Şairdən ittihamlara cavab: “İstəyir, şairi, yazıçısı ona yaltaqlansın...!”

“..Çünki öz əskisi də tüstülüdür. Tənqidi təhqirlə susdurmağa meyillidir”

Amma ümidsiz deyiləm, əminəm ki, bir gün cəmiyyətimiz təkcə igid oğlanlar, gözəl qızlarla yanaşı,  doğmaqla işini bitmiş hesab etməyəcək”

“Onları həm də mənəviyyatı zəngin peşəkar insanlar kimi yetişdirə biləcək"



"Dünəndən fikirləşirəm ki, bizim toplumun potensialı Polad kimi oğul doğmağa çatar, amma Polad kimi general yetişdirə bilməz, mümkün deyil. Bu istisnada nəsə bir sirr var. İndi oxuyuram,  adam türk ordusunun yetirməsi imiş".  Bu sözləri şair Aqşin Yenisey sosial şəbəkə hesabında yazıb.  Şairin statusu virtual aləmdə ciddi narazılıq doğurub. Yazdıqlarına görə şairi qınaq obyektinə çevirən ictimaiyyət üzvləri A.Yeniseyi xalqı təhqir etməklə ittiham edib. İnandırıcı görünmür, axı!? Aqşin Yenisey təkcə yaradıcılığına görə deyil, həm də vətənə bağlı olduğuna, daima milli mövqedə dayandığına görə sevilir, digər qələm sahibləri arasından seçilir. Üstəlik, A.Yenisey ehtiyatda olan zabitdir! 

Ünvanına səslənən iradlarla bağlı "Sherg.az"a  danışan şair  deyib ki, mən yazıçıyam, böyük mətləbləri hamının görə bildiyi böyük mətləblərdə axtarmıram:

"Sufilər həqiqətin zərrərlərdə olduğunu söyləyirdilər. Şəhid olan general-mayor haqqında yazılanları oxuyanda, düzü, inanmadım, amma onun kirayədə yaşadığı evin balkonunun şəklini yas fotolarında görəndən sonra o zərrədə gizlənmiş həqiqəti kəşf edə bildim. Mən xalqın içində yaşayan biriyəm. Ailələrimizin hansı mənəvi-maddi dəyərlərlə yaşadığını çox yaxşı bilirəm. Yazmışam ki, biz Polad kimi oğullar doğa bilərik, amma Polad kimi general yetişdirə bilmərik. Buna cəmiyyətimizin söykəndiyi günlük dəyərlər imkan verməz. Şəxsən mənim qohumlarım bilsələr ki, Prezident mənə ev bağışlayıb və mən o evi bir qaçqın ailəsinə verib, özüm kirayədə yaşayıram, mənə dəli kimi baxarlar. Bir general-mayorun bunu etməsi indiki cəmiyyətimizə xas olmayan haldır".

 4 ildi Türkiyədə yaşadığını xatırladan A.Yenisey orada  zabit kultunun hansı dövlət mənəviyyatı ilə yetişdirildiyini çox yaxşı bilir:

"O zabitlər təqaüdə çıxdıqdan sonra cəmiyyətin mənəvi sərvətlərinə çevrilirlər. Bir il altı ay da öz ordumuzda zabit kimi xidmət etmişəm. Türkiyədə oxuyub gələn zabitlərin, gizirlərin həm peşə biliklərinin, həm mənəvi keyfiyyətlərinin seçildiyini öz gözlərimlə görmüşəm. Mən heç vaxt "günah keçi"si axtarmıram. Tarix və kütlə günahı Hitlerin, Stalinin üstünə yıxa bilər, amma o Hitleri də, Stalini də sevən, bağrına basan tarixin özü idi, kütlənin özü idi. Sadəcə, bizim cəmiyyət tənqiddən nəticə çıxarmaq yerinə, onu susdurmağı öhdəlik bilir. İstəyir, şairi, yazıçısı da ona yaltaqlansın, çünki öz əskisi də tüstülüdür.

Tənqidi təhqirlə susdurmağa meyillidir. Amma ümidsiz deyiləm, əminəm ki, bir gün cəmiyyətimiz təkcə igid oğlanlar, gözəl qızlar doğmaqla işini bitmiş hesab etməyəcək, onları həm də mənəviyyatı zəngin peşəkar insanlar kimi yetişdirə biləcək".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Şəymən Bayramova Yazarın yazıları
menu
menu