“5-ci kolon” həmrəyliyə kölgə salmağa çalışdı” -  Mənfur niyyət !

“Bu təxribat məqsədyönlü antiazərbaycançı mərkəzlər tərəfindən hazırlanıb”

“Heç bir təxribata yol verməməliyik. Çünki Azərbaycan xalqı qorxmaz və vətənpərvərdir”


Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. 
Orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər. Lakin dünən gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi. Prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Küçələrdə iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törədilməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir. Bu, ən əsası şəhidlərin ruhuna hörmətsizlikdir. 

1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos yaxın tariximizdir. Hələ də yaddaşlardan silinməyib. Bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi qınanılmalı, cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz bu pozucu fəaliyyətə lazımi qiyməti verməlidirlər.  

Düşmənin hər bir təxribatına Azərbaycan Ordusunun  layiqli cavab verdiyini deyən millət vəkili Anar Məmmədov “Sherg.az”a bildirib ki, Tovuz istiqamətində gedən döyüşlərdə düşmən bir daha ordumuzun gücünü gördü. Deputat qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq və ordumuz Ali Baş Komandanın tapşırığı ilə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaq:

“Dünən axşam saatlarında xalqımız ordumuza və Ali Baş Komandanımıza dəstək nümayiş etdirdi. Vətəndaşlar xalq - iqtidar və xalq - ordu birliyinin vəhdətinin təcəssümü olaraq paytaxt ərazisində "Ya Qarabağ ya ölüm", "Şəhidlər ölməz, Vətən bölünməz", "Ali baş komandan əmrini gözləyirik" kimi şüarlar səsləndirdilər. Təbii ki, bütün bunlar çox qürurvericidir. Lakin əfsuslar olsun ki, “5-ci kolon” növbəti dəfə öz mənfur niyyətlərini həyata keçirtmək məqsədilə milli birliyimizə, xalq həmrəyliyinə kölgə salmağa çalışdı”.

Parlament üzvünün qənaətincə, təxribat qərəzli şəkildə, qabaqcadan planlaşdırılmış məqsədyönlü antiazərbaycançı mərkəzlər tərəfindən hazırlanıb:

“Bunun isə yalnız bir adı var: şəhid adından istifadə edib ictimai-siyasi sabitliyi pozmaq. Əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq asayişi pozmağa cəhd göstərmək, zor tətbiq edərək Qarabağa gedən yolu Milli Məclisin binasına daxil olmaqda görmək nə dinə, nə də demokratiyaya xidmət edir. Bu, yalnız və yalnız ölkədə sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır. Son iki gündə torpaqlarımız uğrundan canından keçən şəhidlərimizin ruhuna edilmiş ən böyük hörmətsizlikdir.

Bu gün ölkəmizin yüksək templə inkişafı ve sabitliyi, eyni zamanda sərhəddə düşmən üzərindəki üstünlüyümüz bəzi antiazərbaycan qüvvələrinin maraqlarına zidd gəldiyi üçün əllərindəki kuklaları ilə belə məkrli oyunlar oynuyurlar. Ancaq hadisələrin inkişafı göstərdi ki, belə bir çirkin planı Azərbaycanda həyat keçirmək mümkün deyil.

Çünki bu ermənipərəst qüvvələr, öz maraqları naminə dövlətinə, xalqına xəyanət edənlər, dinc sakinləri təşvişə salmaq istəyənlər, xaricdə oturub burada qarışıqlıq yaratmaq istəyənlərdir. “Sapı özümüzdən olan baltalar” anlamırlar ki, bizim ölkədə xalq-iqtidar birliyi var, heç bir qüvvə Azərbaycan dövlətini sarsıda bilməz”. 

A.Məmmədov bildirib ki, sabitliyimizin əsasında Azərbaycan xalqı dayanır. Düşmənlərimizi də narahat edən budur. Ona görə də ölkəmizdə vətəndaş müharibəsi yaratmaq istəyirlər:

“Lakin dünən bir daha sübut olundu ki, müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisi  ictimai asayişin qorunmasında, dövlətə qarşı yönələn qəsdlərin qarşısının alınmasında, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunmasında, cinayətkarlığın səviyyəsinin azaldılması istiqamətində şərəflə çalışır, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirir.

Bu gün  hər birimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəriyik. Lazım gələrsə, vətənimiz qarşısında borcumuzu ödəməyə hazır olmalıyıq. Buna görə də həmrəy olub, Ali Baş Komandanın əmrini gözləməli, heç bir təxribata yol verməməliyik. 

Çünki Azərbaycan xalqı qorxmaz və vətənpərvərdir. Son damla qanımızacan döyüşərək doğma vətənimizi gözbəbəyi kimi qorumağı özümüzə müqəddəs borc bilirik.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu