Susma, danış dünya!

Ermənilər mülki vətəndaşlarımızı da hədəfə alıb

30 ildir beynəlxalq qurumların ikili yanaşmasından əziyyət çəkirik. Çağırışlarımız fayda vermir


Dünyanın COVİD-19-a qarşı mübarizə apardığı şəraitdə Ermənistan tərəfinin hücum və təxribat əməli bir daha sübut edir ki, rəsmi İrəvan münaqişənin danışıqlar yolu ilə həllində qətiyyən maraqlı deyil. Təcavüzkar ölkənin məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir. Lakin hər dəfə olduğu kimi yenə uğursuzluqla üzləşən və ifşa olan Ermənistan hakimiyyəti məsələnin mahiyyətini gizlətməyə cəhd göstərir. Yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır.

Düşmən tərəf atəşkəsi pozarkən mülki şəxsləri hədəf almadığını iddia edir. Lakin 14 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs 76 yaşlı Əziz Əzizov həyatını itirib. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür.


Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə atəşə tutublar. Nəticədə içərisində azyaşlı körpələr də olmaqla xeyli mülki vətəndaşımız həlak olub. Eyni zamanda əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub. Döyüş əməliyyatları zonasında dinc əhaliyə qarşı yönələn bu hərəkətlər beynəlxalq konvensiyalarda yolverilməz olaraq göstərilsə də, ermənilər həmişəki kimi heç bir sənədə məhəl qoymurlar. Azərbaycan Ordusu heç zaman dinc əhaliyə atəş açmayıb. Dövlət sərhədinin keçdiyi ərazilərdə erməni kəndləri təmas xəttinə qısa məsafədə yerləşsə də, əsgərlərimiz silahsız ermənilərə güllə atmayıb. Ermənilər rahat şəkildə öz təsərrüfat işləri ilə məşğul olub, uşaqlar məktəbə gedib-gəliblər. Lakin ermənilər hər fürsətdə bizim mülki vətəndaşlarımıza atəş açmağa çalışıblar. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət də ermənilərin vəhşiliyinə, qeyri-insani davranışlarına göz yumurlar. 

Erməni vandalizmi ilə bağlı “Şərq”ə danışan Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, son iki gündə baş verənlər Ermənistanın işğalçı və aqressiv mahiyyətini bir daha üzə çıxardı. Hüquqşünas bildirib ki, erməni təxribatları 30 ilə yaxındır davam edən “sülh” danışıqlarının nəticəsiz qaldığını sübut edir:

“Rəsmi İrəvan öz davranışları ilə göstərir ki, heç vaxt işğal etdiyi torpaqlarımızı geri qaytarmayacaq. İstər cəbhə xəttində, istərsə də sərhəd bölgələrdə atəşkəsi pozaraq, diversiyaya cəhd edərək vaxt qazanmağa, danışıqları mümkünsüz etməyə çalışırlar. Azərbaycan isə münaqişənin tez zamanda həllinə nail olmaq istəyir. Zaman-zaman düşmənə həddini bildiririk. Şəhidlərimiz olsa da, ermənilər daha çox itki verir və panikaya düşürlər. Baş verənlərə görə, bütün məsuliyyəti İrəvan hökuməti daşıyır, çünki təxribata əl atan onlardır. Səbəbi isə Ermənistan daxilindəki siyasi və iqtisadi gərginliklər, əhalinin kütləvi narazılığı və pandemiyanın yaratdığı acınacaqlı vəziyyətdir. “İnqilab” yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan olan-qalan nüfuzunu da itirib. Yeganə yol bu cür təxribatlardır”. 

Ə.Şahidov vurğulayıb ki, hiddət doğuran məqamlardan biri də odur ki, düşmən tərəf təxribat zamanı sadəcə Azərbaycanın Silahlı Qüvvələrini deyil, mülki vətəndaşlarımızı da hədəf alır:

“Ermənilərin bu hərəkəti müharibə qanunlarına tamamilə ziddir və beynəlxalq konvensiyaların kobud şəkildə pozulması deməkdir. Əfsuslar olsun ki, ermənilərin sərhəddə mülki şəxslərə atəş açması halları dəfələrlə baş versə də, beynəlxalq təşkilatlar reaksiya vermirlər. Düşmənin vəhşi hərəkətlərini görməzdən gəlirlər. 30 ildir beynəlxalq qurumların ikili yanaşmasından əziyyət çəkirik. Çağırışlarımız fayda vermir. Buna rəğmən, israrla erməni silahlılarının mülki adamları qəsdən hədəf aldıqlarını beynəlxalq platformalarda səsləndirməli, düşmənin hərəkətlərini ifşa etməliyik. Əvvəl-axır beynəlxalq ictimaiyyət ermənilərin əsl üzünü görəcək”.  

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu