“Dağlıq Qarabağın azad edilməsi an məsələsidir” – AKTUAL ŞƏRH 

“Biz hətta İrəvana qədər gedə bilərik və gedəcəyik”

“Azərbaycan ordusu ermənilərə çox ciddi ismarıclar verdi” 


Növbəti erməni təxribatının niyə məhz Tovuzda törədilməsi çoxlarını düşündürür. Bu barədə fikirlər müxtəlifdir. Ən fərqli iddialarla çıxış edənlər də var, məsələni təsadüfi hesab edənlər də. 

 BDU-nun professoru, politoloq Əlimusa İbrahimov isə “Sherg.az”a açıqlamasında bunun düşünülmüş, məqsədyönlü addım olduğunu bildirib:

 “İyul ayının 12 – də Azərbaycanla Ermənistan arasında münaqişənin niyə məhz iki dövlətin sərhədində baş verməsi kütləvi informasiya vasitələri və mütəxəssislərin müzakirə obyektidir. Ermənistan son illərdə - Paşinyan hakimiyyətə gəldikdən sonra- dəfələrlə müxtəlif məsələlərlə bağlı yardım etməklə barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üz tutub.

Son dəfə qazın qiymətinin Ermənistan üçün aşağı salınması haqqında müraciət olmuşdur. Təbii ki, Rusiya və KTMT üzvləri bu müraciətləri rədd etmişdi.  Beləliklə, Ermənistanda Rusiyaya və onun idarə etdiyi bu beynəlxalq təşkilata qarşı bir isterika yaranmışdı. Erməni politoloqlar təşkilatın Ermənistanın problemlərinə yetərincə diqqət yetirməməsi və buna görə ondan uzaqlaşmağın vacib olduğu qənaətinə gəlmişdilər.

Hətta fikirlərini beynəlxalq tribunalardan səsləndirirdilər. Eyni zamanda Paşinyanın hakimiyyətə gəlməsində əhəmiyyətli rol oynayan Qərb dairələri də Ermənistanın Rusiyaya qarşı olan bu demarşını dəstəkləyir və onu bu məsələdə ruhlandırırdılar. Ermənistan növbəti dəfə Rusiya KTMT-nin özünə olan münasibəti daha ciddi məsələdə sınamağı qərara aldı və buna görə də Azərbaycanla sərhəddə təxribata girişdi. Bundan sonra olanlar da göz qabağındadır.

Ermənistan növbəti dəfə beynəlxalq aləmdə məyusluğa düçar oldu. İndi müraciət etmədikləri beynəlxalq təşkilat qalmayıb. Hətta 30 ildir ki, Azərbaycanın çoxsaylı müraciətlərinə baxmaq belə istəməyən NATO-ya üz tutublar. Dağlıq Qarabağdan qoşunlarını çıxarmaqla əlaqədar BMT-nin 4 qətnaməsini yerinə yetirmədikləri halda bu təşkilatdan yardım istəyirlər.

Politoloqun fikrincə, Ermənistan üçün artıq “ağlını başına yığmaq” vaxtı çatıb: 

“Təbii ki, ermənilər son hadisələr fonunda baş verən diplomatik hadisələrdən yetərincə dərs çıxarmalıdırlar. Əlbəttə ki, dərs çıxarmaq imkanında olsalar. Azərbaycan getdikcə güclənir, dünya dövlətləri Azərbaycanın ədalətli mövqeyini getdikcə daha çox dəstəkləyir, ən yaxın hesab etdiyi dövlətlər belə bu məsələdə Azərbaycanla həmrəydirlər. Ermənistan nə qədər tez Azərbaycanın ərazi bütövlüyünü tanısa bir o qədər bu millət üçün faydası olar. Bu döyüşlər Azərbaycan üçün strategiya baxımdan da əhəmiyyətli oldu. Xalqımız ölkə rəhbərliyi ətrafında daha sıx birləşdi. Millət bir daha sübut etdi ki, Qarabağı heç kim onun əlindən ala bilməz. Bu məsələsədə iqtidar-müxalifət söhbəti yoxdur. Ermənistan və Rusiyanın dostluğu haqqında miflər yerlə yeksan oldu. Biz diplomatiyada olduğu kimi səngərdə də qələbə qazanmağa çox yaxın olduğumuzu isbatladıq”. 

Professorun sözlərinə görə, qələbə uzaqda deyil:

“Türkiyə Azərbaycanın probleminə daha dərindən qoşuldu. Dünya dövlətlərinə məlum oldu ki, Suriya, Liviya, İraqda Türkiyənin qarşısını almaq mümkün olmadığı kimi, Dağlıq Qarabağda da türk əsgərinin qarşısına çıxacaq bir qüvvə yoxdur. Ermənistan sərhədində erməni qoşunlarını darmadağın etməklə Azərbaycan ordusu ermənilərə çox ciddi ismarıclar verdi. Biz hətta İrəvana qədər gedə bilərik və gedəcəyik. Dağlıq Qarabağın azad edilməsi an məsələsidir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu