"Savaş təkcə cəbhədə getmir"



Müşfiq Ələsgərli: "Ən ciddi məqamlardan biri isə erməni təxribatçıların azərbaycandilli seqmentlərdə yaydıqları informasiyalardır"

Azər Həsrət: "Düşmənlə üz-üzə dayanmış əsgərimizin əlini zəiflədəcək heç bir xəbər yayılmamalıdır"



Hərbi əməliyyatlar zamanı dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi vacib şərt hesab olunur. Bu baxımdan mediada və sosial şəbəkədə ordu ilə bağlı dezinformasiyaların yayılmasında diqqətli olmaq hər bir vətəndaşın borcudur. Xüsusən, döyüş bölgələrində baş verən hadisələrə daha həssas yanaşılmalıdır. Bu gün ölkəmizdə yüzlərlə xəbər saytı fəaliyyət göstərir və 2 milyondan çox insan sosial şəbəkə istifadəçisidir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti söz, məlumat və fikir azadlığının təmin edilməsində, onlayn media və sosial şəbəkələrin yaradılmasında maraqlıdır. Ancaq təəssüf ki, geniş imkanlar siyasi proseslərin yönləndirilməsinə cəhd edən məkrli qüvvələrə də münbit şərait yaradır.

Bəzi sayt və sosial şəbəkələrdə həqiqəti əks etdirməyən informasiyalar tirajlanır, dövlət maraqlarımıza zidd xəbərlər yayılır. Halbuki, sosial media istifadəçiləri Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünü qorumaq istiqamətində dövlətin siyasətinə dəstək olmalıdır. Jurnalistlərimiz, əsasən sosial şəbəkə fəalları ölkəmizin mənafeyini qorumalı, informasiya siyasətini müdafiə etməli, cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatların yayılmasının qarşısını almalıdırlar.

Nəzərə alaq ki, düşmən tərəfi də durmadan dezinformasiya yayır. Biz informasiya müharibəsi də aparırıq. Yanlış bir məlumatın milli maraqlarımıza, dövlətimizin mənafeyinə, Silahlı Qüvvələrimizə nə qədər ziyan vura biləcəyini unutmayaq. 
Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurası da jurnalistlərə çağırış edib.

Şuranın məlumatında bildirilib ki, dövlət sərhədinin Tovuz istiqamətində 2020-ci il iyulun 13-nə keçən gecədən Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və bu xüsusda hərbi əməliyyatların davamlı xarakter alması Azərbaycan mediasına, ümumən ölkəmizin informasiya məkanına təsirsiz ötüşməyib:

“Belə ki, aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrimiz cəbhədə baş vermiş olaylara daha çox diqqət yetirib və yetirməkdədir. Onlar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verir, yaxud əldə etdikləri bilgilərin rəsmi təsdiqinə nail olurlar. Ancaq təəssüflə onu da bildirməliyik ki, cəbhə xəttində yaşanan gərginlik müəyyən KİV-lər, eləcə də sosial şəbəkə profilləri tərəfindən spekulyasiya predmetinə də çevrilməkdədir. Bəzən mövcud müstəvidəki bir sıra paylaşımlarda və təqdimatlarda əsl həqiqətlər təhrif olunmaqla Milli Ordumuzda guya kütləvi tələfat olduğuna dair fikirlər qabardılır, insanlarda ruh düşkünlüyü yaradılmasına cəhd göstərilir, dövlətimizə və ordumuza qarşı inamsızlıq aşılanır, habelə digər siyasi motiv daşıyan fikir və düşüncələr dövriyyəyə buraxılmaqla respublikamızdakı asayiş və əminamanlıq mühiti şübhələndirilir”.

Mətbuat Şurası bütün KİV-ləri, media, jurnalistlik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri durumun ciddiliyini nəzərə almağa çağırıb:

“Bunun üçünsə rəsmi məlumatlara istinad mütləqdir. Jurnalistlər ictimai fikir daşıyıcılarıdırlar və sosial şəbəkələrdə kifayət qədər izləyiciyə malik olduqlarından, yaydıqları bilgi cəmiyyətdə dəqiq informasiya kimi qarşılanır. Hər bir media təmsilçisi bu amili ciddi şəkildə nəzərə almalıdır. Həmkarlarımız daxil olan bilgilərə şübhəli yanaşmalı, dəqiqləşdirmələr aparmalı, elə mövqe tutmalıdırlar ki, paylaşımları çaşqınlıq, qeyri-müəyyənlik yaratmasın. Azərbaycan Mətbuat Şurasının gözləntisi budur. Onu da bildirməliyik ki, erməni xüsusi xidmət orqanlarının təmsilçiləri müxtəlif sosial şəbəkə profillərində cəbhədəki vəziyyətlə əlaqədar həqiqəti əks etdirməyən fikirlər paylaşırlar. Bəzən bu fikirlər azərbaycanlı adı daşıyan profillər vasitəsilə yayılır. Bilməyərəkdən, hisslərə qapılaraq bu paylaşımlara istinad edən KİV-lər və jurnalistlər də var. Hər bir halda məsələ ən azı qeyri-peşəkarlıqdır. Ancaq nəzərə alaq ki, burada hüquqi zəmində diqqət yetirilməli cəhətlər də meydana çıxa bilər. Jurnalistlər bunu da düşünməlidirlər. Mətbuat Şurası bütün bunları nəzərə alaraq bir daha kütləvi informasiya vasitələrinə, ümumən jurnalistlərə müraciət edərək onları yaranmış durumun həssaslığını peşə prinsipləri baxımından qiymətləndirməyə, operativ informasiya vermək istəklərini dəqiqlik tələbilə uyğunlaşdırmağa çağırır”. 

Məsələni “Şərq”ə dəyərləndirən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib ki, savaş təkcə cəbhədə getmir, ermənilərlə aramızda informasiya müharibəsi də davam edir. Onun sözlərinə görə, ermənilər informasiya müharibəsində müxtəlif auditoriyaları hədəfə alırlar:

“İnformasiya savaşında ermənilərin hansı taktikalardan istifadə etmələri barədə təsəvvürlər artıq formalaşıb. Auditoriyaları çaşdırmaq baxımından onlar müxtəlif metodlardan istifadə edirlər. Yəni, dünya ictimaiyyətini, Ermənistanın daxili auditoriyasını və Azərbaycan əhalisini çaşdırmaq üçün hər birinin xüsusiyyətinə uyğun fərqli istiqamətlərdə informasiyalar hazırlayırlar. Hətta belə hallara da rast gəlirik ki, bəzən məqalələrin başlıqları rus, ingilis, erməni və Azərbaycan dillərində eyni məzmunda olsa da, məqalələrin daxilində mətnlər dəyişdirilir. Müxtəlif auditoriyalara uyğun müxtəlif tezislərdən istifadə olunur. Yaydıqları informasiyalarda yalanı elə peşəkarlıqla verirlər ki, onu həqiqətdən fərqləndirmək çətin olur. Ən ciddi məqamlardan biri isə erməni təxribatçıların azərbaycandilli seqmentlərdə yaydıqları informasiyalardır. İnternet texnologiyalarının imkanlarından istifadə edərək, onlar yalan informasiyalarını azərbaycanlı ad və soyadları ilə açılmış sosial şəbəkə hesablarından, internet informasiya resurslarından tirajlayırlar. Azərbaycanlı istifadəçilər də bunun fərqinə varmadan həmin informasiyaların üzünü köçürüb paylaşırlar. Beləliklə, təxribat baş tutur və yalan informasiyalar, erməni siyasətinə xidmət edən mətnlər tirajlanır. Etiraf etmək lazımdır ki, düşmən bu sahədə yaxşı təşkilatlanıb”. 

M.Ələsgərli vurğulayıb ki, Mətbuat Şurasının monitorinqləri nəticəsində bu yöndə faktları təsdiqləyən kifayət qədər materiallar toplanıb:

“2016-cı ildə, aprel döyüşləri zamanı bu kimi hallar ictimailəşdirildi, konkret ünvanlar göstərildi. Həmin vaxt uyğunsuz materialları internet resurslardan qaldırmaq istəyirdik. Azərbaycan dilində fəaliyyət göstərən, rekvizitlərində ünvan olaraq Azərbayandakı konkret məkanları göstərən saytlarla əlaqə saxlamağa çalışırdıq. Bəlli olurdu ki, həmin ünvanlar da, əlaqə vasitələri də, hətta internet resursun qurucusu barədə verilən məlumatlar da saxtadır. Onlar Azərbaycandan kənarda qurulub idarə olunurlar. Yaydıqları informasiyalarda Azərbaycan ordusunu yalnız məğlub libasda göstərmirlər, auditoriyanı aldatmaq üçün təzadlı, zahirən bizim “xeyrimizə” olan informasiyalar da yayırlar. Məsələn, bir tərəfdən Ermənistanın hakim dairələrinə istinadla, guya, Azərbaycan hərbi bölmələrinin mövqeyinin ələ keçirilməsi, yeni yüksəkliklərin nəzarət altına alınması barədə iddialarla çıxış edirlər. Digər tərəfdən isə, bunun tam əksini - Azərbaycan Ordusunun hansısa məntəqəni tutması, uğur qazanması barədə paylaşımlar edirlər. Yəni azərbaycandilli seqmentdə yaydıqları bu informasiyalarla özlərinin hansısa diplomatik niyyətlərini tamamlamış olurlar. Belə hallar barədə faktlar kifayət qədərdir. Sadə vətəndaşın bunlardan baş açması çətindir. Təəssüf ki, bizim bəzi jurnalistlərimiz, sosial şəbəkə istifadəçiləri reallığın fərqinə varmadan dezinformasiyaları tirajlayırlar”. 

JUHİ rəhbəri qeyd edib ki, əslində indiki mənzərə əvvəlkindən fərqlənir:

“Zaman-zaman bu məsələləri ictimailəşdirmişik. Bildirmişik ki, düşmən çirkin təbliğatlardan istifadə edir. Bunu nəzərə alaraq, Mətbuat Şurası media təmsilçilərinə və ölkə ictimaiyyətinə müraciət edib. Jurnalistlərə tövsiyə edib ki, soyuqqanlılıq nümayiş etdirsinlər, əldə etdikləri faktları rəsmi qurumlarla dəqiqləşdirdikdən sonra yaysınlar. İndi təzə bir dəb düşüb. Görürsən, kimsə votsapı qoşub cəbhə xəttindən bir adamı danışdırır. Digər saytlar istinad mənbəyi kimi onu əsas götürürlər.

Lakin nəzərə almırlar ki, verdikləri məlumat Azərbaycanın maraqlarına cavab vermir və cəmiyyətdə ajiotaja səbəb olur. Bunlar yolverilməzdir. Nəzərə alaq ki, bəzi hallarda sadə vətəndaşın dediklərinə istinad etmək olmaz. Çünki həmin adam müharibə qanunlarını, döyüş vaxtı necə davranmağı bilmir. O səbəbdən “kiməsə istinad edərək bu xəbəri yaymışam” iddiası məsuliyyətdən azad etmir. Cənab Prezidentin belə məqamlarda informasiya verilməsinə dair 2014-2015-ci illərdə xüsusi sərəncamları olub. Sərəncamlarda göstərilib ki, cəbhə bölgələrində, döyüş gedən ərazilərdə əldə edilmiş informasiyalar dəqiqləşdirilmədən yayıla bilməz.

Bu, hüquqi məsuliyyət yaradır. Jurnalistləri bu məqamlara həssas yanaşmağa dəvət edirəm. İnsanlar bu cür təxribatların toruna düşməmək üçün belə həssas məqamlarda rəsmi dövlət qurumlarının məlumatlarını izləməli, informasiya almaq üçün Azərbaycanda ənənəsi olan KİV-lərə istinad etməlidirlər. "KİV haqqında" qanunda açıq göstərilir ki, cəbhə bölgələrində bəzi informasiyalar məhdudiyyətlə verilməlidir. Xüsusən, əhalidə ruh düşkünlüyü yaradan, hərbi sirr mahiyyəti daşıyan informasiyaların yayılması qətiyyən yolverilməzdir. Hamı ehtiyatlı olmalı, qarşılarına çıxan hər xəbəri yaymamalıdırlar”. 

Jurnalist Azər Həsrət də “Şərq”ə bildirib ki, düşmənlə üz-üzə dayanmış əsgərimizin əlini zəiflədəcək heç bir xəbər yayılmamalıdır:

“Təəssüflər olsun ki, bəzi şəxslər sosial şəbəkə üzərindən məqsədli şəkildə Azərbaycan Ordusunu və cəmiyyəti ruhdan salacaq informasiyaları tirajlamaqla məşğuldur. Hətta bəzi adamlar Müdafiə Nazirliyinin yaydığı rəsmi informasiyaları təsdiq etməyə belə ehtiyac duymurlar. Təsəvvür edin, MN bir informasiya yayır, hansısa sosial şəbəkə istifadəçisi yazır ki, “axı Ermənistan tərəfi elə demir”. Sanki düşmənin söylədikləri həqiqətdir, amma bizim qurumların məlumatları yanlışdır. Bu, vicdansızlıqdır, vətənə xəyanətdir, millətə arxadan bıçaq saplamaqdır. Düşünürəm ki, belə informasiyalar yayan şəxslərlə bağlı ciddi tədbir görülməlidir. Gözlərinin yaşına baxılmamalıdır.

Şəxsən, özüm belə proseslərdə fəal iştirak edirəm. Dəfələrlə paylaşım etmişəm ki, Müdafiə Nazirliyinin yaydığı rəsmi xəbərlərdən başqa heç nə verməyin. Bu, müharibədir, əlbəttə, şəhidimiz olacaq.

Şəhid xəbərini də Müdafiə Nazirliyi verəcək. Hətta kimsə şəhid xəbərini fatmanisədən eşitsə belə yenə səbr etməli, rəsmi mövqe ortaya qoyulmadan eşitdiklərini deməməlidir. Belə vəziyyətlərdə nəzarət güclü olmalı, rejim sərtləşməlidir. Geniş kütlənin dezinformasiya yaymasının qarşısını almaq lazımdır.

Əfsuslar olsun ki, saytlarda gedən dezinformasiyalarda reytinq toplama arzusundan daha çox düşmənin əlinə işləmək cəhdi görünür. Bəzi adamlar inadkarlıqla Ermənistan tərəfinin paylaşdığı xəbəri təbliğ edirlər. Bu isə vətənə, dövlətə və ordumuza xəyanətdir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu