"Feyk xəbərlər"in məkanı dəyişmir

Bu gün “instagram”da, “facebook”da 500 min, 1 milyonluq səhifələr var və onların bəzilərinin adminləri jurnalist deyil

Müharibə şəraitində yaşayan Azərbaycan üçün ilk və tək rəsmi mənbə Müdafiə Nazirliyidir


İnformasiya təhlükəsizliyinin təmin olunmaması cəmiyyət üçün böyük fəsadlar törədə bilər. Hər hansı ölkədə informasiya təhlükəsizliyinin prioritetləri dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarının balanslı nisbəti əsasında müəyyənləşir. İnformasiya təhlükəsizliyinin təmin edilməsi kompleks yanaşma tələb edir. İnformasiya və dezinformasiyanın kimin nəzarətində olması mühüm rol oynayır. Bəzən dezinformasiya təhlükəli silaha çevrilir. Bu mənada Azərbaycanda da informasiya təhlükəsizliyinə xüsusi diqqət yetirilir.

Artıq ölkəmizdə dövlət və qeyri-dövlət sektorlarında informasiya təhlükəsizliyinin təmin olunması üçün hüquqi-normativ aktlar hazırlanır və müəyyən addımlar atılır. Həm kiber hücumların qarşısının alınması ilə bağlı Cinayət Məcəlləsinin maddələri təkmilləşdirilir, həm də dövlət sirlərinin qorunması ilə bağlı qanunlara dəyişikliklər edilir.

Əlbəttə, bütün bu addımların atılması çox vacibdir. Çünki Azərbaycan müharibə şəraitindədir və düşmənlə sadəcə cəbhədə, səngərdə deyil, informasiya məkanında da mübarizə aparılır. Hazırda informasiya təhlükəsizliyinə təhdidlər çox ciddi mərhələyə adlayıb. Dünyanı narahat edən ən böyük problem - beynəlxalq terrorizm məhz informasiya təhlükəsizliyi siyasətindəki boşluqlar səbəbindən həyata keçirilir.

Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini də ön plana çıxarır. Məsələnin kökündə internetin sürətli inkişafı, yeni veb texnologiyalar əsasında yaradılmış proqram təminatı sistemlərinin mühafizəsi dayanır. 

Həssas dönəmlərdə KİV-in üzərinə xüsusilə böyük məsuliyyət düşür. Çünki jurnalistlər güclü təsirə malik təbliğatçılar hesab olunur. Buna görə də media nümayəndələri onlara verilən bu imkandan sui-istifadə etməməli, qanunlar çərçivəsində fəaliyyət göstərməlidir.

Ən vacibi hərbi informasiyanı cəmiyyətə ötürərkən informasiya təhlükəsizliyini qorumaq məqsədilə aidiyyəti dövlət qurumundan yararlanmaqdır. Media nümayəndələri informasiya təhlükəsizliyinin cəmiyyətin mövcudluğunda, onun inkişafında, dövlətçiliyin saxlanılmasında mühüm rol oynadığını nəzərə alaraq milli maraqları qorumalıdır. 

Əfsuslar olsun ki, bəzən bir sıra saytlar bilərəkdən və ya bilməyərəkdən yad qüvvələrin vasitəsinə çevrilir, təmsil etdikləri dövlətin ərazi bütövlüyünə, suverenliyinə, ictimai rəyə, siyasi proseslərə ciddi ziyan vururlar. Azərbaycan mətbuatında bu cür hallara rast gəlinib və arzuolunmaz hallar bu gün də müşahidə olunmaqdadır. Məsələn, 2008-ci ilin aprelində Tərtər istiqamətində baş verən hadisələr zamanı, 2014-cü ilin avqustunda bütün cəbhə boyu baş verən gərginliklərdə, 2016-cı ilin aprel döyüşlərində və son olaraq Tovuz təxribatında internet xəbər resursları çoxsaylı yanlışlıqlara yol verdilər. Hətta ermənilərin xeyrinə hesablanmış uydurma informasiyaları yayımlayan media qurumlarına da rast gəldik. Bəzi saytların müxtəlif qruplaşmaların marağından çıxış etməsi, ayrı-ayrı adamların hadisələrə subyektiv yanaşması, şəxsi təhlillərini ciddi arqument kimi təqdim etməsi, hadisələrin məntiqi ardıcıllığını bilərəkdən təhrif etmə və s. məqamları misal göstərmək olar.

Cəmiyyətdə hamı ancaq özünün eşitmək, oxumaq, görmək istədiyi xəbərləri izləməyə daha çox meyillidir. Amma müharibə aparan ölkənin mətbuatı nə qədər azad və sensurasız olsa da, savaş qanunlarına müvafiq olaraq müəyyən olunan media siyasəti ilə ayaqlaşmalıdır. 

Ekspertlərin fikrincə, burada iki istiqamətdə maarifləndirmə işi aparılmalıdır. Birinci istiqamət media savadlılığının, ikinci istiqamət isə informasiya savadlılığının artırılmasıdır. Media savadlılığı cəmiyyətə yönəlik maarifləndirmə prosesidir. Cəmiyyət bilməlidir ki, sosial media və professional media nədir. 

Məsələni “Şərq”ə dəyərləndirən “Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli deyib ki, son vaxtlar sosial şəbəkələr ənənəvi medianı xeyli dərəcə üstələyib. Onun sözlərinə görə, peşəkar xəbər istehsalı və təqdimatı məsələsində ənənəvi media üstündür:

“Lakin indi çeviklik və operativlik dövrüdür. Hər kəs informasiyanı daha tez və çılpaq, filterdən keçməmiş almaq istəyir. Bir zamanlar qəzetlər TV-lərə uduzurdu. Sonra TV-lər saytlara uduzdu. İndi saytlar da sosial şəbəkələrə məğlub olur. Sosial şəbəkələr böyük informasiya qaynağı, geniş imkanlar deməkdir. Bu platformanı məhdudlaşdırmaq çıxış yolu deyil. Obrazlı desək, evi bit basıbsa, biti təmizləmək lazımdır, evi yandırmaq yox. Sadəcə olaraq sosial şəbəkələrlə işləməyi, informasiya yaymağı bacaran könüllülər bu işə qoşulmalıdır. Hətta peşəkar kadrlar hazırlamaq da olar. Məsələn, “instagram”da, “facebook”da “Belə-belə işlər” səhifəsi var. Orada peşəkar qrup işləyir. Niyə başqa peşəkar səhifə komandaları da olmasın?”. 

E.Cəfərlinin fikrincə, dotasiya ilə elektron resursların inkişafı mümkün deyil:

“Ortada təcrübə var. Reklam bazarı azad olarsa, inanın, peşəkar saytlar, sosial şəbəkə səhifələri özləri irəli çıxacaq. Son hadisələr göstərdi ki, Azərbaycanda dövlətçiliyi düşünən, milli maraqları öndə tutan vətənpərvər gənclik yetişib. Onlara yol açmaq, şərait yaratmaq lazımdır. Əlbəttə, olaylar mənfi meyilləri də üzə çıxartdı. Xəbərə qeyri-peşəkar yanaşma, ekstremal vəziyyətlərə uyğun davranmamaq və s. hallar müşahidə olundu. Hesab edirəm ki, müharibə zamanı xəbər hazırlamaq, yaymaq mövzusunda jurnalistlər, blogerlər maarifləndirilməlidir. Onlara təlimlər keçilsə yaxşı olar”.

“Türküstan” qəzetinin və “Turkustan.info” saytının baş redaktoru Aqil Camal isə “Şərq”ə bildirib ki, ciddi media dediyimiz sferada son illərdə feyk-xəbərlərin yer alması böyük ölçüdə azalıb. Hətta, bəzən hansısa informasiya mənbəyində, yaxud, sosial-şəbəkədə yayılan doğru xəbərin belə rəsmi təsdiqi gözlənilir:

“Söhbət təbii ki, cəbhə xəbərlərindən gedir. Bu mənada ciddi mediada informasiya təhlükəsizliyi məsələsində hər hansı narahatlıq yoxdur. Ancaq bu gün informasiya texnologiyaları, sosial şəbəkələrdəki yayım imkanları ciddi və ya qeyri-ciddi medianın müqayisəsini arxa plana keçirib. Oxucu, fərqinə varmadan qarşısına çıxan “şok xəbər”lə tanış olmaqda maraqlıdır. Elə bu məsələdə yaşadığımız problemlər də məhz oxucunun seçimi məsələsindən qaynaqlanır. Müşahidə etsək, az-çox tanınmış saytlarda Tovuz hadisələri ilə bağlı doğru olmayan xəbərlərə rast gəlmək mümkün deyil. Hesab edirəm ki, həssas məqamlarda informasiya təhlükəsizliyindən danışırıqsa, burada əsas diqqət sosial şəbəkə istifadəçilərinə yönəlməlidir. Sosial şəbəkələrin Azərbaycan seqmentində təkcə azərbaycanlılar aktiv deyil. Başqa ölkələrin, o cümlədən, Ermənistanın maraqlarından çıxış edən istifadəçilər də az deyil. Onlar feyk-xəbərlərin yayılmasında əsas rolu oynayırlar”.

“Azxeber.com” saytının baş redaktor Hacıbəy Heydərli də qəzetimizə açıqlamasında vurğulayıb ki, Tovuz döyüşləri zamanı peşəkar media sözün əsl mənasında düşmənlə informasiya müharibəsi apardı. İctimaiyyətə doğru, düzgün məlumatlar verdi, informasiya mühitində olan təxribatların qarşısını aldı:

“Buna görə Azərbaycan mətbuatına təşəkkür düşür. Ancaq çox təəssüf ki, eyni sözləri sosial şəbəkələr və bəzi qeyri-peşəkar saytlar haqda deyə bilməyəcəm. Azərbaycanda bir çox sosial şəbəkə istifadəçiləri məlumatı xəbər saytlarından, informasiya agentliklərindən deyil, yalnız sosial şəbəkələrdən alırlar. Təsadüfi deyil ki, bu gün “instagram”da, “facebook”da 500 min, 1 milyonluq səhifələr var və onların bəzilərinin adminləri jurnalist deyil. Həmin şəxslər də həssas məqamlarda hansı xəbərləri vermək olar, hansıları yox, bunu bilmirlər. Bu səbəbdən düşmən bir çox hallarda onlara istinad edib, saxta məlumatlar yayır. Düşünürəm ki, həmin səhifə və saytlarla bağlı tədbirlər görülməlidir. Adminlər təlimlərə cəlb olunmalıdır, praktik dərslər keçirilməlidir. Bundan başqa cəmiyyət də özü üçün güvənilir xəbər mənbəyini müəyyənləşdirməlidir. Əgər belə olarsa, dezinformasiyaların qarşısı alına bilər. Ancaq bu məsələdə əsas məqam vətəndaşlıq mövqeyidir. Dövlətini sevən heç bir şəxs həssas məqamlarda yalan məlumatlar yaymamalıdır. Bu gün ictimai rəyə təsir edən blogerlər, influincerlər, məşhurlar var. Onlar paylaşımlarında diqqətli olmalı, qeyri-rəsmi məlumatlardan qaçmalıdır. Müharibə şəraitində yaşayan Azərbaycan üçün ilk və tək rəsmi mənbə Müdafiə Nazirliyidir”. 

“Sonxeber.az” saytının baş redaktoru Fəridə Ağazadə də bildirib ki, əslində, bu cür problemlər həmişə olub və bundan sonra da olacaq:

“Vacib olan dezinformasiyalarla necə mübarizə aparmaqdır. İnformasiya emalı prosesində düzgünlüyə, dəqiqliyə fikir verilmirsə, deməli o, “sarı mətbuat”dır.

Ona görə də peşəkar jurnalistlərdən, bu sahədəki mütəxəssislərdən daim məsləhətlər alınmalıdır. Xəbər yayımında dəqiqlik və operativlik ana xətdir. Xüsusən, hərbi əməliyyatlar zamanı bütün xəbər saytları sadəcə rəsmi qurumlardan gələn məlumatları ictimaiyyətə ötürməlidir. Təhlükəsizlik məsələsində reytinq arxasınca düşmək qəbuledilməzdir.

Ölkənin həssas dönəmində media olaraq üzərimizə düşəni layiqincə yerinə yetirməyə borcluyuq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu