“Azərbaycan Türkiyə ilə hərbi saziş imzalamalıdır” – AKTUAL ŞƏRH

Tovuzda işğalçı Ermənistanın törətdiyi təxribat çərçivəsində baş verən hərbi əməliyyatlar davam edir. Ordumuzun generalları əsgərlərimizlə birgə çiyin-çiyinə ön cəbhədə düşmənlə mübarizə aparırlar. 
Ermənistan Silahlı Qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs - Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944 cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğlu həlak olub. 

Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür. Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub. Beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamalıdırlar.



Son aylarda Azərbaycanla Ermənistan sərhəddində qarşıdurmaların davam etdiyini deyən politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında bildirib ki, ən müasir artilleriyanın iştirakı ilə bu cür döyüşlər müşahidə edilməmişdi.  Analitikin sözlərinə görə, nədənsə Qazaxda işğal olunmuş bəzi bölgələrdə bu döyüşlər başlamadı:

“Çünki belə olduğu təqdirdə Azərbaycan əks hücuma keçib və indiyə qədər düşmənin işğalında olan Qazax torpaqlarını geri qaytara bilərdi. Amma Tovuzda ermənilərin işğal etdikləri ərazilər mövcud deyil. Çox maraqlıdır ki, bu döyüşlər birbaşa sərhəddə gedir. Təbii ki, bu da Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bilavasitə səlahiyyət çərçivəsinə aiddir. Hiss olunur ki, Ermənistan həqiqətən də KTMT-ni və bu təşkilatın nüvəsi olan Rusiyanı prosesə cəlb etmək istəyir. Əslində bununla həm də Rusiyanı çətin vəziyyətə salır. Çünki artıq Ermənistanda anti-Rusiya ovqatı formalaşmaqdadır. Siyasi müstəvidə hətta Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasının Ermənistandan çıxarılması haqqında çağırışları da müşahidə etməkdəyik. Düşünürəm ki, bunlar əvvəlcədən ictimai rəyi hazırlamaq üçün verilmiş çağırışlar idi. Davamı olaraq isə qəflətən Tovuzda hərbi təxribatlar başladı. Təbii ki, Paşinyan hökuməti bu məsələdə KTMT-ni prosesə cəlb etmək istəyir. Hətta KTMT başda Rusiya olmaqla bu prosesə cəlb olunmasa, birmənalı olaraq Ermənistan hərbi cəhətdən dəstəklənməsə, bu, Paşinyan hökümətinə yeni imkanlar yaradacaq. Erməni ictimaiyyətinə deyiləcək ki, Ermənistan uzun illər Rusiyanın vassaslı olmasına rəğmən belə çətin vəziyyətdə Rusiya Ermənistanı Azərbaycanla təkbətək buraxdı. Fikrimcə, bu arqument Ermənistan üçün çox həssasdır. Bunu səsləndirmək üçün artıq ideoloji baza yaradılır. Məsələnin kökündə duran əsas qayə budur”. 

Politoloqun qənaətincə, Qərb dünyası, xüsusilə ABŞ-da Paşinyana inqilabda kömək edən və inqilabın baş tutması üçün milyonlarla vəsait ayıran SOROS kimi qlobal maliyyə gücləri də prosesi  tətikləyə bilər:

“Çox maraqlıdır ki, bu hadisələr məhz Türkiyə rəhbərliyinin Aya Sofyanın yenidən məscidə çevrilməsi ilə bağlı verdiyi qərardan sonra baş verdi. Fikrimcə, Azərbaycan üzərindən Türkiyəyə verilən bir mesaj ola bilər”.

N.Miri qeyd edib ki, Türkiyənin siyasi hakimiyyətində, hətta AKP-də funksionerlərin əksəriyyəti artıq Dağlıq Qarabağda işğal olunmuş ərazilərin azad olunma vaxtının gəldiyini bəyan etdilər. Bu günə qədər olan heç bir döyüşlərdə və hərbi təxribatda Türkiyə dövləti bu qədər açıq və radikal çağırışlarla çıxış etməyib:

“Türkiyə də anlayır ki, əslində Tovuzda baş verən hərbi təxribat dolayısı ilə Türkiyəyə Azərbaycan üzərindən verilən bir mesajdır. Ona görə də bu çox mürəkkəb bir labirintə bənzəyir. Amma Paşinyan höküməti labirinti özünün xeyrinə çevirmək istəyir. Ağır zərbə almaqlarına rəğmən Ermənistan ordusu geri çəkilmir. Hazırda Tovuzda açıq müharibə getməkdədir. Hətta Azərbaycanın general və polkovnikləri bir əsgər kimi səngərdə ermənilərlə döyüşmək məcburiyyətində qalıb”. 

Analitik vurğulayıb ki, ermənilər güclü zərbə alıb döyüşdən geri çəkilmirsə, deməli, Paşinyan hökumətinin konkret gözləntiləri var:

“Bu gözləntiləri Paşinyan hökuməti yaxın gələcəkdə siyasi uğura çevirmək istəyindədir. İlk növbədə Rusiya prosesə müdaxilə etməsə, xalqa bildiriləcək ki, “Rusiya bizi Azərbaycana satdı. Rusiyanın Azərbaycana satdığı silahlarla erməni oğulları məhv edilir. Ona görə də bundan sonra ciddi şəkildə Rusiyaya inteqrasiyadan imtina etmək və qərbə inteqrasiya xəttini möhkəmləndirmək lazımdır”. Bu, Paşinyan hökümətinə ciddi bəhanə verə bilər. Əsas hədəflərdən biri budur. Digər hədəf Qərb dövlətilərinin dolayısı ilə Azərbaycan üzərindən Türkiyəyə verdiyi mesajdır. Hər bir halda gün bu gündür və Ermənistan hərbi təxribata yol verib. Düşmənin nəfəs ala bilməməsi üçün təcili qaydada müharibə Qarabağ cəbhəsinə transfer edilməlidir ki, qüvvələr Qarabağ cəbhəsindən Tovuza göndərilə bilməsin. Azərbaycanın Naxçıvanda olan ordusu da dərhal fəaliyyətə keçməlidir ki, Ermənistanın bütün qüvvələri parçalanmış vəziyyətdə olsun. Qısa bir zaman çərçivəsində Azərbaycan Ordusunun buna imkanı var. Ən strateji bölgələr, Ağdam, Füzuli, Cəbrayıl və Ağdərə düşməndən tamamilə azad edilə bilər. Bu, gələcək perspektivdə sülh masası ətrafında Azərbaycanın mövqelərini gücləndirərdi. Bundan sonra isə Ermənistanla danışmaq çox rahat olacaq. Vəziyyətdən istifadə etməsək, tarix, xüsusilə siyasi hakimiyyət bunu bizə bağışlamayacaq”.

Politoloqun fikrincə, təcili qaydada Azərbaycan Türkiyə ilə rəsmi qaydada hərbi saziş imzalamalıdır:

“Hərbi sazişdən doğan bəzi davranışlar olacaq, bu da qarşılıqlı yardımla bağlıdır. Artıq qardaş ölkə Azərbaycana ən kritik vəziyyətdə yardım edə biləcək. Bunun davamı olaraq Türkiyə havadan müdafiə qüvvələri eyni zamanda bir eskadrilyasını Naxçıvanda yerləşdirməlidir. Buna Türkiyənin haqqı var. Çünki Naxçıvanın təhlükəsizliyi ilə bağlı Türkiyə qarant ölkədir. Ermənistan Naxçıvanın da təhlükəsizliyini təhdid etdiyi üçün qarant ölkə olaraq Türkiyə bir eskdrilyasını Naxçıvanda yerləşdirməlidir.
Qarabağ namus məsələdir. Hər kəs əlini daşın altına qoymalıdır. Türkiyə ilə hərbi sazişin bağlanması, eyni zamanda Türkiyənin Hərbi Hava Qüvvələrindən bir eskadriliya Naxçıvanda yerləşdirilməsi önəmlidir”. 

N.Miri vurğulayıb ki, Azərbaycan hələ də Türkiyə ilə birmənalı olaraq rəsmi hərbi saziş bağlamayıb:

“Qarşılıqlı yardım haqqında müəyyən maddələri özündə ehtiva edən sənədlər var. Amma bunlar hərbi saziş deyil. Lakin belə bir saziş Rusiya ilə Ermənistan arasında mövcuddur. Növbəti dəfə bu məsələ 2049-cu ilə qədər uzadılıb. Ona görə də bu gün ölkəmizə nə mane olur ki, Türkiyə ilə hərbi saziş bağlamasın? Bu məsələ ekspertlər və media işçiləri tərəfindən işıqlandırılmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu