Professor görüşdən RAZI QALIB:“Bu, ictimaiyyətin səsini eşitmək istəyi idi”

Prezidentin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüşüb. Görüşdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlər barədə müzakirə aparılıb.
Bundan sonra atılacaq addımlar, eyni zamanda, son günlər Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Yazıçılar, şəhidlərin ailə üzvləri, jurnalistlər, deputatlar, hüquqşünaslar və incəsənət xadimləri belə bir formatda görüşün təşkilinə görə minnətdarlıq ediblər. İctimai xadimlər pandemiya dövründə vətəndaşları narahat edən məsələlərə toxunub, öz fikirlərini və təkliflərini bildiriblər.

 Görüşdə iştirak edən BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında orada əsas iki mövzunun müzakirə edildiyini deyib:

“Bu,  ictimaiyyətin səsini eşitmək istəyi idi. Görüşdə müxtəlif sahə nümayəndələri toplaşmışdı. Biz öz arzularımızı bildirdik, təkliflərimizi verdik. Birinci müzakirə predmeti koronavirus pandemiyasının dünyada və Azərbaycanda yaratdığı vəziyyət idi. Görülən işlərlə bağlı hesabat verildi. Ardınca karantin rejiminin nə qədər davam etməsi, preparatların hazırlanması, həmçinin sosial təminat məsələri barədə fikir mübadiləsi aparıldı. Sonra isə ermənilərin Tovuz təxribatından danışdıq. Bu hadisənin fonunda xalqımızın birlik və həmrəyliyi məqamlarına toxunduq, yüksək vətənpərvərlik ruhundan söz açdıq. Əlbəttə, informasiya müharibəsi, o cümlədən dezinformasiya məsələsini də unutmadıq”.

 Q.Məhərrəmlinin fikrincə, bu cür görüşlər çox vacibdir: 

“Səmimi deyim ki, atmosferdən xoşum gəldi. Görüşün formal xarakterli olmadığı, görüntü xətrinə keçirilmədiyi hiss edilirdi. Oradakıların hər biri müstəqil fikirli insanlar idi. Biz düşündüklərimizi sərbəst ifadə etdik. Həqiqətən, nəticə verəcəksə, belə görüşlərin davamlı olmasını arzu edirəm. Çünki cəmiyyətin səsi eşidilir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu