Gözümüz yolda, qulağımız səsdə...

“Xalqımız ordumuzun arxasındadır”

“Beynəlxalq ictimaiyyət xalqımızın əlinə silah alıb əsgərlərimizlə birlikdə döyüşməyə hazır olduğunu gördü”



İyulun 12-də Tovuzda başlayan hərbi əməliyyatlar hələ də davam etməkdədir. Necə deyərlər, gözümüz yolda, qulağımız səsdədir...Bir tərəfdən şəhid xəbərləri alır, digər tərəfdən isə səfərbərlik, müharibə əmri gözləyirik. Artıq hər kəs müsəlləh əsgərdir!

Vəziyyəti dəyərləndirən hərbi jurnalist Asəf Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, Tovuz döyüşləri xalqımızın birliyini, həmrəyliyini bir daha göstərdi: 

“Bu əməliyyatların ən böyük üstünlüyü xalqımızın ruh yüksəkliyini görməyimiz oldu. İnsanların yürüşü, səfərbərlik idarələrində könüllü olaraq qeydiyyata alınması  sübut etdi ki, xalqımız ordumuzun arxasındadır. Döyüşlər, sanki, bir sınaqdır. Hər kəs-bütün beynəlxalq ictimaiyyət xalqımızın əlinə silah alıb əsgərlərimizlə birlikdə döyüşməyə hazır olduğunu gördü. 

Düzdür, itki də verdik. General-mayor Polad Həşimovun da, 18 yaşlı, gələcəyi hələ qabaqda olan əsgərimizin də şəhid olmasına eyni dərəcədə kədərlənirik. Allah hamısına rəhmət eləsin!”



A.Quliyev döyüşlərin genişlənmə ehtimalının az olduğunu düşünür: 

“Hər şeyin göründüyü kimi olmasından əmin deyiləm. Fikrimcə, budəfəki əməliyyatların məhz Tovuzda başlanması təsadüfi deyil. Bu bölgədə hər iki tərəfin-həm bizim, həm də düşmənin irəliləməsi çətindir.

Keçmiş döyüşçülər xatırlayarlar, 2007-ci ildə baş verən Həsənqaya əməliyyatlarında da belə olmuşdu. Onda da uzun zamandan sonra ilk dəfə ağır artilleriyadan istifadə edilmişdi. 

Amma əməliyyatlar nəticəsiz qaldı. Məncə, lokal döyüşlər davam edəcək. Ancaq genişmiqyaslı hərbi əməliyyatların başlanmasına inanmıram”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu