“Bu dəfə düşmən həm də kibersavaşa hazırlaşmışdı” – MÜSAHİBƏ 

“Yayılan təxribat xarakterli müxtəlif elementlər bunu sübut edir”

“Ona görə ehtiyatı əldən vermək, arxayınlaşmaq olmaz”

“Çünki növbəti təxribat da mümkündür və məncə, bu, qaçılmazdır” 

“Peşəkar jurnalist dövlət və hərbi sirlər barədə xəbər yaymamalıdır”



Tovuz döyüşləri bizə bəzən unutduğumuz, o qədər də ciddi qəbul etmədiyimiz bir məqamı xatırlatdı. Müasir dövrdə əlinə silah alıb döyüşə getməklə, yaxud da snayper tüfəngi ilə keşik çəkməklə qələbə qazanmaq olmaz. Bu, sadəcə komponentlərdən biridir. Digəri və daha vacibi isə informasiya təminatı, təbliğat, təşviqatdır. Cəbhədə olduğu kimi, kiberməkanda düşmən təxribatlarına rast gəlsək də, həmlələrin qarşısını ala bildik. Özü də necə lazımdır, elə. Amma görünür, hazırlıq səviyyəmizi daha da artırmalıyıq.  


“Sherg.az” olaraq ötən bir həftə ərzində informasiya müharibəsindəki mövqeyimizi qiymətləndirmək üçün “Milli.az” saytının redaktoru, tanınmış jurnalist  Elçin Alioğlu ilə həmsöhbət olduq:

-Sizcə, dörd il əvvəlki aprel döyüşləri ilə indiki hərbi əməliyyatlar arasında əsas fərq nələrdir?
-Bu dəfə düşmən həm də kibersavaşa hazırlaşmışdı. Yayılan təxribat xarakterli müxtəlif elementlər bunu sübut edir. Fəqət biz də hazırlıqlı idik. Hər halda vətəndaşlar arasında yalan informasiya yayanların sayı çox deyildi. Qeyd edim ki, düşmən bu hərbi əməliyyatlarda istisnasız olaraq bütün vasitələrdən istifadə etdi. Ona görə ehtiyatı əldən vermək, arxayınlaşmaq olmaz. Çünki növbəti təxribat da mümkündür və məncə, bu, qaçılmazdır. 

-Ermənistanın həm də kiberhücuma hazırlaşdığını söylədiniz. Bu iddiaya dair dair faktlar varmı? 

-Çünki düşmənin Müdafiə Nazirliyi hər fürsətdə “fake”, yalan məlumat yayırdı. Azərbaycan dilini, coğrafiyasını çox yaxşı bilən ermənilər var. Onlar sosial şəbəkələrdə saxta profillər açaraq dezinformasiyalar yaymaqla məşğul idilər. Təəssüf  ki, bu dezinformasiyalara inananlar da oldu. 

- Bu hücumlara qarşı layiqincə mübarizə apara bildikmi?

-Əlbəttə. Çox sevindiricidir ki, biz təkcə uğurlu informasiya təminatını həyata keçirmədik. Həm də düşmənin yaydığı xəbərləri yoxladıq və tutarlı faktlarla onları ifşa etdik. Nəticədə bir dənə də olsun “fake” yayılmadı. Bu, jurnalistlərimizin təkcə vətəndaş yox, eləcə də, peşə məsuliyyətindən xəbər verir. 

- Məlum informasiya savaşında Azərbaycan mediası peşəkar davrana bildimi? 

-Başa düşmək lazımdır ki, indi müharibə cəbhədən daha çox, informasiya məkanında gedir. İnformasiya müharibəsində qalib gələn savaşı udur. Tarixdə buna aid misallar çoxdur. Hətta bəzən haqsız tərəflər informasiya ötürməklə, o cümlədən manipulyasiya ilə özlərini haqqlı kimi göstərməyə çalışıblar. Bizim isə belə bir iddiamız yoxdur. Çünki onsuz da haqlıyıq, hərbi təcavüzə məruz qalan tərəfik.  Müdafiə Nazirliyini təbrik edirəm. Bu qurum professional davrandı, dəqiq və səlis informasiyalar ötürdü. Mətbuat işçilərimizə, sosial şəbəkə istifadəçilərinə də təşəkkür edirəm. Onların paylaşımları milli ruhun ölməyinə icazə vermədi, hərbi-vətənpərvərlik ovqatı yaratdı. 

- Etiraf edək ki, sosial media istifadəçiləri arasında dezinformasiya yayanlar da oldu...

- İlk növbədə onu deyim ki, sosial media anlayışı yoxdur. Sosial şəbəkələr var. Və istifadəçilər bu paltformadan ən müxtəlif məqsədlərlə istifadə edirlər.  Bəli, siz dediyiniz kimi, qeyri-dəqiq xəbər yayanlar da oldu. Mən bu kateqoriyadan olanları şərti olaraq üç qrupa ayırardım. Birincilər informasiyasızlıq səbəbindən hər eşitdiklərini, gördüklərini bölüşürdülər. Əslində, onların üstünə o qədər düşməmək də olar. İkincilər cahilliklərinə görə bu addımları atırdılar. Belələrinin əksəriyyəti sərhədyanı bölgələrdə yaşayanlardır.

Onlar texnikaların, postların fotolarını çəkib paylaşırlar. Düzdür, söylədiyimiz məqam vətənpərvərlikdən, emosionallıqdan irəli gəlir. Ancaq nəticədə düşmən kəşfiyyatı bundan ustalıqla istifadə edir. Üçüncülər isə ən tühləkəliləridir. Çünki bilərəkdən dezinformasiya yayır, əhali arasında çaşqınlıq, təşviş yaradırlar. Amma bütün bunlarla belə, məhz həmin istifadəçilərin paylaşımları sayəsində düşmən bizim sosial sifarimizin Dağlıq Qarabağ probleminin ən qısa müddətdə həll edilməsi olduğunu anladı. “User”lər təkcə ordumuzu yox, həm də dövlətimizi, prezidentimizi dəstəkləyən paylaşımlar etdilər. Bunlar çox yaxşıdır. 

-Nəzəriyyəçiləri ən çox düşündürən sual informasiya təminatı məsələsində jurnalistin əvvəlcə professional, yoxsa vətəndaş olmasıdır. Bu dilemma, xüsusilə Tovuz döyüşləri kimi fors-major hadisələr zamanı istər-istəməz yenidən gündəmə gəlir... 

-Jurnalist ilk növbədə professional olmalıdır. Öz işini bilən “Dördüncü hakimiyyət” nümayəndəsi mütləq həm də vətəndaşlıq mövqeyindən çıxış etməlidir.Çünki peşəkar jurnalist əsla dövlətçilik əleyhinə informasiyalar yaymaz. Onlar yayacaqları hər bir informasiyanı müvafiq qurumlarla dəqiqləşdirər, dövlət və hərbi sirlər barədə xəbər yaymazlar. Məlumat üçün deyim ki, İsraildə hərbi senzura var. Senzorlar hərbi əməliyyatlar haqqında yayımlanacaq bütün materiallarla diqqətlə tanış olurlar. Məlumat yalnız onların razılığından sonra tirajlanır. 

 - Azərbaycanda da həmin təcrübəyə ehtiyac varmı?

- Məncə, yox. Çünki xüsusilə son vaxtlar ölkəmizdə vətəndaş məsuliyyəti kifayət qədər artıb. Həm də rəsmi qurumlar öz işlərinin öhdəsindən gəlməyi bacarırlar.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu