Gürcüstanın mövqeyi təəccüblüdür ! - “Sanki, Rusiyanın bəyanatıdır”

“Tbilisi bizə məsafəcə yaxın olsa da, Kiev dəyərlər baxımından yaxındır”

“Ona görə də xarici siyasətimizdə bu məsələlərə diqqət yetirməliyik”



Ukrayna Xarici İşlər Nazirliyi Ermənistanın Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən narahatlığını ifadə edən bəyanat yayıb. Bəyanatda bildirib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir.
Bəyanatda Ukrayna tərəfinin münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarı olduğu qeyd olunur.
Lakin Gürcüstan tərəfinin cəbhədə baş verənlərlə bağlı dəstəyinin şahidi olmadıq. 

Gürcüstan prezidenti Salome Zurabişvili bəyanatında bölgədə sülh və təhlükəsizliyin önəmli olduğunu bildirib.  S.Zurabişvili qeyd edib ki, bu gün gözəgörünməz düşmənlə birgə mübarizə aparılan bir dövrdə beynəlxalq həmrəylik və qlobal sabitliyin saxlanılması böyük əhəmiyyətə malikdir:

“Bölgəmizdə sülh və sabitlik həm Gürcüstan, həm də dost və tərəfdaş ölkələr - Azərbaycan və Ermənistanın gələcək inişafı və tərəqqisi üçün önəmlidir”.
Bir sözlə, qonşu Gürcüstan işğala məruz qalan tərəflə işğalçını tərəzinin eyni gözünə qoyur. 



Vəziyyəti “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, hətta Rusiya belə Ermənistanı açıq-aşkar müdafiə etmədi. Politoloq qeyd edib ki, Gürcüstanın Tovuz istiqamətində baş verənlərlə bağlı mövqeyi çox təəccüblüdür:

“Qazaxıstan da birmənalı şəkildə Azərbaycana dəstək vermədi. Çünki o da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Ona görə də balanslı mövqedən çıxış etməyi lazım bilib. İranın mövqeyinə gəlincə, bəzi rəsmilər balanslı mövqe bildirdilər. Amma ikinci qrup rəsmilər Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini söylədi.

Təəccüblü olan Gürcüstanın mövqeyidir,  çox qəribə bir mövqe sərgilədi.  Gürcüstan prezidentinin açıqlaması, sanki Rusiyanın bəyanatıdır. Amma Rusiya Ermənistanın strateji müttəfiqidir, Gürcüstan isə bizim”.

Analitik vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Gürcüstan rəsmisinin bir cümləsi belə yoxdur:

“Ukrayna XİN isə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü dəstəklədi, hətta BMT-nin 4 qətnaməsini xatırlatdı, heç bir balansı mövqe ortaya qoymadı. Onda belə bir fikir meydana gəlir- hər zaman Gürcüstanı özümüzə strateji tərəfdaş sayırdıq, kreditlər verirdik, boru xətləri oradan keçirdi. Amma Ukraynaya bu qədər yatırım qoymamışıq.

Görürük ki, bu məsələdə Gürcüstan məsafəcə bizə yaxın olsa da, Ukrayna dəyərlər baxımından yaxındır. Ona görə də xarici siyasətimizdə bu məsələlərə diqqət yetirməliyik”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu