idi. Və, nəhayət, sonuncu, KTMT bununla  Ermənistana xəbərdarlıq etdi ki, Azərbaycanla gələcək müharibədə bu təşkilatın yardımına ümid etməsin”

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu